Ölkədən bu qədər sərmayə axınının səbəbi nədir?
2017-ci ilin yanvar-mart aylarında birbaşa xarici investisiyalar (FDİ) şəklində Gürcüstan 403 milyon dollar qəbul edib. Bu, 2016-cı ilin analoji göstəricisindən 3.7 faiz çoxdur. Ən maraqlısı isə budur ki, Gürcüstana sərmayə yatıran ölkələr arasında Azərbyacan lider mövqedədir. Belə ki, Azərbaycanlılar bu ölkəyə 97 milyon dollar sərmayə yatırıb.
Statistik məlumatlar da göstərir ki, Azərbaycan hökumətindən fərqli olaraq Gürcüstan hökuməti ortaya nəticə qoyur, real addımlar atır. Heç kimə sirr deyil ki, qonşu ölkənin bu qədər önə çıxmasının, investisiya üçün cəlbedici məkana çevrilməsinin əsas səbəbi demokratiyaya könül verməsidir. Bəli, Gürcüstana investisiya cəlb edən, turist axınına səbəb olan əsas amil ölkənin imicidir. Qonşu ölkə birmənalı şəkildə avrointeqrasiya kursu götürüb və Avropanın bir parçası olmaq üçün bütün öhdəliklərə əməl edir. Hətta Azərbaycan hökumətinin Gürcüstanda həyata keçirdiyi Əfqan Muxtarlı əməliyyatının nəticələri də göstərdi ki, Gürcüstan “tərbiyəsiz uşaqlar”a qoşulmaq istəmir. Prezident səviyyəsində məlum hadisəyə reaksiya verildi və bugünə qədər gərgin müzakirələr davam edir. Gürcüstan cəmiyyəti də, hökuməti də başa düşür ki, ölkənin demokratik imicinin korlanması, bütün nəaliyyətlərin itirilməsiylə nəticələnə bilər.
Bəli, Azərbaycna hökuməti Gürcüstandan adam oğurlamaqla, Gürcüstan hökuməti Azərbaycandan sərmayə “oğurlamaqla” məşğuldu. Çünki, Azərbaycan hakimiyyəti üçün şəxsi maraqlar önəmlidir və xalqın, dövlətin mənafeyi qətiyyən önəm daşımır.
Amma məsələ təkcə Gürcüstana külli miqdarda sərmayə yatırılmasıya yekunlaşmır. Aydın şəkildə görünür ki, bu qədər sərmayəni qonşu ölkəyə köçürən iri məmurlardı. Yəni, Azərbaycanda bu qədər maliyyə resursuna yalnız iri məmurlar sahib ola bilir və bu qədər pulu yalnız bu adamlar ölkədən asanlıqla çıxarmağa qadirdilər. Deməli, ölkədəki vəziyyətin bərbad olduğunu, bu gedişlə heç bir perspektivin olmayacağını “inkişaf mələkləri” də başa düşürlər. Hətta komanda üzvləri də verilən vədlərə inanmır və imkan tapan kimi pullarını xaricə çıxarırlar.
Nə qədər ki, Azərbaycan hakimiyyəti üçün korrupsiya, hüquqsuzluq, inhisarçılıq müqəddəs olaraq qalacaq, o vaxta qədər də Azərbacan iqtisadiyyatı “koma”dan çıxa bilməyəcək.
Azərbaycan hökuməti “vəziyyət nəzrətdədir” deyəndə, komanda üzvlərinin maddi vəziyyətini nəzərdə tutur. Və bu komanda uzun illər ərzində mənimsənilən milyardlarla dünyanın hər yerində biznes imperiyası qurublar. İndi yeganə narahatlıqları hakimiyyət kürsüsünü itirməklə bağlıdır və buna görə də bütün fəaliyyətləri şər ssenariləri yazmağa, repressiya maşınını hərəkətə gətirməyə yönəlib. Ona görə də hər ötən gün kasıb qonşularımız bizi üstələyir, bütün parametrlər üzrə önə çıxır.
Hansıki, dünyanın və regionun sərmayəsi Azərbaycana axmalıydı və Azərbaycan regionun bankına çevrilməliydi. Göründüyü kimi yarıtmaz siyasət Azərbaycanı hər gün biraz da arzuolunmaz məkana çevirir.
Akif
Oxunub: 856