close

Xaçaturyan Meşəli qətliamına görə üzr istəyir, amma həmin hadisələrdə iştirakı olmadığını deyir

Vaqif Xaçaturyan. Foto: Meydan TV

“Novruzun bütün ailəsini qırdılar. Qarabağ hadisələrində ən birinci ağır itkilər Meşəlidə oldu…”

1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qətliamda ittiham olunan Vaqif Xaçaturyanın Bakıda məhkəməsi davam edir. Onun haqqındakı cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimləri – Camal Ramazanovla Rafiq Abbasov araşdırır. Məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Məhkəmə prosesində zərərçəkmişlərin dindirilməsi mərhələsidir. Xaçaturyana qarşı cinayət işi üzrə 59 zərərçəkmiş var. Onlardan 58-i fiziki şəxslər, biri isə Xocalı Rayon İcra Hakimiyyətidir. Son 3 məhkəmə iclasıdır ki, zərərçəkmişlər dindirilir. Oktyabrın 24-də keçirilən məhkəmə iclasında da zərərçəkənlər ifadə verib.

Meşəli kəndində məktəb direktoru olmuş Alış Alışov deyir ki, kənddə səhər saatlarında güllə səsləri eşidib. Elə atışma olanda da kənddə Xaçaturyanı görüb: “Sadayın evinin yanında toplaşmışdılar. Hətta özündən başqa, qardaşı da orada idi”.

Vaqif Xaçaturyan isə zərərçəkmişin dediklərini təkzib edib, orada olmadığını deyib:
“Ay qaydaş, mən orada olmamışam axı…”.

Zərərçəkmiş isə onun yalan danışdığını, hətta bir evdən 5 nəfəri qətlə yetirdiklərini bildirib.

Onun sözlərinə görə, həmin gün Meşəliyə silahlı hücum edənlər “Alazan”la məktəbi vurublar, Şuşadan gələn ərzaq maşınını güllələyiblər, hər tərəfdən yolları bağlayıblar. Kənd sakinlərindən 25 nəfər qətlə yetirilib:

“Novruzun bütün ailəsini qırdılar. Qarabağ hadisələrində ən birinci ağır itkilər Meşəlidə oldu. Kəndin 380 nəfər sakini vardı. Amma üstümüzə 1000-dən çox erməni gəlmişdi”.

Zərərçəkmiş Teymur Salmanov ifadəsində bildirib ki, Meşəlidə qətliam baş verəndə 14 yaşı vardı. O da həmin vaxt yaralanıb. Ayağından güllələndiyini deyən zərərçəkmiş hələ də hərəkət etməkdə çətinlik çəkdiyini vurğulayıb. O, ayağındakı problemi də məhkəmədə göstərib.

“Mən baş verənlərə görə bütün Azərbaycan xalqından üzr istəyirəm. Amma mən Meşəlidə o hadisələr baş verəndə orada olmamışam”, – deyə Xaçaturyan bildirib.

Daha bir zərərçəkmiş Çərkəz Mehrəliyev deyir ki, təqsirləndirilən Vaqif Xaçaturyanla yanaşı, qardaşını yaxından tanıyırdı. Onun sözlərinə görə, kəndə hücum edənlər qarşılarına çıxanı öldürürdülər. Bu zərərçəkmiş bildirib ki, həmin hadisədən əvvəl Meşəli sakinləri ilə Badara kəndində yaşayan ermənilər arasında dəfələrlə mübahisələr olmuşdu:

“Ermənilər Meşəli sakinlərindən – bizdən kəndi tərk etməyi tələb edirdi. Deyirdilər ki, bu kənd onlarındı. Yolumuzu kəsirdilər. İndi bu (Xaçaturyanı nəzərdə tutur-red.) deyir ki, həmin hadisədə orada olmayıb. Mümkün deyil. Bütün Badara kəndi orada idi. Mümkün deyil ki, bu, orada olmasın”.

O əlavə edib ki, qətliam vaxtı anası, bacısı və qızı yaralanıb.

Meşəli qətliamında 10 yaşı olmuş Qərib Cəbiyev ifadəsində bildirib ki, çaydan keçəndə ayaqları donmuşdu, 3 ay Laçında müalicə olunub:

“O hadisələrdə anam da yaralanmışdı. Atam baş verənləri yada salanda Vaqifin, qardaşı Qurgenin də adını çəkirdi”.

Zərərçəkmiş Camal Allahverdiyev deyir ki, ailəsindən bir neçə nəfəri itirib – qardaşı Allahverdi Allahverdiyevi öldürüb, meyitini yandırıblar, qardaşı qızı qaçanda çaya düşüb, donub ölüb. Özü və Əntiqə adlı bacısı isə yaralanıb.

Onun sözlərinə görə, bu hadisələrin əsas iştirakçıları kimi, Vaqif Xaçaturyanla yanaşı, Ernest və Armayisin də adı çəkilirdi.

Vaqif Xaçaturyan isə məhkəmə iclası boyunca bir neçə dəfə zərərçəkmişlərə bildirib ki, Meşəli hadisələrində heç bir rolu olmayıb. Onun sözlərinə görə, Meşəlidəki qətliamdan da sonradan xəbər tutub:

“Qurban olum, mən Meşəliyə hücum etməmişəm. Mən həmin vaxtı xəstə olmuşam. Evdə 6 və 8 yaşlı qızlarımın, ailəmin yanında olmuşam. Mənim qardaşım Meşəlini tanıyırdı. Qardaşım Meşəlidə İbrahim kişi ilə dostluq edirdi. Mən yazıq adam olmuşam. Mənim əlimdə silah olmayıb. Heç vaxt heç bir silahlı hücumda iştirak eləməmişəm. Ümumiyyətlə, Meşəli hadisələri barədə Badara kəndindəkilər bilməyib. Bizə sonradan dedilər ki, Meşəlidə ermənilər adamları öldürüb. Ay qardaşlar, xahiş edirəm, inanın, mən orda olmamışam. Mənim xəbərim yoxdur”.

Təqsirləndirilən şəxs əlavə edib ki, 1991-ci ildə 30 gün Şuşa həbsxanasında saxlanılıb.
Vaqif Xaçaturyanın məhkəməsi oktyabrın 25-də davam edəcək.

1953-cü il təvəllüdlü Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Vaqif Xaçaturyan hələ 2013-cü ilin noyabrından Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışa verilmişdi.

Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Ana səhifəSiyasətXaçaturyan Meşəli qətliamına görə üzr istəyir, amma həmin hadisələrdə iştirakı olmadığını deyir