qiyas«Qiyas İbrahimovun gözlərində ciddi problemlər var. Amma saxlanıldığı istintaq təcridxanasında ona heç bir tibbi yardım göstərilmir», – vəkil Elçin Sadıqov məhkəmədə bu haqda danışıb.
Mayın 22-də Bakı Apellyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü, Heydər Əliyevin heykəlinin postamentinə şüar yazandan sonra həbs olunan Qiyas İbrahimovun məhkəməsi davam etdirilib. Gənc fəalın apellyasiya şikayətinə Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
«İŞGƏNCƏLƏRƏ MƏRUZ QALIB»
Vəkil E.Sadıqov deyir ki, Q.İbrahimov gözlərindəki problemlərlə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət edib. Amma ona deyiblər ki, müayinə və müalicəsi üçün apellyasiya məhkəməsinin razılığı olmalıdır: «Xahiş edirik, təcridxanaya razılıq məktubu göndərəsiniz».
Amma məhkəmə vəsatəti təmin etməyib. Hakim V.Məmmədov bildirib ki, qanunvericilikdə məhkumun istədiyi həkim tərəfindən müayinə və müalicə olunmaq hüququ nəzərdə tutulsa da, bu hüququn gerçəkləşməsi şəxsin saxlandığı müəssisənin rəhbərliyinə həvalə olunub: «Qanunvericilikdə bu cür məsələlərə görə hakimin razılıq məktubu nəzərdə tutulmayıb».
Ardından E.Sadıqov apellyasiya şikayətinin dəlillərindən danışıb. Söyləyib ki, Qiyasgil 2016-cı il mayın 9-dan 10-na keçən gecə saat 11:00 radələrində Heydər Əliyev Sarayının qarşısındakı heykəlin postamentinə şüarlar yazıblar. Ona görə də, mayın 10-da saat 15:00 radələrində təhsil aldığı Bakı Slavyan Universitetindən çıxarkən mülkigeyimlilər tərəfindən saxlanılıb, işgəncələrə məruz qalıb. İşgəncə ilə onu törətmədiyi cinayəti boynuna götürməyə məcbur ediblər:
«Birinci instansiya məhkəməsi müdafiə hüququnun pozulması, işgəncələrlə əldə olunmuş sübutlara əsaslanıb. Bu cür sübutlarla çıxarılmış hökm qanunsuz və əsassızdır».
51 İŞDƏN 49-NA ÇIXIB
E.Sadıqov deyir ki, Q.İbrahimov saxlanılarkən ona dövlət hesabına təyin olunmuş vəkil Oqtay Əliyev formal müdafiəçi olub:
«May ayında Nəsimi rayon Məhkəməsində şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı 51 işə baxılıb, 49-na Oqtay Əliyev çıxıb. Bu da onun hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməsini təsdiqləyir».
Vəkilin sözlərinə görə, Qiyas saxlanılandan 8 saat sonra tutma protokolu tərtib olunub:
«Bu da onun polis nəzarəti altında olduğu müddətdə cibinə narkotik atıldığını deməyə əsas verir. Qiyasgilin evində axtarış aparılması üçün ya məhkəmə qərarı olmalıydı, ya da evdə yaşayan anası Şura Əmiraslanovanın razılığı. Bunların heç biri olmayıb».
E.Sadıqov gənc fəala dövlət hesabına təyin olunmuş vəkil O.Əliyevin 2016-cı ilin mayında çıxdığı işlərin siyahısının, həmçinin Q.İbrahimovun adına yazılmış vəkil orderinin 5 saylı hüquq məsləhətxanasından sorğu ilə alınması haqda vəsatət qaldırıb:
«Mən o orderin əslinə baxmışam, görmüşəm ki, başqasının adına yazılıb, sonradan ağardılıb və Qiyas İbrahimovun adı yazılıb».
KAMERA GÖRÜNTÜLƏRİNƏ BAXILSIN
Vəkilin daha bir vəsatəti isə Nərimanov rayon Polis İdarəsindən kamera görüntülərinin alınması haqda olub. Q.İbrahimov həbs olunduqdan sonra – mayın 10-dan 13-nə qədər bu idarənin müvəqqəti saxlama təcridxanasında olub. Müdafiəçinin sözlərinə görə, görüntülərə baxılsa, orada gənc fəalın işgəncəyə məruz qaldığı sübut olunar.
Məhkəmə vəsatətlərin heç birini təmin etməyib və çıxışlar mərhələsinə keçib.
Q.İbrahimov gözlərindəki problemlərlə əlaqədar məhkəmədən vaxt istəyib:
«Təcridxanada müdiriyyət deyir ki, həkim müayinəsi üçün sizin razılığınız olmalıdır. Siz də deyirsiniz ki, bizlik deyil. Bir-birinizin üstünə atırsınız. Tibb məntəqəsinin bir həkimi müayinə eləmişdi, dörd aydan sonra məlum oldu ki, səhv diaqnoz qoyub. İndi isə ümumiyyətlə, imkan verilmir. Zəmanət yoxdur ki, sabah mən təcridxanadan cəzaçəkmə müəssisəsinə köçürüləndə orada mənə belə əngəl yaradılmayacaq. Ona görə də xahiş edirəm, mənə gözlərim müayinə olunana qədər vaxt verilsin».
Qiyas İbrahimova mayın 31-nə qədər vaxt verilib. (azadliq.org)
Oxunub: 388