İqtisadiyyata kapital qoyuluşu 8 dəfə azalıb. Bu barədə məlumatı FB səhifəsində iqtisadçı Nemət Əliyev paylaşıb.
İqtisadi və sosial inkişaf nağıllarını bir kənara buraxmaq lazımdır. Onsuz da belə nağılların əhaliyə təsiri qalmayıb. Ölkəyə nağıl yox, gerçək islahatlar gərəkdir.
Yerli müəssisə və təşkilatlar bu ilin yanvar-may dövründə ölkəmizdə vur-tut 251 milyon dollar ekvivalentində kapital-pul yatırımı həyata keçirib. Halbuki bu göstərici 2016-cı ilin yanvar-may dövründə 512 milyon dollar, 2015-ci ilin yanvar-may dövründə isə 2,1 milyard dollar olub. Göründüyü kimi bu yerli investorlarımız kapital-pul yatırımlarının həcmini ötən ilə nəzərən 2 dəfədən çox və ya 51%, 2016-cı ilə nəzərən 8 dəfədən çox və ya 88% azaldıb.
2016-cı ilin yanvar-may dövründə ölkəmizə yatırımları 18% azaldan xarici investorlar isə bu il bu göstəricini daha 9% azaldıb.
Beləliklə məlum olur ki, həm yerli, həm də xarici investisiya hələ də ölkəni tərk edir. Fəqət investisiya resurslarına, xüsusən də indiki zamanda hava-su qədər ehtiyacımız var. Burada-gözünün qarşısında, bir addımlıqda olan resursları tutub saxlaya-qoruya bilməyən hakimiyyətin xarici ölkələrdən resurs cəlb edə biləcəyni düşünmək absurddur. Nəzərə almaq lazımdır ki, investisiyaların xaricə axın etməsinin hazırkı səbəbi əsasən ölkədaxili əlverişsiz şəraitlə əlaqədardır.
Oxunub: 696