“Bu həbsin arxasında hansı maraqların olması bizə çox yaxşı məlumdur”
Müsəlman Birliyi Hərəkatı AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə əlaqədar bəyanat yayıb. İnanclı insanlar da hesab edir ki, Gözəl Bayramlı sifarişlə həbs olunub, ona qarşı ittihamlar tamamilə cəfəngiyyat, haqqındakı cinayət işi də saxtadır. Bu həbs həm də Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan insanların təqib və təzyiqlərə məruz qalmasının növbəti sübutudur.
“Biz Müsəlman Birliyi Hərəkatı olaraq xalqımızın rifahının, hürriyyətinin və haqlarının tapdanmasına heç vaxt səssiz qalmayacağıq. Çünki bu işlər bizim siyasi-ictimai vəzifəmizdir.
AXCP-nin sədr müavini Gözəl xanımın həbsi bizi çox narahat etdi. Bu həbsin arxasında hansı maraqların olması bizə çox yaxşı məlumdur. Bu maraq birbaşa Gözəl xanımın siyasi fəaliyyəti ilə bağlıdır. Gözəl xanımın siyasi arenadakı geniş və təqdirəlayiq fəaliyyəti hakimiyyəti çox narahat edib. Gender bərabərliyindən danışan bu iqtidar Gözəl xanımın siyasi fəaliyyətini həzm edə bilmədiyindən həbsinə fərman verib.
Səhv etmiriksə, yeganə müsəlman ölkəsidir ki, burada “azad qadın” heykəli var. Bunu simvolizə edənlər, elə qadınları da daş heykəl kimi görmək istəyirlər. Əgər bu cür olmasaydı, Gözəl xanımın siyasi və ictimai fəaliyyətini daş heykələ çevirmək istəməzdilər. Elə bir ölkədə ki, orada az qalır, daş heykəllərin sayı xalqın sayına bərabər olsun…
Biz bu həbsi birmənalı şəkildə pisləyir, bu həbsin siyasi sifariş olduğunu qeyd etməklə yanaşı, gender bərabərliyi qanunlarının tam şəkildə pozulduğunu da bildiririk. Əgər ölkəmizdə gender bərabərliyi olsaydı, bu xanımın siyasi və ictimai fəallığı bu qədər qısqanclıqla qarşılanmazdı, həbs edilməzdi. Bu həbs birbaşa iqtidarın göstərişi ilə həyata keçirilib və bu da ölkəmizdə azad siyasi fəaliyyətlə məşğul olan insanların yaxın keçmişdə olduğu kimi, bu günümüzdə də siyasi təqiblərə məruz qalmasının göstəricidir.
Biz bu siyasi təqiblərə son qoyulmasını və Gözəl xanımın pozulmuş hüquqlarının bərpa edilib, tezliklə azadlığa buraxılmasını tələb edirik”, – deyə bəyanatda bildirilir.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, birliyin yüzə qədər üzvü müxtəlif qondarma ittihamlarla həbsxanaya salınıb.
Azadliq.info
Oxunub: 458