Natiq Güləhmədoğlu
Əbülfəz Elçibəyin dillərə düşmüş sözlərindən biri belədir: neynəyək, Fransadan xalq gətirib dövlət quraq?! Elçibəy bu fikri yerli-yersiz xalqımızı tənqid edənlərə cavab olaraq səsləndirib. Yəni, dolayısı ilə o da xalqımızın tənqidə layiq çoxlu məziyyətləri olduğunu qəbul edir, ancaq əlavə edir ki, neynəyək olanmız budur.
Fransadan xalq gətirib, dövlət qurmaq hələ də bizim üçün fantastikadır. Ancaq, Fransadakı işsizlik səviyyəsi ilə, Azərbaycandakı işsizlik səviyyəsini tutuşdursaq, adam demək istəyir: niyə də bu fransızları işçi qüvvəsi kimi cəlb edib, onları ağ günə çıxarıb, özümüz də o pis görünən statistikadan qurtulmayaq?
Məlumat verim ki, Fransada işsizlik səviyyəsi 10 faiz, Azərbaycanda isə 5 faizdi. Bilirəm, deyəcəksiniz fransızı bizdə aşağı maaşa işləməyə heç kim razı sala bilməz. Uşaq olmayın, belə fikirdəsinizsə, demək doğma vətənimizi yaxşı tanımırsınız. Dəqiq bir faktı yazım, özünüz qərar verin.
2012-ci ilin yazı idi. Bir nəfər mənə dedi ki, redaksiyamızın yaxınlığındakı futbol meydançasında şirlər peyda olub, onlar hər gün gərnəşib əcaib səslə nərildəyirlər. Getdim. Bəlli oldu ki, bir bədbəxt fransızı kimsə tovlayıb Bakıya gətirib. Şirlərlə sirk filan göstərib, axırda da pulunu qamarlayıb cibinə qoyub, aradan çıxıb. İndi fransız özü də, şirləri də aclıqdan Bakı stadionunda nərə çəkir. Bәzi şirə qalib gələn sənətkarlarımız varkən, dövlət qurumlarımız cəsarətli olmalıdır. Fransız əmək bazarına bir göz atmağa dəyər.
Fransızları hələ qıraqda saxlayaq. Bu 5 faiz işsiz, niyə işsizdir, bunu müzakirə edək.
Əminəm o 5 faiz işsiz qəsdən belə edir. Nə qədər ürəyi qara adamlar var. Paxıllıqdan işləmirlər. İstəmirlər ki, ölkəmiz işsizliyi kökündən həll etmiş ölkə kimi dillərə düşsün. Ayrı-ayrı faktlar var ki, adamlar rüşvət verib özlərin “işsizlər” siyahısına salırlar. Dərindən araşdırma aparılsa bu adamların arxasında xarici dairələrin durduğunu çox asanca müəyyənləşdirmək olar. Bu adamların işi dəfələrlə deyildiyi kimi düşmən dəyirmanına su daşımaqdır. Bütün günü mənfur qüvvələrə su daşıyan adamın işləməyə heyi-həvəsi təbii ki, qalmayacaq.
5 faiz sizə zafarat gəlir. Ancaq siz də bəndeyi-həqir kimi hökumət saytlarında müxtəlif şirkətlərin işçi axtarışı üçün verdikləri elanları oxusaydınız, qəlbiniz dağlanardı. Hansı saytı açırsan, işçi soraqlayan şirkətlərlə, holdinqlərlə qarşılaşırsan. İş var, işçi yoxdur. Yazıq şirkətlər! Onlar buna görə nə qədər ziyana düşür?! Mənim kimi azsaylı vətənpərvəri çıxsaq, o binəvaların dərdinə yanan da yoxdur. Dövlətin əlaqədar orqanları da bu işçi defisiti qarşısında anlaşılmaz layqeydlik nümayiş etdirirlər.
İlin günün bu vaxtında niyə görə bizim zavodlar, fabriklər işçi deyib, dad çəkməlidilər? Niyə kənd təsərrüfatında tətbiq edilən praktika (müəllimlərin, həkimlərin pambıq yığımına cəlbi) daha geniş miqyasda həyata keçirilmir? Çevik polis alayı gündəlik ödhəlik kimi o qurumlara işçi təşkil edə bilməzmi? Evlərdə reyd aparmaq lazımdır. Əsas iş yerindən evə tez gələnləri, öz nəvələrin uzunçu həyat hekayələri ilə yoran nənə babaları tutub zavod, fabriklərə yollamaq lazımdır. İşləməkdən boyun qaçıran tüfeyli həyata meyilli ünsürlərin cibinə nəşə atıb, onları işləməyə məcbur etmək də olar.
Oxunub: 1174