“Qasid”in sədr müavini “Azadlıq”a 67 minlik borcu etiraf etdi
“Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli 2016-cı ilim avqustunda saxta cinayət işi ilə Fətullah Gülən tərəfdarı kimi təqdim edilib həbs olunsa da, onun işi üzrə istintaq yalnız “Azadlıq” qəzeti ətrafında gedib. İndi məhkəmədə məlum olur ki, sən demə, sənəd itkisi haqda elandan tutmuş, kəndlinin bal satmasına qədər bütün elan verənləri çağırıb dindiriblər, onlardan qəzetə nə qədər pul verdiklərini soruşublar. İndi də həmin adamları şahid qismində məhkəməyə çağırırlar.
Faiq Əmirlinin işinə Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılır. Məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir.
Bugünkü məhkəmə iclasında əvvəlcə “Qaya”, “Qasid”, “Press-Elita” mətbuat yayımı firmalarının təmsilçiləri dindirilib.
“Qaya” yayım firmasından Sokrat Süleymanov deyib ki, qəzetin satılan nüsxələrinə görə əldə olunan vəsaitin 35-40 faizi onlara qalırdı.
“Qasid” ASC-nin sədr müavini Ağaəli İsmayılov “Azadlıq”ın satılan nüsxələrinə görə qəzetə 67 min manat borclu olduqlarını təsdiqləyib.
Qeyd edək ki, istintaq Faiq Əmirlinin üzərinə 39 min vergi borcu qoyub. İddia olunur ki, qəzetin satışı az göstərilməklə, bu qədər vergidən yayınma baş verib.
Faiq Əmirli isə deyir ki, əvvəla satışın aşağı göstərilməsi halı olmayıb. İkincisi də prokurorluq qiymətləri şişirdib. Prokurorluğun göstərdiyi rəqəmlərə diqqət yetirəndə aydın olur ki, istintaqçılar qəzetin hansı ildə neçəyə satıldığını, satılan nüsxələrin pulundan yayım firmalarının 35-40 faizlik payını nəzərə almayıblar.
Daha sonra qəzetdə elanı yayımlanmış şəxslər dindirilib. Onların hamısı bildiriblər ki, Faiq Əmirlini tanımırlar, ona pul da verməyiblər.
Klinikada çalışan Sevda Muradova deyir ki, “Azadlıq” qəzetində kosmetoloji xidmətlə bağlı elan verib: “Elə bir imkanım yox idi deyə, bir necə ayda 30-40 manat verirdim. Sonra məsləhət oldu ki, bu qəzetə elan verməyim”.
Şahid qismində dindirilən vəkil Cavanşir Süleymanov bildirib ki, bir neçə il əvvəl qəzetlərdə, o cümlədən “Azadlıq”da elan verib: “Verdiyim məbləğ yadımda deyil. Çoxdan olub, ona görə nə vaxt verildiyini də xatırlamıram. 5-3 manat olardı… Onun da qəbzini veriblər mənə“.
“Azadlıq” qəzetinin iki əməkdaşı – redaktoru Sücəddin Şərifov və müxbiri Vidadi Məmmədov da elanlar məsələsi ilə əlaqədar dindirilib.
Vidadi Məmmədov deyib ki, bibisigilin evini satması haqda elanı qəzetdə yerləşdirdiyinə görə Faiqin həbsindən sonra prokurorluğa çağrılıb dindirilib. Soruşublar ki, həmin elana görə nə qədər pul ödəyib: “Mən də cavab verdim ki, ümumiyyətlə, pul ödənilməyib”.
Redaktor Sücəddin Şərifov isə həkim məsləhəti ilə bağlı elana görə dindirilib. Onun sözlərinə görə, Süleyman Cəbrayılov adlı həkim zəng edərək, göstərdiyi tibbi xidmət haqda yazılarının, elanının qəzetdə yerləşdirilməsi üçün kömək istəyib: “2010-cu ildə seçki ərəfəsində deputatlığa namizədlərin birləşdiyi İctimai Palata adlı qurum yaradılmışdı. Həkim mənə dedi ki, o da İctimai Palatanın üzvüdür. Mən də kömək elədim”.
Prokuror “Azadlıq”ın əməkdaşlarından Faiq Əmirlinin qəzetdəki fəaliyyəti haqda soruşub. Onlar bildiriblər ki, Faiq Əmirlinin işi qəzetin materialları hazırlanandan sonra onu çapa aparmaq və çapdan sonra yayım firmalarına paylamaq, həmçinin firmalardan satılan nüsxələrin pulunu toplayıb, rəhbərliyin göstərişi əsasında əməkdaşlara əməkhaqqı vermək olub.
“Azadlıq” qəzetində sənədlərinin itməsi haqda elanı yerləşdirmiş şahid Samir İsgəndərovun da ifadəsi maraqlı olub:
Hakim: Faiq Əmirovun işi üzrə ifadə vermisiz…
Şahid: Faiq Əmirov kimdi?
Dövlət ittihamçısı: “Azadlıq” qəzetilə bağlı…
Şahid: Hə, sənədlərim itmişdi, elan verdim.
Vəkil Aqil Layıcov: Elan üçün pul vermisiz?
Şahid: Bəli.
Vəkil: Nə qədər?
Şahid: 15-20 manat olardı.
Vəkil: Kimə vermisiz?
Şaahid: Nəşriyyatın qapısındakı polisə.
Qeyd edək ki, söhbət “Azadlıq” da daxil olmaqla, onlarla qəzet redaksiyasının yerləşdiyi Azərbaycan Nəşriyyatından gedir.
Məhkəmə iyunun 19-da davam edəcək.
AXCP sədri Əli Kərimli və partiyanın fəalları əvvəlki proseslərdə olduöu kimi, 12 iyun iclasında da iştirak edib, F.Əmirliyə dəstəklərini bildiriblər. AXCP sədri iclasdan sonra ictimaiyyət üçün açıqlama verib.
Azadliq.info
Oxunub: 768