“Bu mühiti yaradan, bu korrupsioner şəbəkənin başında duran kimdir?”
“Azərbaycanda mətbuatın bu vəziyyətə düşməsinin bir səbəbi də Mətbuat Şurasının öz funksiyasını yerinə yetirə bilməməsidir”
Milli Şuranın sədri Cəmil Həsənli Azadlıq Radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:
– Cəmil bəy, “Turan” İA-da vergi əməkdaşlarının axtarış aparmasını, sənədlərin müsadirəsini kimi adi prosedur kimi qiymətləndirirsə, kimi də buna müstəqilliyini qorumağı bacaran media qurumunun susdurulması cəhdi kimi baxır. Siz baş verənləri necə görürsünüz?
– Əlbəttə, mən hesab edirəm ki, son günlər “Turan”a qarşı baş verənlər hakimiyyətin 2014-cü ildən daha sərt formada başladığı repressiya siyasətinin davamıdır. Həmin vaxtdan vətəndaş cəmiyyəti institutlarına, mətbuata, azad sözə total hücumlar başladı. Bu hücumun gedişində bir sıra mətbuat orqanları sıradan çıxarıldı, bir sıra mətbuat orqanlarının oxucu dairəsi xeyli məhdudlaşdırıldı. “Azadlıq” qəzetinin çapı dayandı, Azadlıq Radiosunun efir məkanına, “Meydan TV”nin ölkədə yayımına qadağalar qoyuldu. Şübhəsiz ki, “Turan” azad sözün son işartısı kimi bu zərbələri alır. Təəssüflər olsun ki, Vergilər Nazirliyi burada hüquq-mühafizə orqanlarının funksiyasını yerinə yetirir.
– Nə mənada?
– “Turan” mütəmadi olaraq nazirlik tərəfindən yoxlanılıb və yoxlamanın nəticəsi kimi aktlar tərtib olunub və həmin aktlarda informasiya agentliyinin qanun pozuntusuna yol verməsi əksini tapmayıb. İkincisi, nazirliyin sorğusuna cavab olaraq agentlik bildirib ki, tələb olunan sənədlərin surətini iki həftəyə onlara çatdıracaq. Bu vəd verildiyi halda, nazirliyin 8 əməkdaşının birdən-birə agentliyə tökülüb maliyyə sənədlərini aparması, kompüterin yaddaşını yoxlaması, iş prosesini pozması hüquqi dövlət və qanunçuluq anlayışları ilə ziddiyyət təşkil edir. Digər tərəfdən qanunla yoxlama son 3 ilin sənədlərini əhatə edə bilər, amma “Turan”dan son 7 ilin sənədlərini götürüblər. Bunlar əvvəl iddianı müəyyən edirlər, sonra “sübut-dəlil” axtarırlar. Bu, mətbuatı boğmaq siyasətidir, azad sözü boğmaq siyasətidir, müstəqil fəaliyyət göstərən informasiya agentliyinin işini dayandırmaq siyasətidir.
– Cəmil bəy, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “Facebook” səhifəsində yazıb ki, yoxlamanı aparan dövlət qurumudur və narahatlığa əsas yoxdur. Üstəlik əlavə edib ki, Şura “Turan”la bağlı nazirliyə müraciət edib. Eyni zamanda, məsələyə münasibət bildirən deputat Elman Məmmədov AzadlıqRadiosu-na açıqlamasında Azərbaycanda mətbuata təzyiq, təhlükə olmadığını bildirib, yoxlamaların sonunu gözləməyi təklif edib. Bəlkə doğrudan da, təxminlərlə çıxış etməkdənsə, rəsmi qurumun apardığı yoxlamaların sonunu gözləmək lazımdır?
