Yalnız açıq və ədalətli məhkəmə insanları mühakimə etməlidir
İşgəncə ilə öldürülüb, “vətənə xəyanət” damğası ilə xəlvətcə basdırılan, “vətən xaininin ailəsi” damğası ilə azyaşlı uşaqları belə məktəbdən qovulan, mənəvi terrora məruz qalan zabitlərimiz, mülki vətəndaşlarımız haqda yazılanları oxuduqca dəhşətə gəlirəm.
Gözümüzün qarşısında ağır cinayətlər baş verir. Məhkəmə qərarı olmadan, hansısa vəzifəli şəxslər müəyyən adamları “vətən xaini” elan edib, öldürür. Ölüm hokmü nədir ki? Siyavuş Novruzovun haqqında bəhs etdiyi “ölüm hökmündən ağır cəza” tətbiq olunur. Adamlar kimlərinsə subyektiv mülahizəsinə görə məhkəməsiz, hökmsüz, işgəncə ilə öldürülür. Nə bilək ki, öldürülən adamlar həqiqətən vətən xainləridir? Həmin adamlar həqiqətən vətən xainləridirsə, niyə onları açıq məhkəmələrdə mühakimə etmirsiniz ki, belələri ömürlük cəzadan da əlavə ümumxalq nifrətilə cəzalandırılsınlar? Haradan bilək ki, bu gün “vətən xaini” damğası ilə istədiyi hərbçini, digər vətəndaşı öldürənlərin özləri növbəti hacı məmmədovlar, akif çovdarovlar deyil?
Bu gün öldürülən (vətən xaini və ya sadəcə qurban olduğunu belə bilmədiyimiz) yalnız insanlar deyil, dövlət adından belə cinayətlərin həyata keçirilməsi dövlətin özünü öldürmək, onun əsaslarını sarsıtmaqdır. Biz bu dövləti ona görə qurmadıq ki, zamanında fərarilik edənlər bu dövlətin adından istənilən şəxsi “vətən xaini” elan edib, öldürsünlər.
Cümhuriyyətimizin 99-cu ildönümündə xalqımız yenidən sınağa çəkilir. Məhz bu günlərdə xalq olaraq bizlərin davranışımız müəyyən edəcək ki, buralar bir dövlətmi, yoxsa qoluzorluların hər istədiyini edə bildiyi sadəcə bir cəngəllikmi? Bizlər 99 il bundan öncə, o ağır şərtlər altında demokratik respublika qurmuş qurucu babalarımızın gerçək ardıcıllarıyıqmı, yoxsa həmin babalarımızın şan-şöhrəti kölgəsində gizlənən qorxaq itaətkarlarıqmı?
Hamılıqla etiraz etməliyik! Qəsdən adam öldürmə cinayətlərinin dayandırılmasını tələb etməliyik! Kimləri vətənə xəyanətdə ittiham etmək istəyirlәrsə, çıxarsınlar həmin adamları açıq məhkəmələrin önünə, millətin gözü qarşısında cinayətlərini sübut etsinlәr, versinlәr ömürlük azadlıqdan məhrum etmə cəzalarını. Ancaq bu şəkildə – qanunsuz, məhkəməsiz, hökmsüz adamları öldürmək cinayətdir və bu cinayətləri törədənlər kimlər olur olsun, mütləq bir gün cəzalarını alacaqlar.
AXCP sədri Əli Kərimlinin bu fikirləri, onun FB səhifəsindən götürülüb.
Azadliq.info
Oxunub: 2316