Sentyabrda Moskvada кitab yarmarkasında Аzərbaycan yazıçısı Çingiz Hüseynovun onun vasitəsilə İlahi Quranın zühur etdiyi və yeni dinin — İslamın yarandığı Məhəmməd Peyğəmbərin (570-632-ci illər) həyat və fəaliyyətinə həsr olunmuş yeni “Məhəmməd” romanının təqdimatı keçiriləcək.Avqustun əvvəlində “Molodaya Qvardiya” nəşriyyatında çap olunmuş kitab geniş oxucu dairələrində əks-səda doğurmuşdur.Bu hadisə ilə əlaqədar “Turan” Agentliyi Quran, Məhəmməd və İslamın onun yaradıcılığında xüsusi yer tutduğu məşhur yazıçıdan müsahibə alıb.
– Siz Peyğəmbər haqqında üç kitab yazmısınız: “Yıxılmış səhəngdən su dağılmasın gərək” (2003) (“Не дать воде пролиться из опрокинутого кувшина”, 2003), “Merac” (2008), (“Мерадж”, 2008), “Məhəmməd” (2017) (“Мухаммед”, 2017). Bu trilogiya, təkrar nəşr, yoxsa tamamilə müxtəlif əsərlərdir?
– Xeyr, əsərlər müxtəlifjanrlıdır: onlardan birincisi “Qurani hekayələr”dir, yəni, peyğəmbərlik fenomenini anlamaq cəhdi ilə Quran stilistikasında (“şüur axını”, assosiativlik) yazılmış əsərdir; ikincisi – bəli, bu, bütünlüklə Məhəmmədin Məkkədən Qüdsə möcüzəli gedişi (uçuşu) və özündən əvvəlki peyğəmbərlərlə görüşü (isra və merac, əl-İsra və-l-Mirac) süjeti üzərində qurulmuş romandır. Üçüncüsü isə Məhəmmədin tərcümeyi-halı, onun Quran mətninin bizə çatdırılmasında rolu, İlahi Kitabın quruluşunda insan amili (insan əli!) və Peyğəmbər və dövlət xadimi kimi Məhəmməd haqqında dini-dünyəvi üslubda yazılmış analitik tədqiqatdır! Əlbəttə, GAH (Görkəmli Adamların Həyatı-red.) nəşrində eyni bir mənzərə və epizodlar vardır və az deyil, lakin hər dəfə onlar janrın kontekstinə daxil edilmişdir. Odur ki, bu, trilogiya və ya təkrar nəşr deyil, yeni kitabdır.
– Siz nədən dövri surətdə Quran və Məhəmməd mövzusuna qayıdırsınız?
– Bunun üçün hər dəfə yeni səbəb yaranırdı: birinci halda bu, Siyasi Büronu öz tərəfinə çəkmək üçün ona yaltaqlanan erməni ekstremistlərinin Qarabağ münaqişəsində “barbarlar”ın onları, guya mütərəqqi xristianları məhv etdiklərini ucadan elan edən zaman öz soydaşlarımın simasında İslamın ümumbəşəri sivilizasiya kimi qorunması zərurəti idi. İkinci halda bu, Azərbaycana, Bakıya, sırf maarifçilik ideyalarını, məqsədlərini çatdırmaq arzusu idi. Üçüncü halda isə bu, Quranı, onun onu digər dinlərlə yaxınlaşdıran etik məğzini, əsasını təkidli xilas etmək vəzifəsi oldu. Fəqət o, Quran, müasir islamçı ekstremistlər tərəfindən qətl alətinə çevrilib, dünya terroru İslam adı ilə bağlayır, bax, dəyişən budur.
– Birinci nəşrdən sonra nə dəyişib? Sizin tərəfdarlarınızın sayı artdı, yoxsa əleyhdarlarınız çox oldu?
– Çoxsaylı tərəfdarlarım var, bu ideyalarla mən hətta Bakıda (2002-ci ildə), həmçinin Almaniyada türklərin qarşısında, İstanbulda (2006) “Quran və elm” konfransda çıxış etmişəm. Amma mənim əleyhimə olanlar da vardır və bunun səbəbi isə atillik, cəhalət, Quranın mətninə bələd olmamaq, indiyə kimi dəyişməz qalmış IX-X əsr təfsirlərinə (onlara əsasən, müsəlmanlara ruhən yaxın olan yəhudi və xristianlar kafir elan edilib, onların kitabları isə “ləğv olunmuş” sayılır) qul bağlılığı, sağlam düşüncəyə əməl etmək istəməməkdir.
– Nə etmək lazımdır ki, İslam və ekstremizm, dözümsüzlük barədə təsəvvürlər arasında daha əlaqə yaranmasın?
– Fəqət, gəlin etiraf edək, bu danılmaz faktdır ki, dünyada nifaqın olmasında digər ibrahimi etiqadlar da, xüsusilə xristianlıq, müqəssirdir (səlib müharibələri (XI-XIII əsrlərdə Qərb rıtsarlarının Şərqə yürüşləri – red.), antisemitizm və s), amma bunlar uzaq keçmişdir, bu gün isə yalnız İslamın adı ilə qan tökülür və Şərin zirvəsi İŞİD-in nəzəriyyə və təcrübəsi oldu. Əgər bu olmasaydı, diskussiya, ziddiyyətlərin aydınlaşdırılması və s. formalarla kifayətlənmək mümkün olardı. Nə etməli? Bir tərəfdən, terrorçuları məhv etmək, zira müharibə gedir, digər tərəfdən isə əlində Quranı tutaraq, onun etikasını, əxlaqını inkişaf etdirərək, cahiliyyəyə, cəhalətə qarşı mübarizə aparmaq, digər ibrahimi dinlərlə yaxınlaşma nöqtələrini axtarmağa çalışmaq qalır. Bəli, Sizinlə razıyam, Sizin sualınızı təsdiq sırasına keçirirəm.
– Sizə elə gəlmirmi ki, ibrahimi dinlər bəşəriyyətin Vahid Allah ideyası ətrafında birləşdirilməsi missiyasından uzaqlaşıb və bu gün ixtiyari, bilərəkdən və ya qeyri-iradi olaraq bəşəriyyəti bölünməyə, düşmənçiliyə, dözümsüzlüyə gətirib çıxarıblar?
– Bəli, gəlir, buna görə də, demək olar ki, mənim təşəbbüsümlə Qüdsdə “Dinlərin trialoqu” Diskussiya Klubu təsis edilib, amma, etiraf edim ki, bütün bunlar – elə mənim kitablarım da – öz səmərəliliyinə görə, nəticə etibarilə, hələlik sıfra bərabərdir və ya, başqa sözlə, Sizif əməyidir. Amma susmaq da olmaz.
– İslamın davamı necə ola bilər? O, İntibah dövrünün xristian dirçəlişi yolunu keçə bilərmi?
– İslamın, Orta əsrlərdə olduğu kimi, həqiqətən çiçəklənəcəyinə, əsl tərəqqi, yüksəliş dövrü yaşayacağına, yuxarıda dediklərimizdən qurtulacağına, təmizlənəcəyinə və İntibah yoluna qədəm qoyacağına ümid edirik (ümid bəsləyən təkcə gənclər deyil)!.
Oxunub: 226