Avqustun 16-da “Turan” İnformasiya Agentliyinin ofisində axtarış aparılıb. Axtarışı Nəsimi rayon məhkəməsinin qərarı əsasında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları aparıblar. Onlar agentliyə məxsus sənədləri götürüb, jurnalistlərin şəxsi əşyalarını yoxlayıblar.
Səhər saatlarında başlanan axtarış saat 14 radələrində başa çatıb.
«Turan» agentliyinə qarşı cinayət təhqiqatı avqustun 7-dən başlayıb. Vergi əməkdaşları elan edirlər ki, 2014-16-cı illərdə agentlikdə 37 min manat vergidən yayınma olub.
Agentlik bunu qəti şəkildə rədd edir. Bəyan edib ki, cinayət işi sifarişli və qanunsuzdur.
Verilən məlumata görə, avqustun 7-də açılan cinayət işindən bir gün sonra agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.
Agentlik Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) qərarını qanunsuz saydığından 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.
Agentlik məhkəmədən sözügedən qurumun avqustun 7-də verdiyi gəlir vergisinin hesablanması haqqında qərarının ləğv edilməsini və vergi yoxlamasının etibarsız sayılmasını xahiş edib.
Axtarış barədə agentliyin direktoru Mehman Əliyev jurnalistlərə bunları deyib:
“Vergi əməkdaşlarının özləri ilə götürdüyü sənədlər aktlaşdırıldı. Onlar üçün şübhə doğuran sənədləri özləri ilə apardılar. Bundan başqa, agentliyin mühasibinin kompyuterini də götürdülər. Biz onsuz da bütün maliyyə sənədlərinin sürətini çıxarmışdıq. Bizə edilmiş xəbərdarlığa uyğun olaraq sabah (17 avqust) vergi qurumuna təqdim edəcəkdik. Nədənsə gözləməyiblər, təcili gəlib özləri götürdülər.
Yoxlamanın nəticəsini buna sifariş verənlərdən soruşmaq lazımdır. Sənədlərdə hər hansı problem yoxdur. İndi nə nəticə olacaq, qərar necə veriləcək, bu bizdən asılı deyil. Ancaq qəti deyə bilərəm ki, vergidən yayınma ilə bağlı iddia təsdiqini tapmayacaq. Yəni deyirlər ki, 37 min manat vergidən yayındırılıb, bu, təsdiqin tapmayacaq…”.
Oxunub: 716