“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev barəsində noyabrın 7-ə qədər həbs-qətimkan tədbiri seçilib. Qərarı Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyev çıxarıb. Avqustun 24-də saxlanılan Mehman Əliyevə qarşı CM-nin 3 maddəsi ilə ittiham irəli sürülüb – 213.1 (vergidən yayınma), 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmənin önündə jurnalistlərlə yanaşı, ictimaiyyət nümayəndələri və müxalifət təmsilçiləri də Mehman Əliyevlə bağlı qərarı gözləyib. Məhkəmənin qərarından sonra AXCP sədri Əli Kərimli bununla bağlı jurnalistlərə açıqlama verib.
***
Mehman Əliyev Yasamal Rayon Məhkəməsinə aparılıb. Bunu jurnalistlərə açıqlamasında vəkil Fuad Ağayev bildirib.
M.Əliyevlə bağlı həbs-qətimkan tədbirinin seçilməsindən ötrü məhkəməyə təqdimat verilib. Üstəlik, ona əlavə ittiham irəli sürülüb:
«Mehman Əliyevə təqsirləndirilən şəxs kimi ittiham elan edildi. Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə…», – deyə vəkil bildirib.
***
Mehman Əliyev Yasamal Polis İdarəsindən Vergilər Nazirliyinin İstintaq İdarəsinə dindirilmək üçün gətirilib.
***
24.08.2017
Mehman Əliyev Yasamal Polis İdarəsinə gətirilib.
Gecəni idarənin müvəqqəti saxlanma təcridxanasında qalacağı bildirilib.
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Mehman Əliyev üçün yemək gətirib. Yeməyi qəbul etsələr də, Mehman Əliyevlə görüşməsinə icazə verməyiblər.
“Turan İnformasiya agentliyinin direktoru Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib”.
Bunu AzadlıqRadiosu-na vəkil Fuad Ağayev bildirib. O qeyd edib ki, bu gün, avqustun 24-ü saat 15:00-da Apellyasiya Məhkəməsində Nəsimi Rayon Məhkəməsinin agentliyin ofisində axtarış aparılması haqqında qərarından verdikləri şikayətə baxılıb.
Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İclasdan sonra vəkilin deməsinə görə, müstəntiq və prokuror M. Əliyevə “40 dəqiqəlik dindirmə” məqsədi ilə Vergilər Nazirliyinin Vergi Cinayətləri Departamentinə getməyi təklif ediblər.
Vəkilin bildirməsinə görə, Vergi Cinayətləri Departamentində onu və M.Əliyevi bir otaqda saxlayıblar.
Saat 17:50 radələrində isə müstəntiq Vüsal İbadov ondan order istəyib. Vəkil Ağayev deməsinə görə, Əliyev şahid qismində dindirildiyindən orderə ehtiyac olmadığını bildirib.
“Müstəntiq bildirdi ki, Əliyevin statusu dəyişib. Mən artıq iş gününün sonu olduğunu və indi order təqdim edə bilməyəcəyimi bildirdim”.
Bundan sonra vəkili deməsinə görə, onu departamentin binasından çıxarıblar.
Vəkil onu da qeyd edib ki, müstəntiq Əliyevin statusunun dəyişdiyini bildirməmişdən əvvəl hakimiyyətyönlü KİV artıq, agentliyin direktorunun saxlanıldığı haqqında məlumat yayırdı.
“Bu, öz-özlüyündə Mehman Əliyevin saxlanılması barədə sifarişin hansı səviyyədə verildiyini göstərir. İstintaqın hərəkətləri qanunsuzdur. Vəkilin iştirakına baxmayaraq, onu hüquqi müdafiədən məhrum ediblər”, – deyə vəkil bildirib.
F.Ağayev deyib ki, M.Əliyev ən tez sabah, avqustun 25-də, o, order təqdim etdikdən sonra məhkəməyə çıxarılacaq.
***
“Turan” agentliyindən azadliq.info-ya bildiriblər ki, Mehman Əliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindən Yasamal Rayon Polis İdarəsinə aparılıb və şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 213.1 və 308-ci maddələri ilə ittiham irəli sürülüb.
***
“Turan” agentliyinin direktoru Mehman Əliyevin həbs edildiyi haqda xəbər yayılıb. Xəbəri hakimiyyətə bağlılığı ilə tanınan haqqın.az/virtualaz.org saytı yayıb.
Azadlıq.info məlumatı dəqiqləşdirmək üçün agentliklə əlaqə saxlayıb. Agentliyin əməkdaşı Mehman Əliyevin özü ilə telefon bağlantısından sonra bildirib ki, yayılan xəbər doğru deyil, o, hazırda vəkililə birlikdə Vergilər İdarəsindədir, cinayət işi ilə bağlı ifadə verir. Agentlikdə prosesin sonunu gözləyirlər.
Oxunub: 2798