close

Vergi daxilolmaları 23 faizdən çox artıb

Foto: Meydan TV

“Neftin bahalaşması və inflyasiya hesabına artan vergi iqtisadi uğur deyil”

Bu ilin ilk 8 ayında Azərbaycanda 12 milyard 80,4 milyon manat vergi verilib.

İqtisadiyyat Nazirliyi bildirir ki, vergi ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 milyard manat artıb, yəni  23,4 faiz.

Həmin vəsaitin 6 milyard 865,6 milyon manatı qeyri-neft sektorunun daxilolmalarıdır. Bu da ötən illə müqayisədə 20,5 faiz və ya 1 milyard 166,8 milyon manat artım deməkdir.

İqtisadçı Natiq Cəfərli isə düşünür ki, bu, sadəcə, ilk baxışdan yaxşı nəticə kimi görünür.

Onun fikrincə, bu dəfə də hökumət hər zaman olduğu kimi rəqəmlərin izahını verməyib.

Məsələn, vergi daxilolmalarının artmasının səbəbləri açıqlanmır:

Əvvəllər belə artım olanda Mikayıl Cabbarov və komandası səbəb kimi iqtisadiyyatın “ağardılmasını” göstərirdilər, indi artıq bunu demək olmur, yəni neçə il “ağartmaqla” məşğul olmaq olar ki?!”.

İqtisadçı rəqəmləri araşdırmağı, məsələyə mütləq rəqəmlərlə baxmağı təklif edir.

Onun sözlərinə görə, 2022-ci ilin ilk 8 ayında dövlət büdcəsinə 9 milyard 787 milyon 410,5 min manat, o cümlədən qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 698 milyon 769,6 min manat olub:

Bu il isə rəqəm 12 milyard 80,4 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 6 milyard 865,6 milyon olub. Rəqəmləri incələyək: 2022-də neft-qazdan vergi daxilolmaları 4,089 mlrd. manat olub, 2023-də isə neft-qazdan 5,215 mlrd. manat vergi yığılıb. Yəni 2023-də neft-qazdan daxilolmalar 1,116 mlrd. manat artıb – niyə artıb, çünki dünyada neftin qiyməti artıb, şirkətlərin gəlirləri yüksəlib, deməli, ödədikləri vergilər də çoxalıb. Yaxşı, bunun İqtisadiyyat Nazirliyinə nə aidiyyatı var, məgər  neft qiymətləri onlardan asılıdır?! Bu artım nazirliyin uğurlu işinə görə deyil, neftin qiymətinin artmasına görədir”.

Daha sonra Natiq Cəfərli qeyri-neft sektorunun rəqəmlərinə nəzər salır.

Deyir ki, ötən il qeyri-neft sektorundan 5,689 mlrd, 2023-də 6,865 mlrd. manat vergi daxil olub, 1,176 mlrd. manat artım var.

Onun fikrincə, bu, ilk baxışdan pis deyil, amma səbəbinə baxmaq lazımdır:

“Səbəb inflyasiyadır. Bəli, qiymət artımı, ciddi inflyasiya var, qiymətlər artır, deməli, mütləq ifadədə dövriyyələr də yüksəlir, dövriyyədən, mənfəətdən, ƏDV-dən gələn vergi daxilolmaları da artır. Ölkədə rəsmi rəqəmlərə görə 12 faiz inflyasiya var, ərzaq inflyasiyası 14 faizə yaxındır, yəni məhz bu faktor mütləq rəqəmlərdə daxilolmaların artmasına səbəb olub. Sözün qısası, bir ölkədə 24 faizə yaxın vergi daxilolmları artımı orqanik, təbii və iqtisadi qanunlara görə olsaydı, iqtisadi aktivlik “partlayışı” yaşayardıq, iş yerləri çoxalar, yeni istehsal-xidmət sahələri yaranar, məhsul bolluğu görərdik”.

Natiq Cəfərli
Foto: Meydan.TV

İqtisadçının fikrincə, neftin qiymətinin artması və qiymətlərin yüksəlməsi hesabına vergidaxilolmaların çoxalması iqtisadi uğur deyil:

“Əslində indiki dövrdə vergi-rüsumlarda daxilolmaların iqtisadi aktivlik yüksəlmədən artması, yalnız əhaliyə əlavə yük gətirir, heç bir iş adamı vergi-rüsum xərcini cibindən ödəmir, satdığı mal-xidmətin qiymətinin üzərinə gəlib, vətəndaşın cibindən çıxarır”.

Azərbaycanda vergi daxilolmaları ilə bağlı açıqlanan məlumatlardan aydın olur ki, vergilər ilbəil öncəki ilə nisbətən artır.

Son 3 ilə baxaq: məsələn, rəsmi məlumatda bildirilir ki, 2022-ci ildə vergi daxilolmaları 15 milyard manatı ötüb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 8 milyard manata çatıb. Bu, əvvəlki illə müqayisədə əhəmiyyətli artımdır.

Bundan əlavə, 2021-ci ilin 11 ayında 7 milyard 961.8 milyon manat vergi verilib.

Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15.7 faiz və ya təqribən 1.1 milyard manat artımdır.

Ana səhifəİqtisadiyyatVergi daxilolmaları 23 faizdən çox artıb