Ölkədə istehlakçı hüquqları pozulmaqda davam edir. Yay fəsli başlayandan əksər qida məhsullarının sanitar normalara uyğun olmaması, bazarda vaxtı keçmiş məhsulların satışı faktları və nöqsanlar aşkarlanıb. Bu barədə sahibkarlara xəbərdarlıqlar edilib, cərimələr yazılıb, köhnə və yararsız mallar satış dövriyyəsindən çıxarılıb. Lakin neqativ hallar hələ də qalmaqdadır. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu dəfə məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilən müddətdən artıq göstərildiyini müəyyən edib. Paytaxtda əsasən süd-qatıq məhsullarından alınan və insanların həyat-sağlamlığı üçün təhlükəli malların istifadəyə yararlı kimi təqdim edilməsi aşkarlanıb.
Amma istehlak bazarında nəzarət tədbirləri davam etdirilsə də, cəmiyyətin üzərinə də böyük bir məsuliyyət düşür. Çünki hamımız istehlakçıyıq. Bir nəfərin nöqsanlara qarşı barışmazlığı və ən azı, hüququnu bilməsi bütövlükdə cəmiyyətin sağlamlığı deməkdir. Satış məkəzlərində məhsulun saxlanma temperaturundan tutmuş, etiketlənmə, saxlanma şəraiti, yararlılıq müddətinə ciddi fikir verməksə sağlamlığın qarantı deməkdir.
Maraqlıdır, keyfiyyətsiz məhsuldan imtina etmək və digər məqamlar barədə qanun nə deyir?
Qida məsələləri sahəsinin ekspertlərinə görə, hər bir vətəndaş təbii çəkildə istehlakçıdır və o, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq, almaq istədiyi malın istənilən sənədini tələb etmək hüququna malikdir. Bundan başqa, istehlakçı məhsulun gigiyenik sertifikatını tələb etməlidir. Hətta onun keyfiyyətindən şübhələndiyi məhsulu ekspertizaya göndərmək hüququ var ki, satıcılar da müəyyən müddətdə (üç gün ərzində) malı ekspertiza edib istehlakçıya yazılı cavab verməlidir. Qanuna görə, istehlakçı məhsulun keyfiyyətinə, təhlükəsizliyinə zəmanət almaq, onun çəkisi, çeşidi, qiyməti haqqında düzgün məlumat əldə etmək, hətta aldığı saxta məhsula görə düşdüyü ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Vətəndaşın keyfiyyətsiz məhsulu geri qaytarmasını satıcı yerinə yetirməlidir. Malın dəyişdirilməsi tələbi də yerinə yetirilməli və istehlakçının istəyinə uyğun olaraq məhsulun keyfiyyəti 14 gün müddətində yoxlanılaraq dəyişdirilməlidir. Qanunda o da var ki, vətəndaşa yararlılıq müddəti ərzində aşkar olunan keyfiyyətsiz ərzaq məhsulu satılarsa, satıcı onu keyfiyyətli mala dəyişdirməli, yaxud, malın dəyərinin məbləğini qaytarmağa borcludur.
Təkcə ərzaq deyil, qeyri-ərzaq məhsullarıyla bağlı da hüquqlarımız var. Yəni aldığı məhsulun rəngi, ölçüsü şəxsi qane etməsə, onu aldığı yerdə 14 gün ərzində dəyişdirə bilər. Amma malın etiketi, yarlığı, qablaşdırılması pozulmadan, əmtəə görünüşü saxlanılmaqla, vətəndaş kassa çeki, qəbz, zəmanət talonunu satıcıya verməlidir. Dəyişdirilməyə uyğun olmayan mal yoxdursa, istehlakçı məhsulu qaytara da bilər.
Göründüyü kimi, qanun vətəndaşların istehlakçı olaraq hüquqlarını diqtə edir. Lakin əksər hallarda bu hüquqlar məlumatsızlıqdan, əksər hallarda isə ölkədə istehlakçı siyasətinin olmamasından pozulur. İstehlakçının fərd olaraq üzərinə düşən ən asan vəzifə öz hüquqlarını bilməsi, yaxud, xidmətindən istifadə etdiyi ticarərət mərkəzlərində şikayət və təkliflər kitablarını tələb etməsidir. Hər halda, hüquqlarımızdan agah olmaq istənilən sahədə itkiləri minimuma endirməyin ən sadə yoludur.
azadlıq.info
Oxunub: 176