close

Müharibənin adı, özü və sonrası

Hərbi Qənimətlər Parkı. Foto: borzywoj/shutterstock

Zərdüşt Əlizadə

Sadə insanlar, nə qədər sadə görünsələr də, əslində, bu dövlətin əsl sahibləri onlardır

Hadisələrin ötəri ani və qaçılmaz tarixi mahiyyəti var. Çox vaxt bu ötəri ani mahiyyət tarixi düşüncə qabiliyyətindən məhrum kütlənin gözünü tutur və bu kor kütlə ifrat özünəgüvənc hissindən havalanır. Bu hissin adı, yanılmıramsa, eyforiyadır.

Eyforiyaya uymaq və gerçəklik hissini itirmək tək geridə qalmış avam xalqlara xas deyil, bu azar özünü öncül sayan və bununla qürrələnən xalqlara da aiddir. Uzağa getməyək, 30 il, əgər dediklərinə inansaq, dünyanın ən qədim və ən mədəni qonşu xalqa təklif etdik ki, qansız-qadasız güzəştli dinc barışa razı olsun, əvəzində bircə cavab eşitdik:

Zərdüşt Əlizadə
Foto: Meydan TV

“Biz qalibik, ordumuz MDB-də yalnız rus ordusundan sonra ikinci yeri tutur, qalib məğlubun şərtini qəbul etməməlidir və etməyəcək”.

Aqibət göz önündədir.

Gənclik illərimdə oxuduğum, görkəmli amerikan siyasətçisi və mütəfəkkiri Uilyam Fulbraytın qələminin məhsulu olan “Qüvvədən qürrələnmək” əsəri düşüncə tərzimdə dərin iz buraxmışdı. Senator Fulbrayt (indi onun adına tələbələr üçün beynəlxalq təqaüd proqramı var) 1960-cı illərin əvvəlində yazıb deyirdi ki, ABŞ-a öz hədsiz qüvvəsi ilə qürrələnmək və siyasətində beynəlxalq hüququn qanunlarını saya almamaq böyük itkilər və uğursuzluqlar vəd edir. O zaman ABŞ-ın hakim zümrəsi müdrik Fulbraytın fikirlərinə etinasız yanaşdı və öz nəhəng qüvvəsinə güvənərək Vyetnamda, Laosda və Kambocada vətəndaş müharibələrinə qatıldı. Nəticədə 57 min amerikan hərbçisi həlak oldu, Asiyanın cənubi-şərqində iki milyondan yuxarı insan öldürüldü, dünyanın ən qüdrətli dövləti məğlub və rüsvay oldu.

Sizin həqir bəndəniz də senator Fulbraytın kitabından özü üçün belə bir nəticə çıxardı ki, nə insan, nə də dövlət heç vaxt öz qüvvəsi ilə qürrələnməməlidir və davranışında və siyasətində bəşəriyyətin icad etdiyi ümumbəşəri dəyər və qanunlara hörmət etməlidir.
Ömrüm boyu həyat təcrübəm mənə sübut edir ki, bu nəticə vurma cədvəli kimi təkzibedilməzdir.

Sov.İKP MK rəhbərliyi nə sıravi sovet adamlarını, nə sovet qanunlarını, nə də beynəlxalq qanunları saya alırdı. İnhisara aldıqları qüdrətli dövlətin gücünə güvənərək səmərəsiz siyasət yürüdürdülər. Nəticəsi nə oldu? Haradadır Sov.İKP və onun şəstlərindən gönlərinə sığmayan rəhbərləri?

Hərəkatın gur çağında AXC liderləri çatana çatırdılar, çatmayana daş atırdılar. Barış və güzəşt sözünü deyəni xain və satqın adlandırırdlar. Onların siyasət meyarı zəka və mərifət deyil, meydanlara yığdıqları mitinq kütləsinin sayı idi. Haradadır həmin bu AXC liderləri? Ram edilmişləri deputat mandatının fəzilətini nuş edir, bəxti gətirməyib satın alınmamışlar mitinq həsrəti ilə yaşayır.

