close

Yerevanda analitiklər Paşinyanın KTMT-dən çıxması ilə bağlı bəyanatına şübhə ilə yanaşıblar

Nikol Paşinyan. Foto: Meydan TV

Siyasi şərhçilər bəyanatların deyil, real addımların vacibliyindən danışırlar

“Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı bəyanatı real planlardan daha çox siyasi manipulyasiyalara oxşayır, belə ki bu istiqamətdə praktiki addımlar yoxdur”
,- politoloqlar Andrias Qukasyan və Qurgen Simonyan qeyd edib.

“KTMT-dən çıxmaq Yerevanın Qərblə münasibətlərini yaxşılaşdırmayacaq”, – siyasi şərhçi Akop Badalyan belə hesab edir.

“Kavkazski uzel”in verdiyi məlumata görə, Baş nazir Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması barədə iyunun 12-si bəyanat verib. Bununla yanaşı, o, bunun konkret nə vaxt baş verəcəyini söyləməyib.

Nikol Paşinyan fevralın 22-də Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” bəyan edib. KTMT öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Yerevan təşkilatda üzvlüyünü hüquqi olaraq donduracaq, hələliksə söhbət tədbirlərdə iştirakın imtinasından və Ermənistanın təşkilatda daimi nümayəndəsinin olmayacağından gedir, o, fevralın 28-də izah edib.

“Paşinyan KTMT-dən çıxmaq niyyətində olduğunu bəyan edib, amma bununla bağlı strategiyasını təqdim etməyib”,- politoloq Andrias Qukasyan qeyd edib.

Onun dediyinə görə, Paşinyan ilk dəfə belə bir bəyanat verib. Lakin onun bəyanatından sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış edib və Baş nazirin sözlərini yumşaltmağa çalışıb.

“İndi Rusiya hakimiyyətinin reaksiyasını gözləmək lazımdır”, – Qukasyan “Kavkazski uzel”in müxbirinə deyib.

“Nikol Paşinyan qeyri-müəyyənliyə davam edir. Ümumilikdə bütün məsələlər üzrə manipulyasiya aparmaq onun tərzidir, bir də ki o, bir siyasətçi kimi, həm ölkə daxilində, həm də ölkə xaricində son dərəcə qeyri-ciddi adam kimi qəbul olunur”, – Qukasyan qeyd edib.

Dövlət aydın, dəqiq və hər kəs üçün anlaşılan siyasətə malik olmalıdır. Əgər hərbi-siyasi hesablamalar Ermənistanın KTMT-yə üzvlüyünün əlverişli olmadığını göstərirsə, erməni ictimaiyyətinə alternativ təqdim olunmalıdır. Bu alternativ Ermənistanın beynəlxalq bitərəfliyidir: O, heç bir hərbi ittifaqa daxil olmur və başqa ölkələrin hərbi bazalarının onun ərazisində yerləşdirilməsinə imkan vermir.

“Bu gün hələ ki, aydın siyasət yürüdülmür”, – politoloq qeyd edib.

O əlavə edib ki, Paşinyanın bəyanatı Qərb üçün də gözlənilməz olub, elə bu səbəbdən də Qərbin reaksiyasını qabaqcadan bilmək müşküldür.

‘Əsas olan bəyanat deyil, real hərəkətdir”,-  politoloq Qurgen Simonyan hesab edir.

Onun fikrincə, Paşinyanın bəyanatı yeni deyil, amma o əvvəlkilərlə müqayisədə daha konkretdir. Bundan əvvəl “Ermənistanın KTMT-dən deyil, KTMT-nin Ermənistandan çıxdığı deyilirdi”, “Ermənistan KTMT ilə əməkdaşlığını dondurur”, “Biz iştirak etmirik, amma KTMT-dən də çıxmamışıq” və s. analitik qeyd edib.

