close

Xarici işlər nazirlərinin Moskvada da görüşü gözlənilir

Azərbaycan-Ermənistan. Mənbə: rawf8/shutterstock

“Ermənistan və Azərbaycanın mütəmadi olaraq bir-birinə öz təkliflərini verərək ötürdükləri sənəd “Münasibətlərin tənzimlənməsi haqqında müqavilə” adlanır”

“Ermənistan Vaşinqtonda Azərbaycanla davam edən danışıqlardan maksimum nəticə gözləyir”.

Bunu mayın 2-də Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Arman Yeqoyan jurnalistlərlə keçirdiyi brifinqdə səsləndirib.

Danışıqlar Ermənistan-Azərbaycan münasibətlərinin bütün spektrini, bütün həll olunmamış məsələləri əhatə edir. Və təbii ki, bütün bu məsələlərdə razılığa gəlmək üçün hər şey ediləcək”, – deyə Yeqoyan vurğulayıb.

Deputat həmçinin bildirib ki, hakimiyyət hər şeyi edir ki, Bakı-Stepanakert (Xankəndi) dialoqu baş tutsun:

Yəni Stepanakert (Xankəndi) danışıqların predmeti olsun”.

A.Yeqoyan onu da əlavə edib ki, Ermənistan və Azərbaycanın mütəmadi olaraq bir-birinə öz təkliflərini verərək ötürdükləri sənəd “Münasibətlərin tənzimlənməsi haqqında müqavilə” adlanır. Ancaq deputat sənədin məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.

Deputat hər iki ölkənin nazirlərinin Moskvada da görüşəcəklərini bildirib:

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri, ilkin razılaşmaya əsasən, Moskvada da görüşməlidirlər. Görüşlə bağlı ilkin razılıq var”.

A.Yeqoyanın açıqlaması ilə bağlı rəsmi Bakıdan hansısa reaksiya verilməyib.

Mayın 1-də səhər saatlarında Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş olub.

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, iki ölkə arasında dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır.

“Bu həftə yeni binamız – Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqları aparırıq. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”, – deyə Blinken qeyd edib.

Laçın dəhlizində nə baş verib?

Aprelin 23-də Azərbaycan birtərəfli olaraq Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Dövlət Sərhəd Xidməti bildirib ki, məqsəd Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaqdır.

Aprelin 24-də Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı dərhal mövcud razılaşmalara qayıtmağa çağırıb:

Hədsiz narahatlıqla atəşkəs rejiminin pozulması hallarının artmasını qeyd edirik. Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq”.

Biz həmçinin xarici Qərb oyunçularını və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob elementləri Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, – deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

ABŞ və Fransa isə hadisədən narahatlıqlarını ifadə edərək bu addımın pisləyib, bunun sülh prosesinə mane ola biləcəyini ehtimal ediblər.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətXarici işlər nazirlərinin Moskvada da görüşü gözlənilir