Lola Karimova-Tillyaeva öz Facebook və Instagram səhifələrində atası, Özbəkistanın birinci prezidenti Islam Karimov-un son günləri haqda hekayə dərc edib. O, hekayənin onun yaxın adamı tərəfindən yazıldığını bildirib.
Islam Karimov-un ömrünün son günləri haqda Akila Tairova-nın yazdığı hekayədən bəzi hissələri diqqətinizə çatdırırıq:
«Prezidentin sağlığında mənə heç vaxt onunla görüşmək qismət olmayıb. Tələbə vaxtı, 90-cı illərin ortalarında onu bir-iki dəfə açıq idman yarışlarında görmüşəm. Ancaq Allahın hökmü ilə, ömrünün son saatlarında onun yanında olmalı imişəm.
Düz avqustun 31-dək onun həyatının xilas ediləcəyinə ümid qalırdı. Ancaq məlum olanda ki, artıq ümid yoxdur, 1 sentyabr səhəri mən bu ağır günlərdə yaxın rəfiqəmin yanında olmaq, ona dəstək olmaq üçün Daşkəndə uçdum… Baş verənlər məni dərindən silkələdi, …mən Parisdən bir insan kimi çıxdım, ancaq tamam fərqli insan kimi qayıtdım.
…Cümə günü, sentyabrın 2-si səhər xəstəxanaya getdim. Bundan öncəki bir neçə gün ərzində həyat yoldaşı, qızı Lola və Lola-nın qızı Maryam daim onun yanında olmuşdular.
Sentyabrın 2-si səhər 9-da Özbəkistan KİV-ləri prezidentin vəziyyətinin ağır olduğunu bildirdilər. (Burada demək istəyirəm ki, prezidentin ailəsi xalqa məlumat verilməsində israrlı idi. Ölümün səbəblərinə dair tibbi hesabat da məhz ailəsinin xahişi ilə dərc edilmişdi).
…Sentyabrın 2-si səhər 8-də Lola mənə zəng vurub dedi ki, onun halı ciddi pisləşib və güman ki, 2-3 saat qalıb…
Mən xəstəxanaya çatanda onun qızdırması yüksək idi. Təcili «Yasin» oxumaq üçün din xadimlərini çağırdılar. Tezliklə «Minor» məscidindən bir neçə kori (molla) ilə birlikdə Anvar-kori gəldi. Bilmirəm bu təsadüfdürmü, amma «Yasin» oxunmağa başlayan kimi temperatur 36.5 dərəcəyə düşdü.
Növbəti 12 saat ərzində bütün şöbədə fasiləsiz və son dərəcə gözəl «Quran» surələri oxundu və o daha 12 saat yaşadı.
Mən prezidentin… olduğu palatada idim. Lola, Tatyana Akbarovna, Maryam və mən onun yanında oturub… salavat çevirir, zikr duaları oxuyurduq. Yanımızdakı otaqda mollalar oturub Qurandan surələr oxuyurdular. Onlar iri pəncərədən prezidenti görə bilirdilər.
Lola atasının yanından çəkilmir, tez-tez onun dodaqlarına su vururdu. Gözüyaşlı ailə üzvləri ondan xeyir-dua istəyirdilər. Mollalar da daxil, demək olar, hamı ağlayırdı. Quran oxuduqları zaman onların səsi hönkürtü ilə qırılırdı.
…Dəfn mərasimini planlaşdırmaq lazım idi… Özbəkistanda presedent olmamışdı.Dəfn prosesini prezidentin ailəsi planlaşdırdı… Lola lap əvvəldən dedi ki, hər şey ciddi müsəlman adətləri ilə olmalıdır. Atasının vəsiyyətinə görə, onu anasının evindən götürərək doğma Səmərqənddə dəfn edəcəklər.
Sən demə, prezident bir neçə il öncə həyat yoldaşı ilə Səmərqəndi ziyarət edib. Burada o, Həzrət Xızır məscidinin yanında bir yeri göstərərək xahiş edib ki, öləndə onu məhz burada dəfn etsinlər…
Axşam saat 9-a yaxın Allah onun ruhunu aldı. Biz vidalaşmaq üçün palataya daxil olduq. Bu an iki şagirdi ilə birlikdə əllərində reyhan çiçəkləri olan Anvar-kori daxil oldu. Lola korilərdən bunun ənənə olub-olmadığını soruşdu. Onlar dedilər ki, mərhumun üstünü onun sevdiyi güllərlə örtmək istəyirlər.
Səmərqənddə biz maşınlarla prezidentin boya-başa çatdığı evə tərəf gəldik. Başında ağ ləçək, əynində açıqrəngli paltar olan qadınların ucsuz-bucaqsız sırasını görmək adama həyəcan verirdi. (Səmərqənddə qadınlar matəm günlərində başlarına ağ ləçək örtürlər).
…Biz evdən piyada Registana tərəf getdik. … Ağır anlar idi. Lola və anası kəcavənin arxasınca gəlirdilər. Bütün bu vaxt ərzində kişilər kəcavəyə toxunmaq, onu növbə ilə daşımağa çalışırdılar. Mən insanların necə səmimi yas tutduğunu gördüm… Hər şey işıqlı və yaxşı idi…
Prezidentin məzarı yüksəklikdə yerləşir. Qədim Səmərqəndin mənzərəsi buradan ovuc içi kimi görünür. Prezidentin ailəsi deyir ki, o, uşaqkən burada oynayır, uşaqlarla birlikdə qədim şəhərin xarabalıqları arasında ora-bura qaçırmış. Görəsən, o zaman o, qarşıda onu necə qeyri-adi həyat gözlədiyini bilirdimi? Bilirdimi ki, onun ruhu burada əbədi rahatlıq tapacaq?». (azadliq.org)
Oxunub: 318