Siyasi Məhbusları Müdafiə Mərkəzi yaxın günlərdə ictimaiyyətə“Gürcüstan işi: təqiblər, həbslər və mövcud reallıqlar” adlı hesabat təqdim etmək niyyətindədir. Hesabat bu ilin aprelin 30-dan indiyə qədər bir dövrü əhatə edir.
Bu barədə AzadlıqRadiosuna mərkəzin təmsilçisi Oktay Gülalıyev məlumat verib.
Onun sözlərinə görə,hesabatın hazırlanması haqqında ilkin qərar aprelin 28-də Bakı İstintaq Təcridxanasında saxlanan Mehman Qələndərovun müəmmalı ölümündən sonra qəbul olunub. Mehman Qələndərov Gürcüstanda mühacir həyatı yaşayıb, Bakıya gələndən sonra dərhal həbs olunub.
Oktay Gülalıyev Gürcüstanda “Lanset” klinikasının təsisçisi, iş adamı Fərman Ceyranlının həbsini xatırladaraq bildirir ki, hökumətə yaxın media orqanlarında həmin ölkədə mühacirlərdən bəhs edən silsilə yazılardan sonra onlara təzyiqlərgüclənib:
“Əvvəlcə AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan Azərbaycana qayıdanda sərhəddə saxlandı.
Sonra araşdırmaçı jurnalist Əfqan Muxtarlı Tbilisidən oğurlanaraq Bakıya gətirildi. Bu proses zamanı Gürcüstanda yaşayan siyasi fəal Daşqın Ağalarlının oturum izni ləğv olundu. Bir növ Gürcüstandakı mühacir azərbaycanlılaratotal hücum başlandı. Baş verənlər bizi hesabatı daha geniş kontekstdə hazırlamağa vadar etdi.Məqsəd qonşu ölkədəki olayları araşdırmaq, bu problemləri doğuran səbəbləri, çıxış yollarını özündə əks etdirən sənəd hazırlayıb yerli və beynəlxalq qurumlara təqdim etməkdir. Bununla diqqəti Gürcüstana yönəltmək istəyirik. Biz mövcud problemlərin həllinə yardımçı olmaq niyyətindəyik”.
Oktay Gülalıyev iddia edir ki, Gürcüstandakı olaylar rəsmi Bakı iləTbilisidəki bəzi rəsmi dairələrin birgə səyi əsasında baş verib:
“Biz hesabatda bu məsələlərə də toxunmuşuq ki, Gürcüstanda yaşayan siyasi fəallara qarşı həyata keçirilən təqiblərin arxasında iki ölkənin hüquq-mühafizə orqanları dayanır. Bu məsələlər konkret misallarla, sübut və dəlillərlə geniş şəkildə təsvir olunur”.
Oktay Gülalıyev hesabatı hazırlayarkən Gürcüstan hüquq müdafiəçiləri və jurnalistləri ilə də əməkdaşlıq etdiklərini bildirir:
“Məlumatların toplanması, hüquqi rəylərin alınması geniş çevrədə həyata keçirilib və insanlar hesabatın hazırlanmasında müxtəlif formada iştirak edib…”.
Hüquq müdafiəçisi hesabatda müəyyən bölümlərin olduğunu deyir:
“Mehman Qələndərovun müəmmalı ölümündən başlamış Gözəl Bayramlının, Fərman Ceyranlının, Əfqan Muxtarlının həbsinə qədər.Hər bir bölüm üzrə hüquqi arayış əlavə edilib. Üstəlik, həbslərin, təqiblərin hansı hüquq pozuntuları ilə müşahidə olunması barədə müstəqil hüquqşünasların rəyləri sənədə əlavə olunub”.
O, hesabatın hazırda rus və ingilis dillərinə tərcümə olunduğunu bildirir:
“Yaxın günlərdə sənəd yerli və beynəlxalq ictimaiyyətə təqdim olunacaq”.
Hüquq müdafiəçisi bu cür hesabatların nəticəsi barədə suala belə cavab verib:
“Bizim həbs yerlərindəki işgəncələr və məhbusların saxlanılma şəraiti ilə bağlı xeyli hesabatlarımız olub. ABŞ Dövlət Departamenti, Beynəxalq Amnistiya Təşkilatı və digər nüfuzlu qurumlar bizim sənədə istinad ediblər. Daxildə isə hesabat ən azından ictimai qınaq yaradır.Həm də bu hesabatlar ictimaiyyət üçün müəyyən məlumat, həbsdəkilərə mənəvi dayaq və dəstəkdir.”
Oxunub: 188