“Paşinyan bəyanatında hansısa müəyyənliyə yer versə də, KTMT-dən çıxmaqda qeyri-müəyyən müddətə əsaslanıb. Sabah KTMT-dən bu il çıxacağını, gələn il çıxacağını və s. bəyan edə bilər. Amma erməni xalqı artıq bu cür bəyanatlara inanmır, o, konkret addımlar görmək istəyir. Bu gün demək olmaz ki, Paşinyan bəyanat verib, deməli, elə də olacaq”, – Simonyan “Kavkazski uzel”in müxbirinə deyib.

O əlavə edib ki, əgər Ermənistan hakimiyyəti KTMT-dən çıxmağı qərara alıbsa, onda indi çıxmaq lazımdır, çünki daha uyğun məqam olmaya bilər. Politoloq həmçinin diqqəti ona yönəldib ki, Paşinyan Ermənistanla ABŞ arasında strateji dialoqun səviyyəsinin yüksəlməsi fonunda KTMT-dən çıxmaqla bağlı bəyanat verib.

“Bu gün biz ABŞ-a düşmən düşərgədəyik və Yerevan Birləşmiş Ştatlarla strateji münasibətlərini sistemləşdirmək üçün, – bu isə Ermənistan üçün son dərəcə vacibdir, – müəyyənləşməlidir. Amma bu, bəyanat şəklində olmamalıdır. Hökumət Ermənistanın KTMT-yə üzvlüyünün bitməsi ilə bağlı layihə göndərməli, Milli Məclis isə növbədənkənar iclas çağırmalı və həmin iclasda layihəni təqdir etməli, sonra Prezidentə, daha sonra Konstitusiya Məhkəməsinə təsdiqə göndərməlidir”, – Simonyan qeyd edib.

Analitik etiraf edib ki, KTMT-dən çıxmaq barədə bəyanatın özü belə Rusiya tərəfdən böyük təzyiqə səbəb olacaq. O eyni zamanda qeyd edib ki, xalq başa düşməlidir, Rusiyanın siyasəti, o cümlədən Yerevana təzyiq Ermənistanın hərəkətləri ilə deyil, konkret olaraq Kremlin strategiyası ilə müəyyən edilir.

“Bu təcavüz artıq 2020-ci il müharibəsində baş verib və o, günü bu gün də davam edir. Amma bu təcavüz öz məqsədinə çatmır. Rusiya nə edə bilər? Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxara və Larsı bağlaya bilər? Qoy etsin. Yeri gəlmişkən, Larsın bağlanması Rusiyanın özü üçün o qədər də əlverişli deyil, çünki bu, onu xarici dünya ilə əlaqələndirən balaca bir pəncərədir və o, bu pəncərə vasitəsilə zəruri malların kiçik də olsa bir hissəsini ala bilir, dünya da bunun fərqindədir, sadəcə onları tamamilə təcrid etmək istəmir”, – Simonyan hesab edir.

Moskvanın əlində yumruq qismində Azərbaycan var, lakin o indi uğurla geri çəkilir.

“İlham Əliyev “elektrik stuluna oturmaq” istəmir və manevr etməyə çalışır, odur ki, Bakı 2023-cü ilin sonundan bəri Moskvanın Ermənistana münasibətdə yumruğu rolunu itirib”, – Qurgen Simonyan deyib.

O hesab edir ki, Ermənistan alternativin olub-olmamasına rəğmən, bəyanatlardan əməli addımlara keçid etməlidir.

“Əgər hansısa hərbi-siyasi struktur zərər verirsə, onu sadəcə alternativ olduğu halda tərk etmək lazım deyil. Əvvəlcə bu strukturu tərk etmək, özünü məhv prosesini dayandırmaq, yalnız bundan sonra alternativ üçün imkanlar yaratmaq lazımdır”, – Simonyan yekunlaşdırıb.

“Əgər Ermənistan KTMT-dən çıxsaydı, o bu haqda bəyan edərdi”, – siyasi şərhçi Akop Badalyan hesab edir.

