AXCP lideri həbsxananın “qapısını döyürsə”, onu həbs etmək istəyinin elanı nəyə yarayar?
İlham Əliyevin əsəbləri dözmədi və Əli Kərimlini həbs etdirmək arzusunu ictimailəşdirdi. Hazırda hakimiyyətin əsas ideya-təbliğat ruporuna çevrilən bir saytda açıq mətnlə yazılıb ki, növbə Əli Kərimlinindir, onu da həbs etmək, onunla qurtarmaq lazımdır. Bunu Əli Kərimlinin İlham Əliyevi açıq mübarizəyə çağırmasına cavab da saymaq olar.
AXCP sədri iki-üç gün qabaq müavini Gözəl Bayramlının apellyasiya məhkəməsindən sonra verdiyi açıqlamada İlham Əliyevi və hökumətini Azadlıq Meydanında və ya başqa bir mərkəzi meydanda sərbəst mitinqlə yarışmağa, xalqın kimə daha çox dəstək verdiyini göstərməyə çağırdı. Əslində bu, hüdudsuz inzibati, maddi və informativ resurslara sərəncam verən bir hakimiyyət qarşısında 20 ildən çoxdur repressiyadan keçirilən, toplaşmağa yeri-yurdu, sözünü çatdırmağa media resursu olmayan, rəhbərliyinin yarısı həbsxanada saxlanan, hər günü daha artıq məhrumiyyətlə keçən bir partiyanın lideri üçün çox cəsarətli çağırış idi. Amma həm də inamlı və alicənab. İllərdir inzibati terrorun hədəfinə çevrilən müxalifət lideri hakimiyyəti açıq və ədalətli siyasi rəqabətə səsləyirdi. Təəssüf ki, aldığı cavab istənilən siyasi hakimiyyət üçün utancverici sayılacaq üslubda oldu. “Nə rəqabət? Səni də şərləyib həbs etdirmək fikrindəyik…” – təxminən belə.
İlham Əliyevin bu arzusunu bir vaxtlar onun zindana atdırıb Əli Kərimlinin müdafiəsinə möhtac qoyduğu bir dönüyün dilə gətirməsi də həyatın qəribə təzadıdır. Amma bunun elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, İlham Əliyev Əli Kərimlindən yaxa qurtarmaq qayğısıyla yaşadığını, onu həbs etdirmək istədiyini cəmiyyətə çatdırıb, qulluqçu vasitəsilə olsa da.
Əslində İlham Əliyevin bu istəyi cəmiyyət üçün naməlum deyildi. Siyasətlə az-çox maraqlanan hamı bilir ki, illərdir hakimiyyətin bir nömrəli hədəfi Əli Kərimlidir. Elə bir repressiya dalğası olmayıb ki, AXCP-dən və onun sədrindən yan keçsin. Barəsində saxta bir cinayət işinin 23 ildir açıq saxlandığı, vətəndaşlıq pasportunun 11 ildir, hətta Avropa Məhkəməsinin qərarından sonra da verilmədiyi ikinci siyasi lider nəinki Azərbaycanda, yəqin heç dünyada yoxdur. Adının hansısa cinayət dosyelərinə salınıb istintaqa çağırılması isə AXCP lideri üçün artıq adiləşib.
Dəfələrlə olub ki, başlanmış siyasi həbslər dalğasına Əli Kərimlini də qatmaq üçün planlar qurulub. Bu məqsədlə tutulanlara ağır işgəncələr verildiyi də bəllidir. Jurnalist Pərviz Həşimlinin, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və onunla birgə tutulanların məhkəmədə verdikləri açıqlamalarla geniş ictimaiyyət bu faktlardan xəbərdardır.
Əli Kərimlini həbs etmək məqsədilə illərdir onun gah Ermənistan kəşfiyyatı ilə əlaqədə olduğunu, gah hakimiyyətdaxili hansısa qruplaşmadan maliyyə aldığını, gah dövlət çevrilişi hazırladığını, gah Fətullah Gülənin Azərbaycanda şəbəkəsini yaratdığını iddia edən ağır əməliyyatlar qururlar, amma hər dəfə də son məqsədlərinə çata bilmirlər.
Pərviz Həşimliyə keçmiş MTN-də işgəncə verib, ifadə almağa çılışmışdılar ki, guya onun vasitəsilə müəyyən nazir və generallar AXCP sədrinə maliyyə ötürüb. Amma jurnalist işgəncəyə davam gətirmiş, özünə və AXCP sədrinə böhtan atmağı qəbul etməmişdi. Faktı onun özü məhkəmədə səsləndirib.
