close

Xəzər Hərbi Tədqiqatlar İnstitutu: “2023-cü ildə azı 258 hərbi qulluqçu həlak olub”

Source: Meydan TV

Ölüm hadisələrinin əksəriyyətinin lokal hərbi əməliyyatlar zamanı baş verdiyi qeyd olunur

2023-cü ilin 11 ayı ərzində Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun ən azı 258 hərbi qulluqçusunu itirdiyi bildirilir.

Bu, Xəzər Hərbi Tədqiqatlar İnstitutunun monitorinqinin nəticələrində öz əksini tapıb.

Bildirilir ki, 212 nəfər döyüşlər (Ermənistan silahlı qüvvələrinin açdığı atəş və ya mina partlayışı nəticəsində) zamanı həlak olanlardır.

46 nəfəri isə qeyri-döyüş itkiləridir.

Ümumilikdə – 2023-ci ildə 208 nəfər erməni gülləsindən, 4 nəfər mina partlayışından, 8 nəfər yol-nəqliyyat hadisələrindən və ya müxtəlif avtoqəzalardan, 9 nəfər müxtəlif xəstəliklərdən, 2 nəfər qeyri-nizamnamə hadisələrindən, 2 nəfər silahlı basqından, 1 nəfər ehtiyatsızlıqdan, 4 nəfər isə bədbəxt hadisədən həyatını itirib.

Məlumatda qeyd edilir ki, 2023-cü ildə ümumilikdə 20 hərbi qulluqçu intihar edib.

Həyatlarını itirənlərin 126 nəfəri Müdafiə Nazirliyinin, 9 nəfəri Dövlət Sərhəd Xidmətinin, 3 nəfəri Fövqəladə Hallar Nazirliyinin, 17 nəfəri Daxili Qoşunların, 1 nəfər Strateji Obyektlərin Mühafizə İdarəsinin (SOM), 1 nəfər Ədliyyə Nazirliyinin, 1 nəfərsə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) hərbiləşdirilmiş mühafizə idarəsinin əməkdaşları olub.

Vəfat edənlərin 132 nəfəri əsgər, 50 nəfəri zabit, 44 nəfəri müddətdən artıq hərbi xidmət qulluqçuları, 26 nəfəri gizir, 3 nəfəri isə kursant rütbəsində olub.

Digər 3 nəfərin rütbəsini müəyyənləşdirmək mümkün olmayıb.

Məlumatlara görə, ölüm hadisələrinin əksəriyyəti lokal hərbi əməliyyatlar zamanı baş verib. Ümumilikdə, araşdırmalar göstərir ki, hadisələrin əksəriyyəti Qarabağ zonasında baş verib.

Eyni zamanda, bir sıra ölüm hadisələri Azərbaycan-Ermənistan dövlət sərhədində (Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində, o cümlədən Naxçıvanın sərhəd ərazilərində) baş verib.

2023-cü ildə ümumilikdə ən azı 536 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb.

2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Müdafiə Nazirliyi və  adıçəkilən digər qurumlar Xəzər Hərbi Tədqiqatlar İnstitutunun hesabatına hələ ki münasibət bildirməyiblər.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Ana səhifəSosialXəzər Hərbi Tədqiqatlar İnstitutu: “2023-cü ildə azı 258 hərbi qulluqçu həlak olub”