Fransanın nüfuzlu qəzeti Liberation “Azərbaycanda yeganə müstəqil informasiya agentliyinin direktorunun həbsi” adlı məqalə dərc edib. Məqaləni təqdim edirik:
“Turan” 2003-ci ildən etibarən ölkəni idarə edən Prezident Əliyevin hakimiyyətini tənqid edən bir neçə mətbuat orqanlarından biridir.
Turan Qafqazın keçmiş sovet respublikasının yeganə müstəqil mətbuat agenti idi. Turan direktorlarının 24 avqustda həbs edilməsindən və hesablarının Azərbaycan məhkəməsi tərəfindən dondurulmasından sonra fəaliyyətinin dayandırılmasını elan edib. Agentlik öz ana səhifəsində fəaliyyətlərinin dayandırılmasına və direktorları Mehman Əliyevin həbsinə olan beynəlxalq reaksiyaları qırmızı hərflərlə yayımlayır. Prokurorluq təxminən 19000 avro məbləğində vergi ödənilmədiyini iddia edən bir araşdırma çərçivəsində agentliyin bank hesablarını dondurub. Mehman Əliyev ona qarşı edilən ittihamları inkar edir və bunun qurama bir zərbə olduğunu deyir.
Müstəqil media statusu ilə Turan hakimiyyətə qarşı tənqidin əsas səsi idi. Bu neftlə zəngin kiçik ölkənin hakimiyyəti keçmiş KQB zabiti və ölkəni 80-ci illər və 1993-2003 illərdə idarə edən Heydər Əliyevin ölümündən sonra, 2003-ci ildən bəri İlham Əliyevin əlindədir. 2013-cü ildə 85 faiz səslə yenidən seçilən İlham Əliyev, bundan keçmiş sovet respublikasında öz hakimiyyətini gücləndirmək üçün istifadə etdi.
2017-ci ilin fevralında Azərbaycan prezidenti hətta həyat yoldaşı Mehriban Əliyevanı ölkənin vitse-prezidenti təyin edib.
Sosial şəbəkələr bu məhdudiyyəti qismən aradan qaldıra bilsələr də, ümumi nəzarət axtarışında olan rejim həm də KİV-lərin, xüsusilə müxalifətin girişinin olmadlığı televiziya və radionun idarəsinə etibar edir.
Azərbaycan hakimiyyəti son illər media pluralizasiyasına son qoymaq üçün hər şeyi etdi. 2014-cü ilin may ayında “Zerkalo” qəzeti nəşrini dayandırmalı olub. 2014-cü ilin sonunda “Radio Free Europe/Radio Liberty”nin Bakıdakı (paytaxt) ofisi bağlanıb.
Son müxalifət qəzeti olan “Azadlıq” da 2016 sentyabrından etibarən nəşrini dayandırmalı olub. Qəzetin idarəçiləri ölkəni tərk etməyə məcbur olub, və maliyyə direktoru Faiq Əmirov iyul ayının sonunda 3 il 3 ay həbs cəzasına məhkum edilib.
“Human Rights Watch”un Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini Rachel Denber “Liberation”a narahatlığını bildirib: “Turan ölkənin yeganə müstəqil mediası olmuşdu. Bu həbs Azərbaycanda müxalifətin mövqelərini də xeyli zəiflədir”. Agentliyin direktorunun həbsinə gəldikdə isə:”Mehman Əliyev məhkəmə araşdırması zamanı 3 ay müddətinə həbsdədir. O, ona qarşı irəli sürülən ittihamlara görə yeddi il həbs müddətilə üz-üzədir”.
Sərhədsiz Reportyorlar öz saytlarında Mehman Əliyevin “dərhal azadlığa buraxılmasını” tələb edir, onun həbsinin “rejimin Azərbaycanda fəaliyyətdə olan son müstəqil KİV- qarşı təzyiqin qəfildən artması”nı təmsil etdiyini bildirir. Turan öz saytında həmçinin Fransa Xarici İşlər nazirinin Azərbaycanı “azad mətbuat çərçivəsində beynəlxalq öhdəliklərinə hörmət etməyə” və “məhkəmə sisteminin müstəqilliyini təmin etməyə” çağırış edən reaksiyasını təqdim edib.
Mehman Əliyevin həbsi ilə bağlı, analoji materiallar “Le Figaro” və “La Croix” qəzetlərində də dərc edilib.
Azadliq.info
Oxunub: 410