O hadisədən 26 il keçir. 1991-ci ilin 19 avqustunda Moskvada dövlət çevrilişi baş verdi. SSRİ rəhbərliyindəki mühafizəkar qüvvələr, başda KQB sədri Vladimir Kryuçkov olmaqla, Sovet imperiyasını qoruyub saxlamaq uçun ayağa qalxdılar.
1991-ci il avqustun 19-da radio və televiziya ilə “Sovet rəhbərliyinin bəyanatı” oxundu. Bəyanatda bildirilirdi ki, Mixail Qorbaçovun xəstəliyi ucbatından onun səlahiyyətləri vitse-prezident və yeni yaradılmış Dövlət Fövqəladə Vəziyyət Komitəsinin (Государственный комитет по чрезвычайному положению — ГКЧП) sədri Gennadi Yanayevə verilir. Bu hakimiyyətin ömrü cəmi 3 gün çəkdi, Boris Yeltsinin rəhbərliyi ilə Rusiyadakı demokratik qüvvələri çevrilişin cəhdinin qarşısını aldılar. Bununla SSRİ də dağıldı.
Həmin vaxt Azərbaycan Xalq Cəbhəsi buna qarşı çıxdı. AXC sədri adından antikonstitusion çevrilişi pisləyən bəyanat verildi. Bu bəyanat SSRİ miqyasında çevrilişi pisləyən ilk bəyanat idi. Qiyam günləri İranda səfərdə olan Azərbaycan prezidenti Ayaz Mütəllibov da QKÇP-ni dəstəkləyən bəyanat verdi. Həmin gərgin günlərdə qərara alındı ki, AXC mitinq keçirsin. Avqustun 22-də kiçik mitinq də keçirilir. Bunun ardınca avqustun 23-də keçirilən mitinqə Müstəqil Azərbaycan deputat qrupunun üzvlərindən də qoşuldu. Dövlət qurumları, eyni zamanda A.Mütəllibovun tərəfdarları kimi çıxış edən “Qardaşlıq” və Hacı Əbdülün başçılıq etdiyi “Tövbə” cəmiyyətinin üzvləri mitinqin keçirilməsini məqsədəuyğun saymasa da, tədbir baş tutdu. Ancaq milisin və adı çəkilən cəmiyətlərin üzvləri mitinqçilərə divan tutdu. Dubinkalı milislərlə yanaşı “Tövbə” və “Qardaşlıq” cəmiyyətinin armatur və taxta ilə silahlanmış üzvləri Həmin vaxt Əbülfəz Elçibəy. Sabir Rüstəmxanlı, Pənah Hüseynov, Nəsir Ağayev və başqalarını vəhşicəsinə döydülər. Əbülfəz Elçibəylə Sabir Rüstəmxanlının başını yardılar, Pənah Hüseynovun qolunu sındırdılar. Sıravi cəbhəçilərdən xeyli xəsarət alanlar oldu. “Azadlıq” qəzetinin indiki baş redaktorunun I müavini Rahim Hacıyev də ciddi xəsarət alanlar arasındaydı. Tutulanları Oktyabr (indiki Yasamal) rayon milis şöbəsinə apardılar. Həmin hadisənin şahidi və qolu sındırılan Pənah Hüseynov o günü belə xatırlayır: “…Mitinq başlandı. Əbülfəz bəy danışandan sonra onu öz kabinetinə qaytardıq. Nəsir bəy danışanda qarışıqlıq başlandı. Mikrofonu onun əlindən aldılar. Çox murdar, heç bir çərçivəyə sığmayan səhnə yarandı. Bizə əvvəllər də çatdırırdılar ki, AXC liderlərini döyüb hörmətdən salacaq, AXC-nu təşkilat kimi biryolluq məhv edəcəklər. Bizi polis dəyənəyi, taxta, dəmir çubuqlarla döyürdülər. Başımıza, gözümüzə, hara gəldi vururdular… Bizi Oktyabr milisinə gətirdilər. Mənim üçün təcili yardım çağırdılar. Qolumu biləkdən sındırmışdılar…”(“Azadlıq” qəzeti, 22 avqust 1992-ci il).
QKÇP-ni dəstəkləməsi Ayaz Mütəllibova baha başa gəldi. O vaxt əsas fiqur olan Boris Yeltsinlə münasibətləri korlandı və sonucda hakimiyyətini itirdi.
azadliq.info
Oxunub: 340