Son günlər vahid taksi sisteminin aradılması xəbəri dolaşır.
Məlumata görə, sentyabr ayından etibarən taksi şirkətləri ləğv olunacaq və 123 vahid taksi sistemi yaradılacaq. Taksi sifarişləri yalnız bu nömrə vasitəsi ilə həyata keçiriləcək. Bu xəbərlərin yayılması taksi xidməti göstərən şirkətlərlə yanaşı fərdi taksi fəaliyyətiylə məşğul olan sürücülərin də narahatçılığına səbəb olub. Çünki vahid sistemin tətbiq olunması ilə fərdi taksi fəaliyyətinin ləğvi ediləcəyi də yayılan məlumatlar arasındadır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “BakuPost”a bildirib ki, deyilənlərin heç bir əsası yoxdur:
“Yayılan məlumatlar şayiədir. BNA paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atır və bununla bağlı gələcək planlarımız var. Ancaq yayılan məlumat planlarımızın heç bir hissəsinə aid deyil. Hazırda BNA tərəfindən qeydə alınan 15 min fiziki və hüquqi şəxs var ki, taksi xidməti ilə məşğul olur. Bakı əhalisinin taksi ilə təmini üçün isə 8 min taksi yetərlidir. Ona görə də, gələcəkdə taksilərin sayına kvota tətbiq ediləcək. Yeni tədbirlər planı genişdir və paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsinə yönəlik zəruri addımlar atılacaq”.
Oxunub: 662