Elman Əliyev 2015-ci ilin iyununda nəvəsinin hərarətinin düşmədiyini görüncə, onu 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirib. Criminal.az-in bildirdiyinə görə, burada uşağa “Neyrotaksikoz” diaqnozu qoyulub. Bu diaqnoza uyğun yazılan müalicə effekt vermədiyinə görə 3 yaşlı Səkinəni Mərkəzi Klinikaya aparıblar. Burada uşağa heç vaxt eşitmədikləri “FMF”(irsi Aralıq dənizi qızdırması) diaqnozu qoyulub.
Uşaq isə daha sonra “Neyroblastoma” (sinir hüceyrələrinin şiş xəstəliyindən) vəfat edib. Elman Əliyev nəvəsinin vəfatında 2 saylı Klinik Uşaq Xəstəxanasının həkimi Samirə Orucovanı, Mərkəzi Klinikanın allergoloqu Sevinc Abdullayevanı günahlandırır.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ailəyə dəymiş maddi və mənəvi ziyana görə hər iki xəstəxana ayrı-ayrılıqda 3 min manat təzminat ödəməlidir. Səhiyyə Nazirliyinin üçüncü şəxs kimi verdiyi apelyasiya şikayəti rədd edilib. Məhkəmə həkimlərin səhv diaqnoz qoyduqları qənaətinə gəlib. Şikayətçi isə həkimlərin həbs olunmasını tələb edir.
Mərkəzi Klinikanın həkimi Sevinc Abdullayeva bildirib ki, uşaq onun səhvindən vəfat etməyib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən deyiblər ki, məhkəmə prosesi bitəndən sonra hadisəyə münasibət bilirəcəklər. Ali Məhkəmə isə Bakı Apelyasiya Məhkəməsinin xəstəxanaların təzminat ödəməsi ilə bağlı qərarını qüvvədə saxlayıb.
Elman Əliyev deyir ki, həkimlər onun əlindən təkcə nəvəsini yox, qızının son ümidini də alıblar. Uşağın atası bir neçə il əvvəl avtomobil qəzasında vəfat edib.
Oxunub: 220