close

Yaxınları Əlizamin Salayevin komaya düşdüyünü deyir

Zamin Salayev, Mənbə: Rüfət Səfərov

Həkimlərin müdaxiləsindən sonra ayılıb”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının sədri, 80 gündür həbsdə aclıq etdiyi bildirilən Zamin (Əlizamin) Salayevin vəziyyətinin kəskin pisləşdiyi haqda məlumat yayılıb. Yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, hətta aprelin 26-da axşam saatlarında Əlizamin Salayevin komaya düşməsi haqda məlumat alıblar.

“Bizə çatan məlumata görə, komaya düşüb. Həkimlərin müdaxiləsindən sonra ayılıb”, – yaxınları bildirib.

Penitensiar Xidmətdən deyilənlərlə bağlı heç bir fikir öyrənmək mümkün olmayıb.

Bakı İstintaq Təcridxanasındakı mənbə isə bildirib ki, Əlizamin Salayev komaya düşməsə də, durumu pisləşib:

“Ona dərhal lazım olan tibbi yardım göstərilib”.

Qaradağ Rayon Məhkəməsindən isə Meydan TV-yə bildirilib ki, yaxın günlərdə Əlizamin Salayevin məhkəməsi başlayır. Onun işinə baxmaq bu məhkəmənin hakimi Rufan Mürsəlova həvalə olunub:

Məhkəmənin hazırlıq iclası mayın 2-nə təyin edilib”.

Əlizamin Salayevin vəkili Nemət Kərimli üç aya yaxındır davam edən aclığın onun səhhətində kəskin problemlər yaratdığını deyir. Vəkilin sözlərinə görə, AXCP fəalı başqalarının köməyilə hərəkət edir, yuxusuzluqdan əziyyət çəkir. Buna baxmayaraq, aclığı davam etdirməkdə israrlıdır.

Onun durumuna görə çox narahatam…”, – vəkili belə deyir.

Fevralın 8-də Əlizamin Salayev haqqında həbs qərarı verilib. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib.

Lakin Əlizamin Salayev deyir ki, bu ittiham yalandır. Onun sözlərinə görə, fevralın 7-də axşam saatlarında “Lökbatan dairəsi” adlanan ərazidə yaşadığı Salyan rayonuna qayıtmaq üçün yol kənarında maşın gözləyərkən tanımadığı bir nəfərin söyüş söyə-söyə ona tərəf gəldiyini görüb. Həmin şəxs qəfildən əlini cibinə salıb bıçaq çıxarıb. Bu zaman baş verənlərin təxribat olduğunu anlayıb və onu itələyib uzaqlaşmaq istəyəndə ətrafdan xeyli adam çıxıb:

Başa düşdüm ki, məni həbs eləmək üçün plan qurublar”.

AXCP-nin fəal üzvlərindən olan Əlizamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə o, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Əlizamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Əlizamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə bir neçə illik həbslə cəzalandırılıb. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə özü haqqında deyilənləri təkzib edib.

Əlizamin Salayev ötən yay Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Ana səhifəSiyasətYaxınları Əlizamin Salayevin komaya düşdüyünü deyir