close

Bakıda məktəbli müəllim və şagirdlər tərəfindən “bullinq”ə məruz qaldığını deyir

Mənbə: Məktəbin “Facebook” səhifəsi

“Coğrafiya müəllimi məni sinif yoldaşlarımın yanında alçaldır”

Bakının 225 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi Azər Heybətov (ad-soyad-şərtidir) təhsil aldığı müəssisədə “bullinq”ə (bir və ya bir qrup uşağın başqa bir uşağa qarşı bilərəkdən dəfələrlə nümayiş etdirdiyi qərəzli və aqressiv davranış forması-red.) məruz qaldığını iddia edir.

Şagird Meydan TV-yə bildirib ki, daimi olaraq məktəbin müəllim heyəti və məktəblilər tərəfindən ayrı-seçkilik görür.

O iddia edib ki, gender və cinsi oriyentasiyası haqqında heç kimə bəyan etməsə də, qızlarla dostluq etməsi, saçını ortadan ayırması və söyüş söyməməsi məktəb heyəti və məktəblilərdə ona qarşı qıcıq yaradıb:

Məktəbdə 2021-ci ildən oxuyuram. Gəldiyim gündən coğrafiya müəllimi Sevda İsmayılova və digər müəllimlər mənə lağ edirlər. Sevda müəllim davamlı olaraq sinifdə “niyə qız kimisən?”, “bir az ciddi – kişi kimi ol”, “qızbibi” və sair kimi ifadələr işlədərək məni sinif yoldaşlarımın yanında alçaldır. Bu da məktəbin digər şagirdlərini üzərimə qaldırır. Onlar şəxsi həyatımı müzakirə edirlər. Məndən bir sinif yuxarı oxuyan başqa bir şagird isə davamlı olaraq məni döyür və təhqir edir”.

Qızlarla dostluq etdiyim üçün məni ələ salırlar. Müəllimlər şəxsi həyatımla bağlı məni sorğu-suala tuturlar. Başqa sinifdən olan uşaqlar məni döyməyə gəlirlər. Saçlarımın azacıq uzun olmasına belə qarışırlar. Müəllimlər soruşurlar ki, niyə qızlarla dostluq edirsən? Bir az ciddi ol, kişi kimi ol. Sən də söy, sən də vur, dağıt. Bunlar davamlı olaraq hər həftə müxtəlif müəllimlər tərəfindən, ən çox da coğrafiya müəllimi Sevda İsmayılova tərəfindən deyilir”, – deyə o bildirib.

Şagir deyir ki, 2023-cü il aprelin 10-da coğrafiya müəllimi növbəti dəfə digər şagirdlərin qarşısında alçaldıcı ifadələr işlədib:

“Summativ yazdığım yerdə Sevda müəllim mənə dedi ki, bu, nə saçdır? Özünü getdikcə arvada oxşadırsan. Sənə evdə valideynlərin heç nə demir? Evdən gələndə sənə baxmırlar? Məni alçaltmağa başladı. Mən ona deyəndə ki, özüm bilərəm, öz həyatımdır, üstümə qışqırdı. Sonra mənə sinifdəki oğlanları nümunə göstərdi ki, onlar kimi ol. O, belə deyəndə sinifdəki oğlanlardan biri mənə qayıtdı ki, İslam dininə görə sən lənətlənmiş hesab olunursan. Öldürülməlisən. Bu, mənə qarşı nifrət nitqi deyilmi? Artıq ilyarımdır ki, təzyiq və təhqirlərə məruz qalıram”.

Saçım heç də uzun deyil. Uzunluğu qulağımın üstündəndir və ortadan ayırıram. Müəllimlər mənə digər şagirdlərin yanında “qızbibi” deyirlər. Sinif yoldaşlarımı da artıq qınamıram. Çünki onlara bu şərait yaradılır. Məni söyürlər, lağlağı obyektinə çevirirlər, nifrət nitqləri səsləndirirlər”, – şagird belə qeyd edib.

Şagird iddia edir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, məktəb psixoloqu onunla və ona təzyiq edən şagirdlə heç bir danışıqlar aparmayıb:

“Psixoloq sinif yoldaşlarımı üzərimə qaldırır. Təklənmişəm, rəhbərlik, müəllimlər tərəfindən alçaldıldım. Uşaqların yanında cinsi orinetasiyamla bağlı suallar verib, məni hamının qarşısında utandırmağa çalışırlar. Şikayətimlə əlaqədar məktəbə gələn qurumlara, jurnalistlərə hər şeyin yaxşı olduğunu deyirlər”.

Məktəbin direktoru Sevda Eminova Meydan TV-yə bildirib ki, şagirdin şikayəti əsasında növbədənkənar pedaqoji şura çağırılıb və coğrafiya müəllimi Sevda İsmayılovaya xəbərdarlıq edilərək töhmət verilib:

Bununla bağlı hüquqi tədbirlər görülüb. Nazirlik nümayəndələri, hüquq mühafizə orqanları dəfələrlə məktəbdə olub. Məktəb rəhbərliyi tərəfindən hər iki şagird və valideynləri ilə müvafiq söhbət aparılıb, sinif rəhbərlərinə diqqətli olmaq tapşırılıb. Məktəb psixoloqu tərəfindən də şagirdlərlə söhbət aparılıb. Müəllimin şagirdlə danışığına dair qeyd edilənlərlə bağlı müəllimdən izahat alınıb. İclasda qərar verildi ki, müəllimə xəbərdarlıq və töhmət verilməlidir. Belə qalası deyildi. Müəllimə şagirdə qarşı münasibətdə həssas davranmaq tövsiyə edilib”.

Elm və təhsil naziri Emin Əmrullayev 2021-ci ildə bildirmişdi ki, məktəbdaxili qısnama halları ilə mübarizə mexanizmi hazırlanır.

Yeni mexanizm yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcək.

Ana səhifəSosialBakıda məktəbli müəllim və şagirdlər tərəfindən “bullinq”ə məruz qaldığını deyir