close

İranlı rejissorun bağban tərəfindən öldürüldüyü iddia edilir

Dariyuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Məhəmmədifər. Foto: “cbsnew”

Hakim deyib ki, qətlə səbəb maliyyə mübahisəsi ola bilər

İranlı kinorejissor Dariyuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Məhəmmədifərin qətlini törədənin kimliyinin bəlli olduğu deyilir.

Məlumata görə, Əlborz vilayətinin baş hakimi Hüseyn Fazeli həmin şəxsin daha öncə Dariyuş Mehrcuyinin evində bağban işlədiyini deyib.

Hakim iddia edib ki, qətlə səbəb maliyyə mübahisəsi ola bilər.

İranın hüquq-mühafizə orqanları istintaqın davam etdirildiyini və bu işdə bir neçə şübhəlinin həbs olunduğunu bildirib.

Xarici mətbuatın yazdığına görə, saxlanılan 10 nəfərdən 4-ü qətl hadisəsində birbaşa iştirak edib.

Oktyabrın 15-də kinorejissor Dariyuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Məhəmmədifər Kərəc şəhərinin yaxınlığında yerləşən Meşkinabad qəsəbəsindəki evlərində çoxsaylı bıçaq zərbələri ilə öldürülüblər.

Hadisədən bir gün əvvəl, oktyabrın 13-ü gecə rejissorun həyat yoldaşının pəncərələrinin altında əlibıcaqlı naməlum şəxsin olduğu barədə sosial media hesabında paylaşım etdiyi deyilir.

O, naməlum şəxsin onları ölümlə hədələdiyini, polisə zəng edəcəkləri barədə xəbərdarlığa əhəmiyyət vermədiyini yazıb.

Daryuş Mehrcuyi bir müddət əvvəl hökumətə açıq məktub yazaraq, kino sahəsinə qoyulan senzuraya etirazını ifadə etmişdi.

O, hökumətə və İranın Mədəniyyət və İslami İrşad Nazirliyinə ünvanladığı açıq məktubunda senzuraya etiraz məqsədilə nazirliyin qarşısında oturaq aksiya keçirəcəyini bildirib.

“İrşad Nazirliyi, hörmətli nazir. Məni dinləyin, artıq bacarmıram. Savaşmaq istəyirəm. Gəlin, məni vurub öldürün. Bu, mənim sinəm, öldürün, ancaq haqqı alacağam”, – Mehrcuyi açıq məktubunda yazmışdı.

Dariyuş Mehrcuyi kinorejissor, ssenarist, kinoprodüser, redaktor, İran İncəsənət Akademiyasının akademiki olub.

Kaliforniya Universitetinin teatr fakültəsində təhsil alıb.

Tehran Universitetində jurnalist, xarici dillər və kino müəllimi işləyib.

O, Berlin Film Festivalında “Poçttal” filminə görə Beynəlxalq Yevangelist Münsiflər Heyəti Mükafatını və “İnək” filminə görə Beynəlxalq Katolik Film Mükafatını qazanıb.

Ana səhifəMədəniyyətİranlı rejissorun bağban tərəfindən öldürüldüyü iddia edilir