İyunun 7-də İranın paytaxtı Tehranda terror hadisəsi baş verib. Silahlı şəxslər İran parlamentinə hücum edib. Eyni zamanda Tehrandakı İmam Xomeyni məqbərəsi qarşısında da insanlara silahlı hücum olub. Terror nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb. Hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürüb.
İranın informasiya agentlikləri xəbər verir ki, həm parlamentə, həm də Xomeyni türbəsinə ayrı-ayrılıqda 4 nəfər hücum edib.
Ölkənin Daxili İşlәr Nazirliyi açıqlama yayıb ki, parlamentə hücum edən terrorçular içəri əsas qapıdan qadın paltarı geyinәrәk keçiblər.
Parlament binasına daxil olan terrorçular orada 4 nəfəri girov götürüb. Bina dərhal polis mühasirəsinə alınıb, əraziyə snayperlər gətirilib. Məlumatlara görə, terrorçular Kalaşnikov avtomatı və tapança ilə silahlanıb.
Əməliyyatın gedişində məlumat yayılıb ki, terrorçulardan biri, girovlara nəzarət edən polislərin onu mühasirəyə aldığını görərək özünü partladıb və girovların aqibəti bəlli deyil. Lakin sonradan parlament binasındakı terrorçuların öldürüldüyü və girovların azad edildiyi xəbər verilib.
İran xəbər agentlikləri bildirir ki, İmam Xomeyni məqbərəsinə hücum edən terrorçulardan biri özünü partladaraq öldürüb. Onun qadın kamikadze olduğu deyilir. Terrorçulardan birinin də özünü zəhər içərək öldürdüyü xəbər verirlir. Buradakı hücum zamanı bir neçə nəfər yaralanıb.
İran təhlükəsizlik orqanları məlumat yayıblar ki, şəhərdə 3-cü terrora cəhdin qarşısı alınıb və hadisəni törətməyə hazırlaşan qrup vaxtında zərərsizləşdirilib.
İŞİD Tehrandakı hücumların məsuliyyətini öz üzərinə götürüb. İŞİD bu barədə özünə bağlı sosial media vasitəsilə açıqlama yayıb. Lakin qruplaşma öz iddiasını dəstəkləmək üçün heç bir sübut göstərməyib. Maraqlıdır ki, İŞİD bir həftə əvvəl yaydığı bir videoda İranı zərbə vuracağı ilə hədələmişdi.
azadliq.info
Oxunub: 2362