NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın işindən Ali Məhkəməyə kassasiya şikayəti verilib. Gənc fəalın vəkili Fariz Namazlı AzadlıqRadiosuna belə deyib.
Vəkil bildirib ki, kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin E.Qəhrəman haqqında qərarının ləğvi, gənc fəalın cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi istənilir.
«O, FACEBOOK-DA YAZDIĞINA GÖRƏ CƏZALANDIRILIB»
Müdafiəçi şikayətdə yazıb ki, E.Qəhrəmana külli miqdarda narkotik satışı suçlaması ilə 5 il 6 ay həbs cəzası verilməsinə dair hökm qanunsuz və əsassızdır. O, əslində, Facebook səhifəsində paylaşdığı bir statusa görə cəzalandırılıb:
«Elgiz Qəhrəman 2016-cı il sentyabrın 26-da YAP sədrinin müavini Əli Əhmədovun Şah İsmayıl Xətainin 14 yaşında dövlət başçısı olması haqda Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendumöncəsi dediklərini özünün Facebook səhifəsində paylaşmışdı. Sadəcə, belə bir əlavəsi olmuşdu: «özü yox, ömrü oxşasın». Elgiz Qəhrəman bu tənqidi statusundan sonra həbs olunub. Onun beş nəfər mülkigeyimli şəxs tərəfindən saxlanarkən, tutulmasının səbəbi izah olunmayıb, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb, yaxınlarına onun yeri haqda heç bir məlumat verilməyib».
Oxunub: 136