Üstü betonlanmış neft quyusu fontan vurdu
Paytaxtın Sabunçu şossesində məskunlaşan məcburi köçkünlərdən redaksiyamıza həyacanlı xəbər daxil olub. Məlumatda əvvəllər üstü betonlanmış köhnə neft quyusunun fontan vurduğu bildirilir, aidiyyatı qurumların isə məsələyə laqeyd yanaşması qeyd olunurdu.
Əməkdaşımız hadisə yerində olub. Məlum olub ki, həmin yer 6 saylı Texniki Peşə məktəbinin ərazisi olub. 1993-cü ildən Ağdam, Füzuli və Cəbrayıldan olan məcburi köçkünlər bura yerləşdirilib. Sakinlərin bildirdiyinə görə ərazidə üstü betonlanmış 12 quyu var. Ətrafda hər zaman qaz qoxusu hiss olunub. Üç gün əvvəl üstü acılmış quyu ilə əlaqədar həm SOCAR-dan, həm Fövqaladə Hallar Nazirliyinin regional şöbəsindən gəliblər. Təhlükənin olmasını dolayı yolla bildirsələr də, təcili tədbir görülməsi barədə heçnə deyilməyib.
Ərazidə şadlıq evi üçün nəzərdə tutulmuş böyük bir binanın da neft quyularının ikisinin üzərində tikildiyi deyilir.
Adlarının anonim qalması şərti ilə əməkdaşımıza bildirilib ki, həmin ərazilər Daxili İşlər Nazirinin keçmiş müavini Əsgər Ələkbərovun qardaşı Süleyman Ələsgərova məxsusdur.
Sakinlər onu da bildiriblər ki, ərazidə 50-dən artıq ailə yaşayır. Hamısının da yaşayış şəraiti dözülməz haldadır. Dəfələrlə acınacaqlı vəziyyətləri ilə bağlı aidiyyatı qurumlara şikayətlər edilsə də, dərdlərinə çarə edən tapılmayıb.
azadliq.info
Oxunub: 68