– Bu, obyektivlikdən, gerçəklikdən tamam uzaq söhbətdir. Məncə, Azərbaycanda mətbuatın bu vəziyyətə düşməsinin bir səbəbi də Mətbuat Şurasının öz funksiyasını yerinə yetirə bilməməsi ilə bağlıdır. Vergilər Nazirliyi qanunu pozursa, agentliyin kompüterlərinə müdaxilə edirsə, bu, azad sözə müdaxilə deyil? Nazirlik burda icraçıdır və təəssüflər olsun ki, 2014-cü ildən başlayaraq Azərbaycanın vətəndaş cəmiyyəti qurumlarını, mətbuat orqanlarını bir qayda olaraq Vergilər Nazirliyinin əliylə susdurmağa, azad sözü boğmağa çalışırlar. Buna dair sübutlar var. Mətbuat Şurası medianı Vergilər Nazirliyinin xəttilə aparılan basqılardan qoruya bilmədi, heç buna cəhd də etmədi.
– Sizcə, Mətbuat Şurası bu durumda nə etməliydi?
– Mətbuat Şurasının funksiyası tamamilə ayrıdır. Şura azad sözün, azad mətbuatın qorunması istiqamətində fəaliyyət göstərməlidir. Amma faktiki olaraq bu qurum Prezident Administrasiyasının bir şöbəsinə çevrilib. Mətbuatı qorumaqdan çox mətbuatın boğulmasında Prezident Administrasiyasının yandaşına çevrilib.
– Yəni siz “Turan”ın aqibəti ilə bağlı nikbin düşünmürsüz?
– “Turan” qədər doğru-dürüst, obyektiv məlumat verən, balans gözləyən mətbuat qurumuna bu cür münasibətdən sonra hər hansı proqnoz vermək çətindir. Hərdən “Turan”ın verdiyi optimist proqnozlarla mən də razılaşmıram. “Ay ölkədə islahat gedir, islahata başladı-filan” yazırlar. İslahat Vergilər Nazirliyinin xəttilə agentliyi susdurmaqdan ibarətdir. Hər halda, yaxşı bir şey gözləmirəm.
– Bugünlərdə “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib ki, indi “Turan”ın başına gələnləri üç il öncə onlar yaşayıblar, amma o zaman heç kim onlara “qahmar çıxmayıb, dirəniş göstərməyib” deyə eyni aqibəti “Turan” yaşayır. Bu gün yaranmış durumda sizin təmsil olunduğunuz düşərgənin susqunluğunun təsir payı varmı?
– Məsələnin bu şəkildə qoyuluşu ilə razı deyiləm. Birincisi, “Turan”ın qapadılmasına ən çox etiraz edən bizik. Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısında “Turan”a qarşı repressiya ilə bağlı xüsusi bir açıqlama verildi.
– Sizcə, bu yetərlidirmi?
– Bu, təşkilati baxımdan addımdır. Ancaq Milli Şuranın hər bir üzvü “Turan”a qarşı ədalətsizliyə sosial şəbəkələrdə etiraz ediblər. Demək olmaz ki, bu susqunluqdur. Sadəcə, Azərbaycan hakimiyyəti kriminal və korrupsioner hakimiyyətdir. Bu hakimiyyət üzünə deyilənlərdən utanmır, utanc hissini itirib. Bunlara fakt göstərilir ki, oğru və korrupsionersiniz, bundan utanmırlar. Və o etirazların zəif görünməsi hakimiyyətin mahiyyətiylə bağlıdır.
– Bəlkə etirazın forması da düz deyil? Bəlkə bu etirazlar sadəcə, sosial şəbəkələrdə edilməməli, bəyanat şəklində səslənməməlidir?
