Sivil Toplum Platforması Mehman Əliyevin saxlanılması ilə bağlı bəyanat yayıb
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək şübhəli şəxs kimi saxlanılması ölkənin fəal vətəndaşlarına qarşı hüquq-mühafizə orqanlarının əli ilə həyata keçirilən növbəti qanunsuz davranışdır.
Mehman Əliyev Vətəndaş Cəmiyyətinin parlaq simalarından biri olmaqla yanaşı, beynəlxalq və yerli ictimaiyyətin etimad göstərdiyi ictimai-siyasi xadim, ölkənin ilk müstəqil informasiya agentliyinə rəhbərlik edən istedadlı jurnalist və hər zaman beynəlxalq tədbirlərdə ölkənin maraqlarını peşəkarcasına müdafiə edən dəyərli vətəndaşdır.
Xüsusilə də Ermənistanla aparılan informasiya müharibəsində ölkəmizin ən samballı müstəqil informasiya alətlərindən bir olan “Turan” Agentliyinə dövlət tərəfindən daha geniş imkanlar yaratmaq əvəzinə, ona qarşı uydurma ittihamlarla cinayət işinin açılmasını və fəaliyyətinə əngəl yaradılmasını anlamaq çətindir.
Öncə vergi qanunvericiliyinin tələblərini gözləmədən Agentliyin ofisində aparılan qanunsuz axtarışın ardından, qurumun rəhbərinin qanunsuz olaraq saxlanması azad sözün sonuncu qalasını susdurmaq, ölkəni daha da dözülməz qaranlığa məhkum etmək, fəal vətəndaşlarda dövlətin hüquqla idarə olunmadığı qənaətini gücləndirmək cəhdidir.
Sivil Toplum Platforması olaraq baş verən qanunsuzluqları qayğı və təəssüflə izləyir, söz azadlığının boğulmasına və azad mətbuatın susdurulmasına yönələn hüquqa zidd addımların cəmiyyəti cəhalətə sürüklədiyinə diqqət çəkmək istəyirik. Habelə, hökuməti “Turan” İA qarşı irəli sürülən qondarma ittihamları ləğv etməyə, ölkəmizdə və beynəlxal aləmdə əqidəli demokrat, dürüst ictimai xadim, peşəkar jurnalist kimi tanınan Mehman Əliyevin barəsində həbs qərarını dəyişdirməyə çağırırıq.
Oxunub: 550