“Rusiya hücumları genişləndirməyi planlaşdırır”
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müharibənin yeni mərhələsi ilə üz-üzə olduğunu deyib.
Onun sözlərinə görə, Rusiya hücumunu genişləndirmək niyyətindədir.
“Bu gün müharibənin 800-cü günüdür. Bu, dövlətimizin keçməli olduğu son dərəcə ağır və çətin yoldur. İndi biz müharibənin yeni mərhələsi ilə qarşı-qarşıyayıq. İşğalçı hücum əməliyyatlarını genişləndirməyə cəhd etməyə hazırlaşır”, – Zelenski deyib.
O, əlavə edib ki, bu gün bütün ukraynalılar, eləcə də Ukraynanın müttəfiqləri Rusiyanın planlarını pozmaq üçün mümkün olan hər şeyi etməlidir.
2024-cü ilin yanvarında “Financial Times” qəzeti yazıb ki, rus qoşunları 2024-cü ilin yayında Ukraynaya genişmiqyaslı hücum planlaşdırır.
Zelenski daha öncə “CBS News”a müsahibəsində Rusiyanın yeni böyük hücumu mayın sonu və ya iyunda başlaya biləcəyini bildirmişdi.
Ukrayna kəşfiyyatının rəhbərinin müavini Vadim Skibitski “The Economist”ə müsahibəsində oxşar müddətləri açıqlamışdı.
Onun sözlərinə görə, Rusiya Ukraynanın şimal-şərqindəki Xarkov və Sumi vilayətlərində hücuma hazırlaşır.
Rusiya 2022-ci ilin fevralından başlayaraq Ukraynaya qarşı hərbi əməliyyatlar keçirir.