Tale Bağırzadə və başqa Nardaran məhbuslarına onları Əli Kərimlinin dövlət çevrilişinə təhrik etdiyini dedirtmək üçün hansı vəhşi zülmlər verildiyi də bu iş üzrə məhkəmə proseslərindən ictimaiyyətə bəllidir. Yalnız Tale Bağırzadə və dostlarının mətanəti sayəsində hakimiyyət yalançı dövlət çevrilişinə cəhd ittihamına həqiqilik donu geyindirə və Əli Kərimlini də həbs edə bilmədi. Hərçənd, bunun əvəzini AXCP sədrinin müavini Fuad Qəhrəmanlını həmən iş üzrə həbs edib, 10 il iş verməklə çıxdılar.
Bunlardan çox-çox qabaq isə indi mövqeyini dəyişənlərdən olan başqa bir keçmiş siyasi məhbusa işgəncə verib, guya onun vasitəsilə Əli Kərimlinin erməni xəfiyyəsilə təmasda olduğu ifadəsini almaq istəmişdilər, amma ala bilməmişdilər.
Nardaran olayının fiaskosundan sonra Türkiyədə məlum dövlət çevrilişinə cəhd və bunun arxasında ABŞ-dakı ruhani Fətullah Gülənin durduğu haqda ittihamlar İlham Əliyev hakimiyyətini həvəsləndirdi. Dərhal belə bir əməliyyata göstəriş verildi ki, Əli Kərimlini Azərbaycanda Fətullah Gülən üçün şəbəkə yaratmaqda ittiham edib, həbsə göndərmək lazımdır. Əməliyyat AXCP sədrinin köməkçisi Faiq Əmirli və partiyanın Gənclər Komitəsi funksionerlərindən biri Fuad Əhmədlini “Gülənçi” adı ilə həbs etməklə başladı, amma bundan uzağa getmək mümkün olmadı. Beynəlxalq konyuktura və Türkiyənin məsələyə yanaşması bu absurdu Əli Kərimlinin həbsinə qədər böyütməyə imkan vermədi və hətta Fuad Əhmədli ilə Faiq Əmirli də məhkəməyə “Gülənçi” kimi yox, tamam başqa ittihamlarla çıxarıldı.
İndi də yeni bir avantüra üzərində iş gedir. Azərbaycan demokratik müxalifətinin guya Gürcüstanda “inqilab mərkəzi” yaratdığı və hansısa mifik Qərb dairələrindən ora maliyyə axdığı haqda uydurma dövriyyəyə buraxılıb. Bu, hakimiyyətə cəmiyyəti “xarici düşmən” uydurması ilə təsirə salmaq üçün lazımdır. Bütün avtoritar-diktatura rejimləri bu metoddan istifadə edir. Başqa tərəfdən, regionun həqiqətən də “azadlıq adasına” çevrilmiş və Azərbaycanda repressiyadan yaxa qurtarmaq istəyən bir neçə nəfərin pənah aparmış olduğu Gürcüstanı şantaj məqsədi var burda. Belə görünür, bu şantaj (və yəqin ki, təkcə şantaj yox, başqa təsir vasitələri də) müəyyən nəticə verib – Gürcüstan artıq ən azı azərbaycanlı siyasi mühacirlər üçün təhlükəsiz yer sayılmır. Jurnalist Əfqan Muxtarlının Tbilisinin mərkəzindən oğurlanıb Bakı türməsinə qədər gətirilməsi isə vəziyyəti daha da qəlizləşdirib.
Paralele olaraq Azərbaycan hakimiyyətinin ideya düşməni olan Qərbə – ABŞ və Avropa Birliyinə qarşı yönəlmiş bu uydurmanın ölkə daxilindəki hədəfi isə təbii ki, Əliyevin avtoritar idarəçiliyinə qarşı mübarizə aparanlardır. Hədəfin mərkəzində yenə AXCP sədridir. Uydurulmuş bu beynəlxalq miqyaslı inqilabi işin təşkilatçısı, lideri kimi məhz Əli Kərimli təqdim olunur və “o, həbs edilməlidir” hökmü çıxarılır.
Bəs İlham Əliyev Əli Kərimlini həbs etdirə bilərmi? Yaxud sualı bir az başqa cür qoyaq – Əli Kərimlinin həbsi İlham Əliyevi siyasi süqutdan xilas edərmi? Görünür, İlham Əliyevin ətrafında hadisələrə rasional baxış itib və emosiyalarla hərəkət dominantlıq qazanıb deyə, bu sullara cavab axtarmayıblar. Əks halda İlham Əliyevdən üzü aşağılara belə bir niyyət süzülməzdi. Yox əgər o mülahizələrlə razılaşsaq ki, bu “hökm” İlham Əliyevin özündən xəbərsiz, sadəcə onun AXCP sədrinə bəslədiyi kin-küdurətə güvənilərək elan edilib, onda gərək İlham Əliyev ətrafında kimlərin ona qorxulu sürprizlər hazırladığı haqqında düşünə. Təcrübə isə göstərir ki, bütün avantürist qərarların arxasında elə İlham Əliyevin özü dayanır, yaxud sonda dayanmağa məcbur olur.
