“The Daily Mail” qəzetinin yazdığına görə, İranın Təhsil Nazirliyi kifir müəllimlərin məktəblərdə dərs deməsini qadağan edib. Bu qadağana üzündə tük və sızanaq olan qadın müəllimlər də düşüb.
FARS agentliyi xəbər verir ki, çəpgözlüyü, üz dərisinin sızanağı və ekzeması olan şəxslərin də müəllimlik fəaliyyətinə son qoyulacaq.
Üzündə tük olan qadınların və ya ağzında 20 dişi çatışmayan, göbələk xəstəlikləri olan şəxslərin də dərs deməsi qadağan edilir.
Bundan başqa rəng korluğu və ya daltonizmi olan şəxslərin rəsm dərsi deməsinə, sonsuz qadınların müəllimlik fəaliyyətinə də qadağan qoyulur.
Hökumətin bu qərarı Twitter-də ciddi tənqidlə üzləşib. İstifadəçilər yazırlar ki, belə bir qayda bütün dünyada tətbiq edilsəydi, Stephen Hawking kimi insanların dərs deməsi qeyri-mümkün olacaqdı.
“Sun” qəzeti isə yazır ki, müəllimliyi qadağan olunan şəxslər sırasına xərçəng xəstəliyi və sidik kisəsində daş olan şəxslər də daxil edilib.
Qəzetin yazdığına görə, bu qadağanlar sosial mediada böyük tənqid dalğası ilə qarşılaşdıqdan sonra prezident Ruhaninin vətəndaş hüquqları üzrə müşaviri Şahindoxt Molaverdi siyahının təhqiq olunacağını vəd edib.
Təhsil Nazirliyinin sözçüsü Etemad qəzetinə deyib ki, qadağanların spesifik olaraq qadınlara aid hissəsi qərardan çıxarılacaq, başqa tədbirlərə isə yenidən baxılacaq.
Oxunub: 372