Zümrüd Yağmur
Son vaxtlar tərk edilmiş yerlər diqqətimi çəkir. Boş qalmış, dağılmış zavodlar, yataqxanalar, təyinatının nə olduğunu bilmədiyim bir sürü xarabalıqlar… Bakı ətrafı doludur belə tərk edilmiş yerlərlə və bəzən o yerlərə yaxın getməyə cəsarət etmirsən, eləcə uzaqdan baxıb vaxtı ilə nəyəsə yararı olmuş , indisə kimsəsiz qalmış ucuq-sökük yerlərin ruhunda daşıdığı nədirsə, onu hiss etməyə çalışırsan. Ruhunda tərkedilmişliyin kimsəsizliyini daşıyan, xarabalıqları altında sanki özü qalmış o yerlərin yaddaşındakı acını hiss edirmiş kimi olursan sanki…
Bir necə gün öncə Biləcərinin ətrafında olan, kimsəsizliyə tərkedilmiş xarabalıqların gəzintisi sonunda təsadüfən uzun illər Bakıda yaşadığıma baxmayaraq, ilk dəfə Biləcəri stansiyasına gedib çıxdım.
Və burda…
Qatarlar Qərbdən Şərqə, Şərqdən də Qərbə gedir…
Eynən Çingiz Aytmatovun manqurt övladı tərəfindən öldürülən Neyman ananın cənazəsini basdırmağa aparan, bicarə şəkildə Qərbdən Şərqə, Şərqdən Qərbə gedən qatarların əhatəsində kimsəsiz çölə sığınan insanların öz kimliyini dəfn etməyə apardığı kimi…, burda da bir xalq öz sərvətini bir yığın acgözə təslim edib gələcəyini dəfn edirdi.
Reyslərin üzərində milyonları daşıyan neft sisternlərinin əhatəsində öz zavallı və kimsəsiz görünüşü ilə sanki milyonların bu ölkənin insanına aidiyyatı olmadığını bağırıb, xaraba halı ilə bütün olanlarla barışdığını elan edən, yan-yana düzülmüş daxmalar və onların öz bicarəliyini bilmədən ömür sürən sakinləri… Sanki bir manqurt da orda peyda olmuş, əlini uzadıb o sakinlərin insanca yaşamaq yaddaşını almış kimi…
Geniş bir ərazini əhatə edən qatar reyslərinin üstündə ucaldılan körpüyə qalxdım və ordan neft sisterinlərinin dayandığı, bu ölkənin sərvəti olan o milyonların əhatəsində yaşayanların daxmalarına baxdım. Ordan gələn işıqlar da sönükdü. Dəmir yollarındasa gur işıq yanırdı və mənə elə gəldi ki, bu gur işıqlar Cırtdanın gözünü qamaşdırıb səhv qərar verməsi ilə gedib çıxdığı divin evindəki işıqların Azərbaycanda qorxulu nağıla çevrilmiş halıdır…
***
Burda qatarlar Qərbdən Şərqə, Şərqdən də Qərbə getmirdi, burda milyonlar Şərqdən Qərbə gedib ordan daha Şərqə geri dönmürdü, eləcə getdiyi yerdə banklara yığılıb bir ailənin sərvətinə çevrilirdi.
Yanımdan biri ötüb keçir, üzünü qaranlıqda sezmədim, dönüb arxasınca baxdım və mənə elə gəldi ki, çox dərdlidir, ayaqlarını da güclə sürüyür. İçimə qarşısı alınmaz bir qəhər doldu, düşündüm ki, yəqin onun doğulmasına hamı sevinib, bəlkə qurbanlar kəsilib, ilk addımını atanda anası bəlkə göz yaşlarını tuta bilməyib. Amma indi o bu dünyaya öz bicarə və gərəksiz halı ilə yükdən başqa bir şey deyil.
Onun qədərini doğulduğu ölkə, daha dəqiq desək, 25 ildir bir ölkənin hər şeyini zəbt edənlərin acgözlüyü yazmışdı.
Amma bəlkə kövrəlməyim heç yanımdan keçib gedənin durumuna da deyildi. Vaxtı ilə onun ilk addımını atarkən təkçə övladına deyil, onunla bağlı ümidlərinə, arzu və istəklərinə gülüb qol açan ananın indi kövrək və kimsəsiz, acı yüklü ruhunun carəsizliyinə idi kədərim?!
Mərhəmət hissisə yox olmuşdu. Bu qarşamaşanın içində bildiyim və tək əmin olduğum o idi ki, bu ölkədə iki zehniyyət, təbbə və feodal təfəkkürü hökm sürürdü və kimsə də bir-birinə qarışmırdı. Hər iki təfəkkür manqurtun zavalına gəlibmiş kimi “qardaşlaşıb” doğmalaşmışdı. Bu canavar qardaşlaşmasında zehnində vəhşi bir cəllad təfəkkürü bəsləyənlər hər gün yüz günahsızın qanını töksə də, min məsumun ahını ərşə qaldırsa da, bətnində qorxu bəsləyənlərdən səs çıxmırdı.
Əzənlər və əzilənlərin manqutlaşmasını izlədikcə insanın içindən mərhəmət hissi necə məhv olur, bir bilsəniz?!
***
Biləcəri stansiyasında milyonları Şərqdən Qərbə aparan reyslərin üstündən keçib geri qayıtmaq üçün bir xeyli yol axtardım. Getdiyim yolu geri qayıda bilməzdim. Orda it sürüsü vardı və bərkdən hürürdülər. Bilirdim, burda divdən xilas it hürən tərəfdə deyil.
Oxunub: 600