close

Zaxarova: “Azərbaycanla Naxçıvan arasındakı yola Rusiya nəzarət etməlidir”

Ermənistan, Rusiya və Azərbaycan. Foto: Borka Kiss/shutterstock

Kremlin sözçüsü üçtərəfli bəyanata istinad edir, rəsmi Bakı hələ ki susur

Rusiya regionun dəmiryolu və avtomobil yolu kommunikasiya layihələrinin optimal variantının seçilməsi ilə bağlı nəhəng işlərin görüldüyünü hesab etsə də, hələ də məsələlərin həllinin sona yetmədiyini düşünür.

Bu barədə noyabrın 9-da Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova yerli jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Zaxarova bildirib ki, kimdəsə bunu etmək üçün siyasi iradə çatışmır:

Amma bu, biz deyilik. Əvvəlki kimi biz regionda nəqliyyat kommunikasiyalarının açılması üçün bütün lazımi yardımı göstərməyə hazırıq”.

O, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatları yada salıb:

Mariya Zaxarova. Foto: Meydan TV

Həmin bəyanatlarda Rusiyanın rolu dəqiq yazılıb. O ki qaldı kommunikasiyaların mühafizəsi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin strukturunda xüsusi bölmənin yaradılmasına, diqqətinizə çatdırmaq istəyirəm ki, üçtərəfli razılaşmalara müvafiq olaraq Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir”.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib ki, Yerevanın bu yaxınlarda dərc etdiyi “Dünyanın kəsişməsi” layihəsinin əsas prinsiplərinə görə regional kommunikasiyaların açılacağı təqdirdə Ermənistan öz ərazisində dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməlidir.

Bundan əlavə, Ermənistanın Milli Təhlükəsizlik Xidmətində xüsusi şöbə yaradılıb.

Qurumun vəzifəsi regional kommunikasiyaların açılacağı təqdirdə bu rabitələrin, eləcə də malların, yüklərin təhlükəsizliyini təmin etməkdir.

Ermənistan heç vaxt heç bir sənəddə öz suverenliyinə hər hansı məhdudiyyətlə razılaşmayıb və onun suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti bərqərar oluna bilməz”, – deyə Badalyan fikrini yekunlaşdırıb.

Azərbaycanın rəsmi orqanları Mariya Zaxarovanın dediklərinə hələ reaksiya verməyib.

Oktyabrın 26-da Azərbaycan Prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev “Politico” nəşrinə “Zəngəzur dəhlizi”nin Bakı üçün artıq cazibədarlığını itirdiyini bildirmişdi.

Hikmət Hacıyev. Foto: Meydan TV

Hacıyev Azərbaycanın Naxçıvana yolunun İran ərazisi ilə də açıla biləcəyini vurğulasa da, “Zəngəzur dəhlizi“ layihəsinin hələ masanın üstündə olduğunu da qeyd etmişdi:

Bizim gündəliyimiz ikitərəfli danışıqlar çərçivəsində nəqliyyat bağları və əlaqələrinin qurulması idi. Layihə hələ də masa üstündədir, lakin Ermənistan tərəfi bunda, həqiqətən də, maraqlı olduğunu göstərməlidir”.

Noyabrın 9-da Daşkənddə prezident İlham Əliyev iranlı həmkarı İbrahim Rəisi ilə görüşdə deyib ki, II Qarabağ müharibəsindən sonrakı üç il ərzində Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən, məhz Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişi təmin etməkdən imtina edirdi və imtina etməkdə davam edir:

“Bu, onların seçimidir, düşünürəm ki, onlar böyük səhvə yol veriblər. İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində biz Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırdıq. Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcəkdir. Yəni nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən”.

Ancaq oktyabrın 26-da Tbilisidə keçirilən “İpək Yolu” beynəlxalq forumunda Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, reginonun dörd qonşusundan ikisi ilə yolları açıqdır:

İlham Əliyev və Nikol Paşinyan. Foto: Meydan TV

“İki qonşu ilə yollarımız bağlıdır ki, bu da münasibətlərin mürəkkəbliyinin çox bariz göstəricisidir. Amma mən bu gün mürəkkəb münasibətlərimizdən danışmağa gəlməmişəm, amma demək istəyirəm ki, yollar olmadan sülh qurmaq çox çətin olacaq. İndiki real dünyada açıq sərhədlər, iqtisadi, siyasi, mədəni əlaqələr, yollar olmadan sülh mümkün deyil”.

Məhz bu səbəbdən hökumətimiz sülh gündəliyinin mühüm hissəsi kimi “Sülh yolayrıcı” layihəsini hazırlayıb təqdim edib. Layihənin əsas məqsədi Ermənistan, Türkiyə, Azərbaycan və İran İslam Respublikası arasında avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabellərin və elektrik xətlərinin təmiri, tikintisi və istismarı vasitəsilə kommunikasiyaların inkişafıdır”.

Bu prinsiplərə əsaslanaraq yaxın vaxtlarda Ermənistanın hüquq-mühafizə sistemində xüsusi bölmə yaradılacaq ki, onun funksiyası ölkə ərazisindən keçən beynəlxalq kommunikasiyaların, malların, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin etməkdən ibarət olacaq. Təbii ki, onlar Patrul Polisimizlə əməkdaşlıq edəcək”, – deyə Baş nazir bildirmişdi.

Ana səhifəSiyasətZaxarova: “Azərbaycanla Naxçıvan arasındakı yola Rusiya nəzarət etməlidir”