Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün üç saata yaxın Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilib.
Hüquq müdafiəçisi dindirməsi ilə bağlı feysbuk səhifəsində bunları yazıb:
“Bu gün 3 saata yaxın Respublika Prokuroruluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində oldum və ifadə verdim. Məlum oldu ki, AXCP sədrinin müavini Gözəl Bayramlıya qarşı qaldırılmış cinayət işi ilə bağlı yaranmış zərurətlə əlaqədar (!?) şahid qismində dindirilirəm.
İstintaq sirrinin yayılmaması barədə protokolu imzaladığıma görə sualların və cavabların üstündə detallı dayanmıram. Amma qeyd edim ki, Gözəl Bayramlı ilə yanaşı hüquq müdafiəçisi kimi fəaliyyətim, beynəlxalq təşkilatlarla və Gürcüstanla əlaqələrim, Milli Şura, hardan maliyələşməyim və hətta necə dolanmağıma dair (!?) çox saylı sualları cavablandırdım. Absurd, qurama cinayət işi və dindirmə…
Sonda müstəntiqə dediyim bir fikri burda da qeyd etmək istəyirəm; Gözəl Bayramlı kimi dürüst, təmiz və mübariz insanları şərləyib həbs edənlər tarix və qanun qarşısında cavab verəcəklər!
Buna heç kəsin şübhəsi olmasın!”
Oxunub: 604