Səudiyyə Ərəbistanının hakimiyyət orqanları İslam aləminin müqəddəs məkanlarına həcc ziyarəti üçün Məkkə və Mədinəyə gələn zəvvarların təhlükəsizliyini təmin etməkdən ötrü təqribən 30 min tibb işçisi cəlb edəcəklər.
Bu il həcc mövsümünün başlanması təxminən avqustun 30-na təsadüf edir və sentyabrın 4-də başa çatacaq. Həmin dövrdə Ərəfat dağı, Mina vadisi ətraflarında, habelə Məkkə və Mədinədə təxminən 25 xəstəxana gücləndirilmiş iş rejiminə keçəcək. Bundan əlavə, 150-dən çox mobil hospital yaratmaq planlaşdırılır. Eyni vaxtda təqribən beş min adam tibbi yardım ala biləcək. Xəstələrin təcili daşınmasına 100 təcili yardım maşını ayrılacaq.
Bundan əlavə, idarə zəvvarlara xidmət edən bütün heyətin meningit və qripə qarşı vaksinasiyası proqramını da işə salıb. Ciddə Beynəlxalq Aeroportuna gələn zəvvarlar Dünya Səhiyyə Təşkilatının standartlarına müvafiq məcburi tibbi müayinədən keçməlidirlər. Səudiyyə Ərəbistanının səfirliklərinə viza üçün ərizə verilən zaman məcburi qaydada meningitdən vaksinasiya haqqında arayış təqdim edilməlidir.
Regionda epidemioloji vəziyyət gərgin olaraq qalır. Koronovirusun əmələ gəldiyi vaxtdan etibarən yeni koronovirus (MERS-CoV) dövranının son illər xeyli genişlənməsi (27 ölkədə 1791 hadisə, o cümlədən ölümlə nəticələnən 640 hadisə) qeydə alınıb. Bu faktların 80 faizindən çoxu Səudiyyə Ərəbistanı Krallığında qeydə alınıb.
Koronovirus infeksiyası respirator traktının yuxarı şöbələrinin (bol seroz ifrazı ilə müşayiət olunan rinit, zəiflik, nasazlıq, boğazda qıcıqlanma, quru öskürək) zədələnməsi ilə xarakterizə olunan respirator xəstəlikdir. Xəstəliyin ağır gedişatı zamanı pnevmoniya ölümlə nəticələnə bilər.
Oxunub: 162