Qələbədən havalanmış Rusiya hakim sinfi zamanın tələb etdiyi ictimai-siyasi-iqtisadi islahatları keçirmədi və nəticədə 1853-1856-cı illərdə inkişaf etmiş Avropa dövlətləri ilə apardığı Krım müharibəsində məğlub oldu.

Bayaq sizə qələbədən havalanmış erməni siyasilərinin davranışını xatırlatdım. İndi düşdükləri vəziyyətlə onların 4 il bundan əvvəlki təkəbbürlərini müqayisə etməyə ehtiyac varmı?
Bu məzmunlu girişdən sonra keçirəm məqaləmin mövzusuna.

Bizim son müharibəyə hakimiyyət ad qoyub: Vətən Müharibəsi. Yaxşı addır. Bu adın tarixinə nəzər salmaq pis olmazdı.

Bu adı çar Rusiyası Napoleon Bonapartın Rusiyaya soxulmuş ordusu ilə rus xalqının apardığı müharibəyə qoymuşdu. Zira fransız ordusu ilə tək rus ordusu deyil, sadə rəiyyətin təşkil etdiyi partizan dəstələri də döyüşmüşdü. Bonapart üzərində qələbə rus xalqının şüurunda, davranışında və ədəbiyyatında (Puşkin, Lermontov, Tolstoy) dərin və müsbət iz buraxmışdı, ruslara öz təfəkküründə bu hədsiz qüvvə və qələbə ilə qürrələnməyə qanuni əsas vermişdi. On doqquzuncu əsrin birinci yarısında Rusiya imperiyasını Avropanın jandarmı adlandırırdılar, bir rus məmurunun dediyi kimi, “Avropada bur top belə əlahəzrət rus inperatorunun izni olmadan atəş aça bilməz”. Qələbədən havalanmış Rusiya hakim sinfi zamanın tələb etdiyi ictimai-siyasi-iqtisadi islahatları keçirmədi və nəticədə 1853-1856-cı illərdə inkişaf etmiş Avropa dövlətləri ilə apardığı Krım müharibəsində məğlub oldu.

İkinci dəfə Vətən müharibəsi adı 1941-1945-ci il dünya savaşının SSRİ-yə aid olan hissəsinə qoyuldu. Müharibənin əvvəli SSRİ üçün hədsiz uğursuz oldu, birləşmiş Avropanın orduları Qızıl Ordunu tam darmadağın etdilər. İnanılmaz dəyanət, cəsarət və fədakarlıq hesabına SSRİ böhrandan qurtuldu, bütün sovet xalqlarını səfərbər edib hədsiz itki və məhrumiyyət hesabına qələbə qazana bildi.

Müzəffər sovet əsgər və zabitinə layiq olduğu hörmət qoyuldumu? Nomenklatura zümrəsi sovet xalqını tərifləyə-tərifləyə onu yenə əvvəlki əsarət boyunduruğuna saldı, onun dinib-danışmaq hüququnu əlindən aldı, etiraz edənlərə amansız divan tutdu.
SSRİ yenə qələbə havası ilə yaşadı, öz qüvvəsi ilə qürrələnib cəmiyyətin və zamanın tələb etdiyi siyasi-ictimai-iqtisadi islahatları keçirmədi və nəhayətdə çöküb gurultu ilə dağıldı.

Bizim hakimiyyət də Ermənistanın təcavüzünə qarşı xalqımızın apardığı müharibəyə Vətən müharibəsi adını qoyub. Oxşar cəhətlər var. Azərbaycan da müharibənin birinci mərhələsini (1991-1994) biabırcasına, canlı qüvvədə və ərazidə böyük itki verərək  uduzmuşdu, bu nəticə qarşı tərəfi öz qüvvəsi ilə qürrələnməyə sövq etmişdi və o, gerçəkliyin tələb etdiyi siyasi qərarların qəbulundan imtina etmişdi. Müharibənin ikinci mərhələsində (2020-2023) Azərbaycan düşməni darmadığın etmiş və qanuni ərazisini qaytarmışdır.

