33 bosniyalı Azərbaycanı Avropa Məhkəməsinə verib
Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin inşasında çalışmış əcnəbilər aldadıldıqlarını iddia edirlər
2010-cu ilin iyulunda “Azadlıq”da “Əvvəl serblər, sonra çinlilər, indi isə növbə kürdlərindir” sərlövhəli yazı dərc olunmuşdu. Həmin yazıda “Akkord” şirkətinin nəzarətinə keçmiş “Mingəçevir Maşınqayırma” ASC-dən “ixtisar” adı altında onlarla yerli işçini müəssisədən kənarlaşdırması, şirkətə türk fəhlələrin cəlb olunmasından bəhs olunurdu. Sonradan məlum olmuşdu ki, əslində zavoda cəlb olunan işçilər türklər yox, kürd kökənli Türkiyə vətəndaşlarıdır.
Həmin yazıda onu da qeyd etmişdik ki, işsizliyin bir nömrəli problem olaraq qaldığı Mingəçevirə əcnəbilərin ilk belə axını deyil. 2008-ci ilin əvvəllərində də şəhərə xeyli sayda çinli fəhlə cəlb olunmuşdu. Əsasən arxitekturalı binaların üzünü suvayıb rəngləməklə məşğul olan həmin çinlilər bir müddət sonra şəhəri tərk etmişdilər.
Bundan başqa, açılışında prezident İlham Əliyevin də iştirak etdiyi “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin tikintisinə də xeyli sayda Serbiya vətəndaşı cəlb olunmuşdu. Sonradan həmin serblərin ölkəmizə aldadılaraq ucuz işçi qüvvəsi kimi qeyri-leqal yolla gətirildiyi ortaya çıxmışdı. Pasportları əllərindən alınmış həmin insanlar uzun müddət Mingəçevir şəhərində az qala səfil həyat tərzi keçirmişdilər.
Nəhayət, bu yaxınlarda bəlli olub ki, Avropa Məhkəməsi 33 Bosniya və Herseqovina vətəndaşının Azərbaycana qarşı şikayətini araşdırmağa başlayıb. Azərbaycan dövlətindən şikayətçi olan 33 Bosniya və Herseqovina vətəndaşı aldadıldıqlarını iddia edirlər. Onlar şikayətlərində bildiriblər ki, Bakıdakı məşhur “Buta Saray”, “Bakı Ekspo Mərkəzi”, “28 Mall” alış-veriş mərkəzi də daxil olmaq üzrə məşhur binaların inşa edilməsində çalışıblar.
Şikayətdə Gənclər və İdman Nazirliyinin də adı keçir. Şikayətçi əcnəbilərin bəzilərinin həmin nazirliyə aid olduğu bildirilən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin tikintisində çalışdıqları qeyd olunur. Onlar iddia edirlər ki, işə götürülərkən hər saat üçün 5-7 dollar ödənilməsi, zəruri şəraitlə təmin edilmiş mənzillərdə yerləşdirilməsi razılaşdırılıb. Ancaq onlara cəmi 3-4 dollar ödənilib. Yaşayış durumu isə daha dözülməz olub. Pasportları əllərindən alınmış bosniyalıların acınacaqlı şəraitdə saxlandığı, hamam, tualeti olmayan yüz nəfərə qədər insanın sığdığı, sərt daxili qaydaların tətbiq edildiyi baraklara yerləşdirildiyi bildirilir.
Şikayətçilər yerli və beynəlxalq hüquq müdafiə qurumları vasitəsilə üzləşdikləri rəftarı ictimailəşdirə, məhkəməyə çıxara biliblər. Yalnız hüquq-müdafiə qurumlarının müdaxiləsindən sonra onlara cüzi miqdarda ödəniş edildiyi, pasportlarının geri verildiyi və hava limanına aparılaraq ölkələrinə göndərildiyi bildirilir.
Məlumatda qeyd olunur ki, şikayətçiləri Avropa Məhkəməsində yerli, habelə Kanada və Böyük Britaniyadan olan vəkillər təmsil edir. Avropa Məhkəməsi bütün şikayətlər üzrə Azərbaycan hökumətinə suallar göndərib.
Azər
Oxunub: 1482