close

Hikmət Hacıyev: ““Zəngəzur dəhlizi” Bakı üçün artıq cazibədarlığını itirib”

“Zəngəzur dəhlizi”. Foto: fifg/shutterstock

Siyasi şərhçi isə hesab edir ki, “Zəngəzur dəhlizi” siyasi-etnik baxımından Azərbaycan üçün bitmiş sayıla bilməz

Azərbaycan Prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev deyib ki, “Zəngəzur dəhlizi” Bakı üçün artıq cazibədarlığını itirib.

Bu barədə “Politico”ya danışan Hikmət Hacıyev xarici mediada Azərbaycanın Naxçıvana dəhliz açılması üçün Ermənistanın Syunik ərazisini zəbt etmək planı barədə yazılanları da rədd edib.

Hikmət Hacıyev Azərbaycanın Naxçıvana yolunun İran ərazisi ilə də açıla biləcəyini vurğulayıb.

Oktyabrın 6-da Zəngilanın Ağbənd qəsəbəsində Azərbaycandan İrana Araz çayı üzərindən avtomobil körpüsünün təməli qoyulub.

Layihə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayon və Naxçıvan Muxtar Respublikası arasında İran ərazisilə yeni kommunikasiya əlaqələrinin yaradılması haqqında Azərbaycan-İran hökumətlərarası memorandumuna uyğun olaraq həyata keçirilir.

Rəsmi məlumatda körpünün tikintisilə eyni vaxtda sərhəd-gömrük infrastrukturunun da yaradılacağı göstərilib.

Hikmət Hacıyev. Foto: Meydan TV

Amma Hikmət Hacıyev “Zəngəzur dəhlizi“ layihəsinin hələ masanın üstündə olduğunu da bildirib:

“Bizim gündəliyimiz ikitərəfli danışıqlar çərçivəsində nəqliyyat bağları və əlaqələrinin qurulması idi. Layihə hələ də masa üstündədir, lakin Ermənistan tərəfi bunda həqiqətən də maraqlı olduğunu göstərməlidir”.

Oktyabrın 17-də Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı Azərbaycanı Naxçıvanla birləşdirən Mehri dəmir yolunu bərpa etməyə də hazır olduğunu deyib.

Paşinyan bildirib ki, bu yol təkcə Azərbaycan və Ermənistana deyil, həm də İran və Gürcüstana Qərb bazarlarına çıxış əldə etməyə imkan verəcək:

Nikol Paşinyan. Foto: Meydan TV

Bundan əlavə, 1991-ci ildə təyin olunmuş sərhəd xəttindən qoşunların çıxarılmasına hazırıq. Bu, o deməkdir ki, Azərbaycanın Ermənistan ərazisinin heç bir hissəsində, Ermənistanın isə Azərbaycan ərazisində qoşunları olmayacaq”.

Oktyabrın 16-da isə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-nin rusdilli xəbər xidmətinə demişdi ki, Ermənistan prosesi ləngitmək qərarına gəlsə, Azərbaycan İran ərazisindən marşrut çəkməyə hazırdır.

“Biz tanıyırıq ki, bu, Ermənistanın suveren ərazisidir. Lakin qarşı tərəfin dəhlizboyu hərəkətin təhlükəsizliyini necə təmin edəcəyini bilmək bizim üçün vacibdir. Azərbaycanın əsas hissəsindən Naxçıvana və ya əksinə qatara minən hər bir sərnişinin təhlükəsizliyi üçün etibarlı təminatlara ehtiyacımız var. Bakı danışıqlara hazırdır”, – deyə Əmirbəyov bildirib.

Elçin Əmirbəyov. Foto: Azərtac

Bütün hallarda Hikmət Hacıyevin açıqlaması bir sıra suallar doğurur. İlk növbədə “Zəngəzur
dəhlizi“nin Bakı üçün bitdiyini real saymaq olarmı, yaxud İrandan keçəcək yol nə qədər
etibarlıdır?

Siyasi şərhçi İlqar Vəlizadə Meydan TV-yə deyib ki, loqistika baxımından İrandan yollar çəkiləcəksə, “Zəngəzur dəhlizi”nin Ermənistandan keçəcək hissəsinin əhəmiyyəti azalır:

Amma ümumiyyətlə, “Zəngəzur dəhlizi” siyasi-etnik baxımından Azərbaycan üçün bitmiş sayıla bilməz. Xüsusilə də məsələyə qərbi azərbaycanlılar icmasının nöqteyi-nəzərindən yanaşdıqda məsələ bitməyib“.

İlqar Vəlizadənin sözlərinə görə, son aylarda Bakı-Tehran münasibətlərində gərginlik yaşansa da, tranzit xətləri normal fəaliyyət göstərib:

Foto: İlqar Vəlizadənin “Facebook” səhifəsindən

Misal üçün, Azərbaycandan İran vasitəsilə Pakistana xeyli maye qaz ötürülürdü. Yaxud Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə və digər fars körfəzi ölkələrinə Azərbaycandan İran vasitəsilə yüklər gedirdi. Daha sonra Rusiyadan Azərbaycan vasitəsilə İrana yüklər gedirdi, əks istiqamətə də. Son bir ildə yüklərin həcmi 2,5 dəfə artıb. Bu, ondan xəbər verir ki, nəqliyyat
infrastrukturunda əngəl olsa, digər ölkələr İranı seçməyəcəklər ki, nəticədə
Tehranın xeyrinə olmayacaq. Ona görə İran bu marşrutun işlək vəziyyətdə
saxlanılmasında maraqlıdır“.

Tehranın “Zəngəzur dəhlizi”nə qarşı çıxmasının əsas səbəbini də burda axtarmaq lazımdır. İran rəsmiləri bu mənada israrla deyirdi ki, bu marşrut Ermənistandan yox, İran ərazisindən keçsin. Sadəcə, Ermənistan İranın hansı məqsədlə bu məsələnin üzərində israrla dayanmasının səbəbini anlamadı və öz xeyrindən qaçdı“,-deyə Vəlizadə fikrini tamamlayıb.

Ana səhifəSiyasətHikmət Hacıyev: ““Zəngəzur dəhlizi” Bakı üçün artıq cazibədarlığını itirib”