close

Xaçmazda: “Sahələrimizi qanunsuz qazırlar, əkinlərimiz suyun altında qalır”

Foto Meydan TV

İki kəndin sakinləri arxla bağlı problem yaşayır

Xaçmazın Qədmalıqışlaq kəndinın 30-a yaxın sakini kənd ərazisindəki pay torpaqlarından keçən arxın əkin sahələrinə zərər verməsindən gileylənir. Sakinlərin iddiasına görə, təqribən 15 il əvvəl Çaqacuq çayının suyunu Aşağı Zeyid kəndindəki əkin sahələrinə vermək üçün onların torpaqlarından arx çəkilib. Ancaq ötən illər ərzində sakinlər bunun zərərini çəkdikləri üçün bir ildir ki, arxı ləğv etməyə çalışırlar. Nəticədə Aşağı Zeyid kəndinin sakinlərilə üz-üzə qalıblar.

“İllərdir ki, məhsul götürə bilmirik”

Məsələn, Dürdanə Heybətova iddia edir ki, arxın suyu ona məxsus torpaqlara daşanda əkdiyi ağaclar zərər çəkib, quruyub. Ona görə də bir neçə ildir ki, məhsul götürə bilmir:

“Torpaq sahələrimiz lilin içindədir, ağaclarımız quruyur, səsimizə səs verən yoxdur. Biz arxı torpaqla doldururuq, onlar (Aşağı Zeyid kəndinin sakinləri) üstümüzə polislə, kəndin icra nümayəndəsi ilə gəlir, bizi torpaq sahələrimizdən kənarlaşdırırlar, arxı açırlar, dolur, daşır, yenə sahələrimizi su basır, məhsulumuz zay olur. İllərdir ki, bu zülmü çəkirik”.

Elmira Heybətova isə deyir, ona və ailəsinə məxsus pay torpağının azı 60-70 sotu suyun altında qalıb:

“Bəhərli ağaclarımız quruyub. Su arxa güclü gələndə ətrafa daşır, torpağımın 60-70 sotu lilin altında qalıb. İcra hakimiyyətinə gedirik, deyirlər, öz aranızda həll edin. Bu tərəfdən də qonşu kəndin adamları arxı açdırmağa kənd icra nümayəndəsilə gəlir. Bir sözlə, icra hakimiyyəti “dovşana qaç, tazıya tut” deyir. Sahə o qədər lillənib ki, o gün yıxılmışam, ayaqlarımı əzmişəm”.

“27 ailənin sahəsi zərər çəkir”

Ərazidə pay torpağı olanlardan biri də Rəşad Heybətovdur. Onun sözlərinə görə, arx 27 ailənin qanuni istifadəsində olan pay torpaqlarının ümumilikdə təqribən 250 metrliyindən keçir. Arxın qazılmasına vaxtilə özləri icazə veriblər:

Həmin kəndin 4-5 sakininin əkin sahəsinə gedir o su… Yəni 4-5 nəfərin əkin sahəsinə görə 27 ailənin əkin sahəsi zərər çəkir. 10-15 il əvvəl gəlib xahiş elədilər ki, kəndimizdəki Çaqacuq çayından sahələrinə su götürmələri üçün sahələrimizdən arx çəkmələrinə icazə verək. Böyüklərimiz icazə verdi. Arxı çəkdilər, sonralar problemlər yaranmağa başladı. Hər dəfə çayın suyu artdıqca arx da daşır, əkin sahələrimizi su basır, hər il əkin işindən zərərlə çıxırıq. Gedib adamlara başa saldıq ki, siz məhsul götürəsiz deyə, biz məhsulsuz qalırıq, torpaqlarımız da lillənir, korlanır. Sizin alternativ yollarınız var, öz kəndinizdən də çəkə, o arxı qazıb su götürə bilərsiz. Sözdən anlamadılar. Biz də arxı qurudub torpaqladıq. Hər dəfə polisi, icra hakimiyyətini tökürlər sahəyə, ekskavatorla torpağı qazıb, arxı açırlar. Həm pomidor sahələrimiz, gilas, şaftalı, alma, fındıq bağlarımız suyun içində qalır, məhsulumuz zay olur, həm də polislə, həbslə hədələnirik”.

Xaçmaz Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, 3 gün əvvəl qurum rəhbərliyi sakinləri qəbul edərək dinləyib. Onlara bildirilib ki, şəxsi torpaqlarında qanunsuz arx qazılıbsa, məhkəməyə müraciət edə bilərlər. Bu məsələlərə müdaxilə etmək icra hakimiyyətinin səlahiyyətinə daxil deyil.

Sakinlər də icra hakimiyyətində olduqlarını bildirirlər. Demələrinə görə, onları iyulun 22-də şöbə müdiri Bəxtiyar Osmanov qəbul edib.

“Dedi ki, bu, sizin şəxsi torpaqlarınızdır. Əgər sizə verilən torpaq aktında o arx yoxdursa, icazə verməmək hüququnuz var. İş orasındadır ki, bunu da icra hakimiyyətinin vəzifəli şəxsi deyir, elə gəlib arxı təzədən qazdıran adamlara dəstək verən də eyni qurumun başqa vəzifəli şəxsidir”.

Hüquqşünas Namizəd Səfərov deyir, söhbət pay torpaqlarından gedirsə, bu torpaqlar vətəndaşların mülkiyyətinə verildiyi üçün şəxsi torpaqlar hesab olunur. Digərlərinin bu torpaqların üzərindən arx, yol çəkməsi, ferma yaratması və sair əməllər qanuna ziddir:

Əslində, polis müdaxilə etməlidir, arx qazılmasının qarşısını almalıdır. Vətəndaşların deməsindən belə anlaşılır ki, polis əksinə, qarşı tərəfin maraqlarını dəstəkləyir. Vətəndaş polisin hərəkətlərindən aidiyyəti üzrə yuxarı orqana, arx çəkmək istəyənlərin hərəkətlərindən məhkəməyə müraciət etməlidir”.

Ana səhifəBölgəXaçmazda: “Sahələrimizi qanunsuz qazırlar, əkinlərimiz suyun altında qalır”