Türkiyədə ötən ilin iyulundaprezident Recep Tayyip Erdogan-a qarşı uğursuz dövlət çevrilişinə cəhddə şübhəli bilinən 220-dən çox adamın məhkəməsi başlayıb.
Məhkəmə kürsüsünə çıxarılanlar arasında 26 nəfər keçmiş general da var. Mayın 22-də başlayan proses Ankara kənarındakı həbsxananın böyük məhkəmə zalında keçirilir.
Erdogan hakimiyyəti iddia edir ki, uğursuz dövlətə çevriliş cəhdinin arxasında hazırda ABŞ-da mühacir həyatı yaşayan ilahiyyatçı Fethullah Gulen durur.
Fethullah Gulen məhkəmə iddiamnaməsində adı keçən 221 nəfərdən, məhkəmə kürsüsünə çıxmayan 9 nəfərdən biridir.
Prosesin keçirildiyi Sincan həbsxanasının məhkəmə zalında 1500 izləyicinin iştirakı üçün şərait var. İttiham olunanlar məhkəmə zalına mühafizəçilərin müşayiəti ilə televiziya kameralarının önündən keçirilməklə gətirilib. Əllərində türk bayraqları və plakatlar tutan nümayişçilər “Biz ölüm cəzası istəyirik” deyə şüarlar səsləndiriblər.
Türkiyədə ötən ilin iyulunda baş tutmamış çevriliş cəhdindən indiyədək 120 min nəfər işdən qovulub və 40 min nəfərdən çox adam həbs edilib.
BMT-nin İnsan Haqları Ali Komissarlığı Türkiyədə kütləvi həbslər və dövlət qulluqçularının kütləvi işdən qovulması halları ilə bağlı dərin narahatlıq bildirib. BMT-nin insan haqları komissarı bildirib ki, Ankaranın terror hücumlarına cavab verməli olduğunu başa düşür, lakin bunun naminə insan haqlarının pozulmasına yol verilməməlidir.
Oxunub: 148