– Mən “Zerkalo” qəzetinin bağlanması məsələsinə qayıtmaq istərdim. Mən onun bağlanmasına çox təəssüfləndim. “Zerkalo” ənənəsi olan rusdilli qəzet idi, vaxtilə Əlimərdan Topçubaşovun redaktoru olduğu “Kaspi”nin funksiyasını yerinə yetirirdi. O, Cənubi Qafqazda ən səviyyəli qəzet idi, yazıların məzmununa, informasiya tələblərinə uyğunluğuna, ictimai fikrə təsirinə görə… İkincisi, mətbuatın problemləriylə daha yaxından məşğul olmaq siyasi qurumlardan daha çox mətbuat qurumlarının öhdəsinə düşən vəzifədir. Mətbuat Şurası öz işini görmür, dövlətə tabe olan quruma çevrilib, digər jurnalist qurumları da həmçinin. Nəticədə indiki vəziyyət yaranıb. Amma mən sizdən fərqli olaraq hesab edirəm ki, “Turan”ın ətrafında baş verənlərə sosial şəbəkələrdə kifayət qədər etiraz oldu. O ki qaldı piketlərə, yürüşlərə, buna ilk növbədə jurnalist təşkilatları, KİV kollektivləri təşəbbüs göstərməlidir, ictimai-siyasi qurumlar da dəstək verməlidirlər. Mən bunun yolunu belə göstərirəm. Milli Şura isə sırf siyasi yox, ictimai siyasi təşkilatdır.
– Amma azad söz hamı üçün gərəklidir və onun müdafiəsinə yəqin hər kəs durmalıdır. O cümlədən ictimai-siyasi təşkilatlar da.
– Azərbaycanda iş elə gətirib ki, azad söz uğrunda mübarizə hakimiyyətə qarşı mübarizəyə çevrilib. Azad sözü sıradan çıxaran mafiya funksiyasını yerinə yetirən dövlətdir. Hakimiyyətin bu mahiyyətinə görə jurnalist qurumları azad sözün müdafiəsinə hazır deyillər.
– Ötən ay prezident bir yüksək vəzifəli məmuru – Novruzəli Orucovu vəzifəsindən uzaqlaşdırdı, səbəb də övladının avtoxuliqanlıq etməsi idi. Buna bənzər hadisə avqustda təkrarlandı, baş nazirin müavini, hakim partiyanın sədr müavini Əli Həsənovun nəvəsi iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən qəza törətdi. Prezident bu dəfə Həsənovu cəzalandırmadı. Bu ayrı-seçkilik hardan qaynaqlanır, sizcə? Bir də, niyə prezidentin məmurlara xəbərdarlığına rəğmən bu cür hallar təkrarlanmaqdadır?
– Bu məsələdə birinci günahkar İlham Əliyevin özüdür. Bu vəziyyəti yaradan İlham Əliyevdir. Sosial şəbəkələrdə Əli Həsənovun nəvəsinin avtomobil parkları göstərildi. Necə olur ki, korrupsiya ilə məşğul olduğuna görə məmur cəzalandırılmır, ancaq övladı qaydaları pozanda cəzalandırılır? Bu, doğru idarəçilik deyil. Ölkənin ən həssas qurumuna rəhbərlik edən şəxsin ailə üzvünün təkcə maşın parkının dəyəri 3 milyon dollar hüdudundadır. Bu mühiti yaradan, bu korrupsioner şəbəkənin başında duran kimdir?.. Ayrı-seçkilik deyirsiniz. Bu harda, nədə yoxdur? “Turan”a qarşı vergidən yayınma ilə bağlı 37 min manat ittiham irəli sürülür, amma ailəyə yaxın bir şirkət bir təqvim ilində ölkədən bir milyard avro vəsait çıxarır və Vergilər Nazirliyi də onu guya vergiödəmə qabiliyyətini itirdiyinə görə 31 milyon manat vergi borcundan azad edir. Kontrastı görürsünüzmü? Hökumətin bütün yardımlarından imtina edən “Turan” da ayrıseçkiliyə məruz qalır. Ölkədə ölçü hissi itib. Bunun birinci günahkarı İlham Əliyevdir. Xalq özü proseslərə daxil olmasa, özünü müdafiə etmək təpəri olmasa, öz gücünü ortaya qoymasa, proses davam edəcək.
Oxunub: 1020