Almaniyanın xarici işlər naziri Sigmar Gabriel bəyan edib ki, Türkiyə Tayyip Erdoğanın idarəsi altında heç vaxt Avropa İttifaqı üzvü ola bilməyəcək. Nazir Türkiyə prezidentini üzvlük danlışıqlarına ciddi baxmamaqda günahlandırıb.
Reuters agentliyi yazır ki, Gabriel-in kütləvi tirajlı Bild qəzetinə verdiyi müsahibə iki NATO üzvü arasında münasibətləri daha da gərginləşdirəcək.
Bundan əvvəl Erdoğan Almaniyada yaşayan türkləri bu ölkənin əsas siyasi partiyalarını qarşıdan gələn seçkilərdə boykot etməyə çağırmışdı.
Gabriel deyib: “Aydındır ki, hazırkı vəziyyətində Türkiyə heç vaxt Aİ üzvü ola bilməyəcək. Ona görə yox ki, biz onları istəmirik. Ona görə ki, Türkiyə Avropa üçün dəyərli olan nə varsa hamısından sürətlə uzaqlaşmaqdadır”.
Aİ liderləri Erdoğanın iyul çevrilişi cəhdindən əvvəl və sonra apardığı repressiya siyasətini kəskin tənqid edirlər.
Türkiyə ilə danışıqlar dayandırılsa da, bu ölkə üzvlüyə namizəd statusunda qalır.
Türkiyənin Qərb müttəfiqləri narahatdırlar ki, aprel referndumunun Erdoğana verdiyi hüdudsuz səlahiyyətlər Türkiyəni demokratik dəyərlərdən uzaq sala bilər.
Erdoğan israr edir ki, həm repressiyalar, həm də ona verilmiş əlavə səlahiyyətlər ölkənin daxildə və xaricdə üzləşdiyi təhlükələrin dəf edilməsi üçündür.
Bu ilin əvvəllərində Erdoğan 3 milyon türkün yaşadığı Almaniyanın hərəkətlərini “nasist rəftarına” bənzətkməklə Berlini hiddətləndirmişdi.
İki ölkə arasındakı münasibətləri həm də bu yaxınlarda ikili vətəndaşlığı olan Almaniya jurnalistinin Türkiyədə həbs edilməsi tarıma çəkib. (Azadlig.org)
Oxunub: 298