close

Yerli və Regional Hakimiyyətlər Konqresi Qarabağdakı son hərbi əməliyyatı pisləyən qətnamə qəbul edib

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi. Mənbə: Avropa Şurası

“Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, sadəcə narahatıq”

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanın sentyabrın 19-da Qarabağdakı hərbi əməliyyatını və ona qədərki blokadanı pisləyir.

Konqres Qarabağ məsələsini təcili müzakirəyə çıxarıb və qətnamə qəbul edib.

Azərbaycanın daim verdiyi rəsmi məlumatda Qarabağda hər hansı blokadadan söhbət getmədiyi, humanitar və insanlara lazım olan əşyaların keçməsinə əngəl törədilmədiyi bildirilib. Qeyd edilib ki, məqsəd sadəcə Ermənistandan Qarabağa silah daşınmasının qarşısının alınmasıdır. Sentyabrın 19-da keçirdiyi əməliyyatı isə anti-terror tədbirləri adlandırıb.

Həmin tədbirlərdən sonra regiondakı silahlı erməni dəstələrinin tərksilah olması razılığına gəlinib. Bundan sonra Qarabağda yaşayan etnik ermənilərin Ermənistana köçü başlayıb.
Azərbaycan tərəf Qarabağ ermənilərinə qalıb, yaşamaq, inteqrasiya olunmaq təklifi etdiyini açıqlayıb.

Ermənistan tərəf isə köçü “etnik təmizləmə” adlandırıb.

Daha sonra Azərbaycan Qarabağ erməniləri üçün reinteqrasiya planı açıqlayıb, “istəyən qalıb, yaşaya bilər” deyib.

Qətnamədə isə bildirilir ki, Azərbaycanın blokadası ağır humanitar durum yaradıb. Bu da insan itkilərinə gətirib:

“Yüz mindən çox insan Ermənistana qaçıb. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, sadəcə narahatıq. Azərbaycanı vəziyyəti daha pis hala salacaq addımlardan çəkinməyə çağırırıq”.

Avropa Şurası qeyd edir ki, Qarabağ ermənilərinin vəziyyətini düzəltmək istiqamətində Ermənistanın səylərini alqışlayır:

“Hakimiyyət bölgədən qaçmış Qarabağ ermənilərini qəbul edib onların ehtiyaclarına cavab verməlidir”.

Konqres bildirir ki, Azərbaycan regionda qalanlara maneəsiz humanitar yardımların çatdırılmasını təmin etməlidir. Bunu Laçın dəhlizini tam açmaqla gerçəkləşdirməlidir.

“Azərbaycanda saxlanılan bütün Qarabağ nümayəndələri, o cümlədən yerli məmurlar azad edilməlidir”.

Sentyabrdakı hərbi əməliyyatlardan sonra Qarabağdakı separatçı rejim özünü buraxdığını elan edib. Bundan sonra separatçı rejimin bəzi liderləri saxlanaraq Bakıya gətirilib. Onlara qarşı cinayət işi açılıb, terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələr yaratma və digər ittihamlar irəli sürülüb. Bu ittihamlarla onlardan bəzilərii ömürlük həbs gözləyir.

Daha öncə Avropa Şurası Parlament Assambleyası (AŞPA) da Azərbaycan ordusunun sentyabrın 19-da Qarabağda apardığı hərbi əməliyyatı pisləyən qətnamə qəbul edib. Bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək öhdəliyi var.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) AŞPA-nın bu qətnaməsini və tövsiyəsini qətiyyətlə rədd edib, şiddətlə qınayıb.

Ana səhifəSiyasətYerli və Regional Hakimiyyətlər Konqresi Qarabağdakı son hərbi əməliyyatı pisləyən qətnamə qəbul edib