“Əfqan Muxtarlı insan oğurluğu ilə məşğul olan bir dövlətin vətəndaşı olmaq istəmir. O, oğurlanmasında iştirak edən şəxslərin müəyyən edilib, cəzalandırılmasını xahiş edir”.
Bu barədə vəkil Elçin Sadıqov iyunun 7-də jurnalistlə görüşündən sonra Facebook səhifəsində Muxtarlıya istinadən video yayımda bildirib.
Onun sözlərinə görə, Əfqan Muxtarlı hesab edir ki, Gürcüstan hökuməti onun olduğu və oğurlandığı küçələrdəki, yollardakı video kameraların lent yazılarını media vasitəsi ictimaiyyətə təqdim etməlidir.
“Həmçinin Gürcüstanın Laqodexi rayonunda yerləşən sərhəd-buraxılış məntəqəsindəki video kameralardakı görüntülər də ictimaiyyətə təqdim edilməlidir. Jurnalist hesab edir ki, bu zaman Muxtarlının Azərbaycanın xüsusi xidmət orqanının avtomobilində aparıldığı və onu Gürcüstanın xüsusi xidmət orqanının Azərbaycanın xüsusi xidmət orqanına təhvil verdiyi təsdiqini tapacaq”, vəkil qeyd edib.
Əfqan Muxtarlı Gürcüstanın Azərbaycandakı səfirnin onunla görüşə gəlməsini xahiş edib.
“Biz xahiş edirik, hüquqi cəhətdən isə tələb edirik ki, Gürcüstanın Azərbaycandakı səfiri Muxtarlı ilə görüşsün. Əfqan Muxtarlının Gürcüstanda oğurlanmasına aydınlıq gətirsin və onun suallarını cavablandırsın”, Sadıqov qeyd edib.
Oxunub: 948