24 il qabaq, Heydər Əliyevin qiyam yoluyla hakimiyyətə gəlişindən sonra Azərbaycanın rayonları bir-birinin ardınca işğal olundu. Qarabağ münaqişəsini Kəlbəcərin, Şuşa və Laçının işğalını “səriştəsiz AXC-Müsavat cütlüyü”nün boynuna atan, illərdir tutuquşu kimi eyni sözləri təkrarlayan YAP hakimiyyəti nədənsə Azərbaycanı ələ aldıqdan sonra erməniyə qurban verdiyi 6 rayonun işğalından danışmağı sevmir. Aradan 24 il keçir, uğurlu daxili və xarici siyasətdən, ordunun qüdrətindən, Lazım gələrsə Qarabağı işğaldan azad edəcəyindən dəm vuranlar sözdən əmələ keçməyə tələsmir. Lazım da gəlmək bilmir. 24 ildə yalnız Lələtəpə adlandırdıqları ərazini böyük itki hesabına alan YAP hakimiyyəti bunun böyük uğur olduğunu 24 milyon dəfə təkrarlayıb, təkrarlamaqda da davam edir.
Bu gün ermənilər rahat şəkildə Qarabağa gedib-gəlir, Kəlbəcərdə, Şuşada istirahət edir, yollar çəkir, qəsəbələr salır, yeni iş yerləri yaradır, zavod-fabriklər qurur. Sərkisyan vaxtaşırı gününü Qarabağda keçirir, bayram tədbirlərinə qatılır. İlham Əliyevsə Qarabağətrafı rayonlardan o yana keçə bilmir. “Ordumuz nəinki Qarabağı, Yerevanı belə almağa qadirdir” deyən çoxsaylı generallar ölkəsində yaşayırıq. Bir kənd almağa qüdrəti olmayan generallar ordumuz var. Ali baş komandanla birgə onlar illərdir Lazımın yolunu gözləyir. Bəzilərinin artıq istefa yaşı çatıb, bəziləri çoxdan istefadadır, bəziləri büdcə vəsaitlərini oğurladıqlarına görə türməyə salınıb, ancaq Lazımı gözləməkdən bezməyib. Çoxlarının boynunda ən müxtəlif səbəblərdən öldürülən əsgər qanı var…
Füzuli rayonu
24 il qabaq – avqustun 23-də işğal olunan Füzuli rayonu inzibati ərazi vahidi kimi 1827-ci ildə yaradılıb, ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunub və Qaryagin adlandırılıb.
1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb.
1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə füzulili şəhid olub, yaralanıb, itkin düşüb. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkib, onlardan 155 nəfəri yetim qalıb. Müharibənin əsas ağırlığını Yağlıvənd, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli, Xatunbulaq kəndlərinin əhalisi çəkib. 23 Avqust 1993-cü ildə – Heydər Əliyevi hakimiyyəti ələ aldığı ildə Ermənistan ordusu rayonu işğal edib.
51 kəndi və rayon mərkəzini ermənilər işğal edib, 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulub. Lakin Azərbaycan ordusu həmin ilin dekabr ayında işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsini işğaldan azad edib. Azərbaycan ordusu daha sonra Füzuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələnib. 1995-1997-ci illərdə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə 40.000 dinc sakin qayıdaraq öz normal həyatlarını bərpa ediblər. Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu kimi Füzuli rayonu ərazisində də tez-tez atəşkəs pozulur.
Cəbrayıl rayonu
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. 23 avqust 1993-cü il tarixdə rayonu Ermənistan ordusu işğal edib. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
Cəbrayıl son il yarımda telekanallarda ən çox adı çəkilən rayonlardandır. 2016-cı ilin aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin alınması Cəbrayılın Cocuq Mərcanlı kəndinə təhlükəni nisbətən aradan qaldırdığından bu kəndə qayıdış başlanıb. Ancaq rəsmi təbliğat vasitələri Cocuq Mərcanlının İlham Əliyevin şəxsən qurduğu “uğurlu əməliyyat” nəticəsində işğaldan azad edildiyi deyirlər; işğalda olmayan kəndin işğaldan azad edildiyini. Bu təbliğatı aparanlardan biri də əslən Cəbrayıldan olan, övladları və nəvələrinin var-yatırı ilə həmişə gündəmdə qalan Əli Həsənovdur – Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri.
Bu işğalın 24 ildir davam etməsinin bir səbəbi də yuxarıdan aşağı bir çoxlarının məhz işğalın uzanmasından milyardlar qazanmasıdır. Bazar olmasın!
Torpaqlarımızın işğaldan azad olunduğu günü görmək hər birimizə – onu arzulayanlara qismət olsun!
Azadliq.info
Oxunub: 92