İranın dövlət mediası xəbər verir ki, polis İsfahan şəhəri yaxınlığında keçirilən hovuz qonaqlığında onlarca yarıçılpaq gənci həbs edib. Qonaqlıqda alkoqollu içkilərin içildiyi və rəqs edildiyi xəbər verilib.
Iribnews.ir televiziya xəbərləri portalında avqustun 9-da dərc olunmuş xəbərdə deyilir ki, İslam İnqilab Keşikçiləri Korpusunun yerli qüvvələri və yerli polis hər iki cinsdən olan 64 yarıçılpaq gənci qonaqlığın ertəsi günü həbs edib.
Xəbərdə bildirilir ki, qonaqlıq iştirakçıları rəqs etmiş və alkoqollu içkilər qəbul etmiş və “mənəviyyatsızlığın təbliğatı üçün” qonaqlığın fotolarını sosial mediaya yerləşdirmişlər.
Təsnim agentliyi bildirir ki, qonaqlıq barədə xəbəri polisə qonşular çatdırıblar.
İranda qüvvədə olan qanunlar alkoqol içilməsini və qohumluğu olmayan kişi vəqadınların bir qonaqlıqda olmasını qadağan edir.
AzadlıqRadiosunun müxbiri yazır ki, İranda polis şəxsi qonaqlıqlara tez-tez reydlər keçirir və adətən iştirakçılar saxlandıqdan sonra ağır cərimələrə məruz qalır və sərbəst buraxılırlar.
Avqustun 8-də Kirman vilayətinin yerli rəsmiləri üç “gecə məclisi mərkəzinin” bağlandığını və 18 nəfərin saxlandığını bildiriblər.
Oxunub: 288