Onun fikrincə, Paşinyan bu bəyanatla demək istəyib ki, Ermənistanın KTMT-yə münasibəti nə tamaşadır, nə də yalan:

“Böyük ehtimalla, bu, dövlət katibinin köməkçisi Ceyms O’Braynın bəyanatına və parlamentdə növbəti söz atışmasına cavab idi”.

Badalyanın dediyinə görə, Ceyms O’Brayn jurnalistlərə müsahibəsində qeyd edib ki, hər iki tərəf – Ermənistan və Azərbaycan – danışıqlardan qaçmaq üçün “maraqlı üsullar”a əl atır.

“Aydındır ki, ABŞ Ermənistandakı daxili prosesləri şübhəli, hakimiyyətin fəndgir hiyləsi hesab edir. Tavuşda müqavimət başlayandan dərhal sonra Ermənistana Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar və amerikalı həmsədr Luis Bono gəlib. Onların səfərlərinin məqsədi Ermənistanın bu üsulla faktiki olaraq Azərbaycanın birbaşa göstərişlərini yerinə yetirməkdən qaçıb-qaçmadığını anlamaq olub”, – Badalyan “Kavkazski uzel”in müxbirinə deyib.

Onun sözlərinə görə, O’Brayn bu haqda daha açıq formada deyib və Yerevan bunun yalan olmadığını göstərməyə çalışacaq. Badalyan Paşinyanın bəyanatını məhz bu kontekstdə nəzərdən keçirir.

Rusiyanın və İranın Cənubi Qafqaza təsirinin azalması ABŞ üçün mühümdür, analitik qeyd edib.

“Türkiyənin və Azərbaycanın bölgədə təsirini gücləndirməklə və onların vasitəsilə öz təsirlərini də gücləndirməklə Çin-Rusiya-İran üçlüyünü cilovlamaq üçün geniş areal yaratmaq. Və əgər bu məqsədə çatmaq üçün Ermənistanın Azərbaycana tabe olması kimi qısa yol mövcuddursa, ABŞ bu yolu seçəcək”, – Badalyan hesab edir.

“Əgər Ermənistan müqavimət göstərərsə, Azərbaycan isə Ermənistanla bərabər şərtlərdən imtina edərsə, müvafiq olaraq sülh müqaviləsinin imzalanması prosesi dayandırılacaq ki, bu da öz növbəsində Qərbin bölgədə mövqeyinin zəifləməsinə gətirib çıxaracaq”, – analitik qeyd edib.

O əlavə edib ki, Rusiyanın Ermənistanda təhlükəsizlik sahəsində özünün məsuliyyətdən boyun qaçırdığını anlayan Paşinyan heç olmasa Rusiyaya qarşı ritorikası ilə, KTMT-dən çıxmaq haqqında bəyanatları ilə Qərbi məsuliyyətə cəlb etməyə çalışır. Lakin Qərb bu məsuliyyətdən boyun qaçırır, çünki onun səmimiyyətinə “şübhə ilə yanaşır”.

Badalyanın fikrincə, Ermənistanın KTMT-dən çıxmaq məsələsi Rusiyanın özü üçün aktual deyil, çünki Ermənistan özünü KTMT-nin tamhüquqlu üzvü kimi aparırsa, təşkilatın onun qarşısında öhdəlikləri olmalıdır.

“Ermənistanın hazırkı vəziyyəti hətta Rusiyaya sərf edir, çünki o, Ermənistana növbəti güzəştlər üçün təzyiq məsələsində, Türkiyə və Azərbaycan da daxil olmaqla, öhdəliklərdən daha azaddır”, – politoloq deyib.

Qərb Ermənistanın təhlükəsizliyini Türkiyə və Azərbaycanla barışıqda görür, odur ki, Yerevanın KTMT-dən çıxması, çətin ki, Ermənistanın Qərb ölkələri ilə münasibətinə ciddi təsir göstərsin, politoloq belə hesab edir.

Ana səhifəSiyasətYerevanda analitiklər Paşinyanın KTMT-dən çıxması ilə bağlı bəyanatına şübhə ilə yanaşıblar