İqtidar mətbuatından İqbal Ağazadəyə “agent” ittihamı
Ümid partiyasının sədri İqbal Ağazadəyə qarşı ciddi ittiham irəli sürülüb. Hakimiyyətin nəzarətində olan saytlardan biri – 1news.az iddia edir ki, İqbal Ağazadə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun şəxsi agenti olub.
“İndi İqbal Ağazadənin Eldar Mahmudovun şəxsi sözgəzdirəni olması ilə bağlı məlumat öz təsdiqini tapır. Belə ki, bu cür məlumatın araşdırma prosesi nəticəsində sübuta yetirilməsi onu bərk narahat edir. Buna görə də hazırda o, bəyan edir ki, sabiq nazirin işində heç bir eyib yoxdur. Lakin sözaparanların adının açıqlanması lazım deyil. Bununla da o, gözlərdən pərdə asmağa çalışır”, – deyə sayt yazır.
İ.Ağazadə müsahibələrinin birində indi mühakimə olunan keçmiş MTN rəhbərliyini müdafiə edən fikirlər səsləndirib və bildirib ki, bu qurumla əməkdaşlıq etmiş şəxslərin adlarının açıqlanması düzgün deyil.
Bugünlərdə ölkənin bir sıra ictimaiyyət və siyasət adamlarının keçmiş MTN-ə agentlik etdikləri haqda istintaq materiallarına istinadla məlumatlar yayılıb və bəzi adlar açıqlanıb.
Hökumətyönlü sayt olan 1news.az isə İ.Ağazadənin dediklərini onun özündən narahat olması ilə əlaqələndirir.
Sayt qeyd edir ki, E.Mahmudovla əlbirliyə görə İ.Ağazadəyə qarşı daha əvvələr də ittihamlar irəli sürülüb.
Saytın yazdığına görə, agent məsələsi ilə bağlı ifadəsi alınanlar çoxaldıqca, Ağazadə “daha da narahat olmağa başlayır”.
“Kifayət qədər məlumatlı həmsöhbətlərin sözlərinə görə, hadisələrn bu cür axarı İqbal Ağazadəni bərk narahat edir, çünki o, birdəfəlik müstəqil siyasətçi imicindən məhrum oluna bilər” – deyə 1news.az yazır.
Oxunub: 1840