Cəfakeş xalqa, müzəffər əsgər və zabitimizə layiq olduqları qiymət verilirmi?
Bəli, şəhid və qazilərə, onların ailələrinə maddi yardım göstərilir, mənzil verilir. Əla!
Lakin bu nədir? Qazilərin intiharı barədə oxuyuruq. Görünür, dövlətin vətəndaşa ümumi münasibətində hansısa böyük qüsur var ki, belə xəcalət doğuran hadisələr baş verir. Dövlətin maddi imkanı var ki, hər qazini qayğı ilə əhatə etsin. Bacarmırlar, ya istəmirlər? Çatdırmırlar? Bəs niyə bu işi görməyə can atan ictimai təşkilatları gözümçıxdıya salırlar? Dövlətə lazım olanda bəzi ictimai təşkilatları qabağa verə bilir, lakin ölkə daxilində əhəmiyyətli iş görmək lazım gələndə QHT-lər yenə qulyabanıya dönür?

Maraqlıdır, əhalimizin mütləq əksəriyyəti özünü müsəlman sayır, lakin namaz qılmır və oruc tutmur, zəkat vermir. Anlaşılandır, əhalinin əksəriyyəti “sovet müsəlmanı”dır. 70 il yonub-yonub ondan “müsəlman Buratino” düzəldiblər.

Bu “müsəlman Buratino”ların gerçək müsəlmana çevrilməsi üçün hansısa tarixi zaman tələb edilir. Və əhali addım-addım bu tarixi yolu keçib ibadətə, oruca və müsəlman həyat tərzinə qayıtmağa başlayır. Bu əsnada özünün siyasi hüquqlarının da olduğunu dərk edir və başlayır öz babları və tayları ilə siyasi təşkilatlarda birləşməyə. Qanunidir? Əlbəttə, Konstitusiya buna icazə və hətta zəmanət verir. Lakin bir var Konstitusiya, bir də var Azərbaycan gerçəkliyi, hakimiyyətimizin düşüncə və davranış tərzi. Bu düşüncə və davranış tərzi ona gətirir ki, Azərbaycansayağı islam dini milli xüsusiyyətlər kəsb edir. Məlum olur ki, Azərbaycan məmləkətində yaşayan və siyasi təşkilatda birləşən müsəlman həm də narkotik alverçisidir.  İnanmırsınız? 500 nəfər Azırbaycan müsəlmanı indi narkotik alveri ittihamı ilə həbsdədir.

Görünür, milli islam ənənələri onu tələb edir ki, müsəlman olan kəs mütləq gərək narkotik satsın. Lakin nədənsə bütün bu müsəlmanlar and-aman edir ki, bu ittiham polis şəridir.
Taliban Əfqanıstanda hakimiyyətə gələn kimi bu ölkədə narkotik istehsalı bir ildə 40 dəfə azaldı. Hakimiyyətimizə inansaq, Azərbaycan müsəlmanı hakimiyyətə gəlsə, ölkəmizdə narkotik istehsalı bir ildə 40 dəfə artacaq.  Görünür, bu, Azərbaycan islamının milli xüsusiyyətidir.

Vətən müharibəsində müsəlmanlar iştirak edibmi? Bəs qədər! Müsəlman qaziləri hörmətə layiqdirmi? Bəli. Amma şərtlə, gərək siyasətlə məşğul olmasınlar. Olsalar, dönəcəklər narkotik alverçisinə və gedəcəkər içəri, dönüb şəhidliyə namizəd olacaqlar.

Vətən müharibəsində qələbəmizdən sonra əşəddi-ehtiyac var ki, cəmiyyətimizdə mükalimə başlasın. Sadə insanlar, nə qədər sadə görünsələr də, əslində, bu dövlətin əsl sahibləri onlardır. Qüvvəsi ilə qürrələnib xalqı və tarixin və cəmiyyətin qanunlarını saya almayan rəhbərlərin və dövlətlərin qaçılmaz acı taleyi azca düşünməyi bacaran insanlar üçün görk olmalıdır.

Ana səhifəMənim FikrimcəMüharibənin adı, özü və sonrası