Deməli, İlham Əliyev ona xas emosional davranışla və təkəbbürün diqtəsilə qərar verib ki, əlindən ah-nalə çəkdiyi Əli Kərimlini heç olmasa bir müddətə həbsxana divarları arasında susdurmaq istədiyi açıq elan olunsun. Bəlkə də o məqsədlə ki, Əli Kərimli ehtiyatlanıb geri çəkilsin. Hərçənd, İlham Əliyev sezməmiş olmaz və az sonra biz də təsvir edəcəyik ki, Əli Kərimli belə təhdidlərdən çəkinən biri deyil. Bəs istəyin baş tutub-tutmayacağı necə, hesaba alınıbmı? Belə görünür ki, yenə də yox.
Artıq indidən demək olar ki, bu ssenari də iflasa uğrayıb. Doğrudur, hakimiyyətin əlinə yenə iki “qənimət” keçib – AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı bu ssenariyə adları yazılmış demokratik düşərgə fəalları kimi həbs olunub. Amma böyük hesabla bu həbslər yalnız azad edilmələri vaxtaşırı ən müxtəlif səviyyələrdə şəxsən İlham Əliyevdən tələb olunan siyasi məhbusların sayını artırır. Başqa heç bir məqsədə kömək etmir. Əminliklə demək olar ki, bu kampaniyanı yeni həbslərlə, xüsusən də elan olunduğu kimi, Əli Kərimlinin həbsi ilə yekunlaşdırmaq mümkünsüz görünür. İlham Əliyev hakimiyyəti hələ bu iki həbslə üz-gözünə buladığı yeni çirkabları təmizləməklə məşğul olmalıdır. Xüsusən də Əfqan Muxtarlını Tbilisidən oğurlatdıraraq həbs etməsi Azərbaycan iqtidarını beynəlxalq skandalın içinə salıb. Gürcüstanda az qala siyasi böhrana səbəb olan əks-reaksiyanın dalğaları şübhəsiz ki, Bakıdakı bağlı qapıları da döyür. Gözəl Bayramlı və Əfqan Muxtarlının həbsindən sonra ABŞ Dövlət Departamenti 2 bəyanat verərək, həm onları, həm də buna qədər həbs edilmiş siyasi məhbusları azad etməyə çağırıb. İlham Əliyev hakimiyyəti özünü Qərbdən nə qədər uzaqlaşmış göstərsə də, onunla qarşıdurmanın böyüməsinə maraqlı ola bilməz.
Bir az əvvəl verdiyimiz sualın cavabını başqa tərəfdən Əli Kərimlinin davranışlarında axtarmaq olar. Əli Kərimli artıq qeyd etdiyimiz kimi, xeyli vaxtdır açıq-gizli həbslə təhdid olunur, lakin heç bir halda mövqeyindən azacıq belə geri çəkilmir. Hakimiyyətin sonuncu avantürasından – Gözəl Bayramlının həbsindən sonra da AXCP sədri ona qarşı yönələn təhlükədən ehtiyatlanmayıb, əksinə, belə müşahidə olnur ki, bilərəkdən təhlükənin üzərinə yeriyir. Verdiyi açıqlamalar elə təəssürat yaradır ki, Əli Kərimli məhz hakimiyyətin onu həbs etməsinə çalışır. Hər fürsətdə və addımda həbsdən çəkinmədiyini nümayiş etdirir. Yəqin ki, AXCP lideri onun həbsi ilə İlham Əliyevin hansı ciddi problemlər yaşayacağını bir praqmatik siyasətçi kimi hesablayır və hətta öz həbsi bahasına olsa da, Azərbaycandakı avtoritar rejimi laxlatmağı məqbul sayır.
Ən əsası, İlham Əliyev hakimiyyətinə daha bötük təhlükə özünün iflas etmiş idarəçiliyidir. Əli Kərimlinin təşkilatlandırdığı mübarizə oldu-olmadı, bu idarəçilik siyasi süquta aparır. Nəinki AXCP sədri, lap ölkənin bütün demokratik düşüncəli insanları da həbs edilsə, sosial-iqtisadi iflasdan qaçmaq mümkün olmayacaq. Hakimiyyət idarəçilik qabiliyyətini itirib və bunun diqtə etdiyi labüd siyasi süqutun qarşısını repressiya ilə almaq mümkün deyil.
Bütün hallarda İlham Əliyevin Əli Kərimli ilə qarşıdurmasında indi sezilən odur ki, AXCP lideri hadisələrin şəxsən onun üçün ən pis variantda inkişafına da hazırdır və istənilən variantda hakimiyyətin məğlubiyyətdən qaça bilməyəcəyinə əmindir. İlham Əliyev hakimiyyətin növbəti mərhələ üçün hansı qərarlar verəcəyini və hansı variant üzrə Azərbaycan siyasi səhnəsindən çəkiləcəyini isə zaman göstərər.
Azadliq.info
Oxunub: 2322