İqtidar ölkə gündəminə nəzarəti mümkün qədər əlində saxlayır və bu məqsədlə yararlandığı vasitələrdən biri də məhz qanunsuz həbslərdir. Adətən hökumət arzulamadığı istənilən məsələnin müzakirəsini daha çox bu üsulla arxa plana atmağa nail olur. İstər-istəməz hansısa tanınmış şəxslərin siyasi sifarişlə həbs edilməsi cəmiyyətin fəal kəsimində mütləq yeni bir gündəm yaradır.
Mehman Əliyevin həbsinin əsas səbəbləri barədə cəmiyyətdə səslənən ehtimalları bölüşür və bu həbsi yalnız yeni gündəm yaratmağa hesablanmış addım hesab etmirəm. Bununla belə, hökuməti ciddi narahat edən, iqtidar üçün baş ağrısına çevrilən bir neçə məsələnin bu həbsdən sonra arxa plana keçdiyini də görməmək mümkün deyil. Hələlik bunlardan biri Qarabağ məsələsi ətrafındakı yeni təşəbbüslərin təfərrüatı ilə bağlı səslənən bəyanatlardır.
Bu günlər Rusiyanın Azərbaycan-Ermənistan “sülh sazişi” istiqamətində fəal çalışmalarının olduğunu və bunun təhlükəli tərəflərini “Qarabağa sahib ola biləcəyikmi?” yazımda narahatlıqla qeyd etmişdim. Rusiyanın nəzarətində olan çalışmaların ölkəmizi təslimçi sülhə sürüklədiyini çəkinmədən vurğulamışdım. İlkin mərhələdə 5 rayonun (Laçın və Kəlbəcər işğalda qalır) işğaldan azad edilməsinə nail olmağı planlaşdıran Rusiya regionda öz yerini fərqli statusla daha da möhkəmləndirməyi palanlaşdırır. Rusiyanın himayəsində nəzərdə tutulan “sülh sazişi”nin təfərrüatlarını keçən yazımda ətraflı qeyd etdiyimə görə indi onu təkrarlamıram.
Üç gün öncə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlanddan növbəti daha vacib və düşündürücü açıqlama gəldiyi üçün bu mövzuya yenidən qayıtmaq zərurəti hiss etdim.
ABŞ diplomatı tam açıq dillə ölkəsinin problemə yanaşmasını ortaya qoyub. Hoqland Qarabağın çətin keçmişini nəzərə alaraq onun statusunun qarşılıqlı anlaşma əsasında həll olunmasının vacibliyindən danışıb. Onun sözlərinə görə “Dağlıq Qarabağ”ın daxili müstəqilliyi saxlanılmalıdır. “Dağlıq Qarabağ”ın ətrafında yerləşən 7 rayon isə işğaldan tam azad olunmalı və rəsmi Bakının icazəsi olmadan bu ərazilərdə məskunlaşma qadağan edilməlidir. Həmin rayonlarda Azərbaycanın suverenliyi bərpa olunmalıdır. Yeri gəlmişkən ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini mütəmadi səsləndirir. Digər tərəfdən “Dağlıq Qarabağ”ı Ermənistana birləşdirən dəhliz olmalıdır. Lakin, bu dəhliz bütün Laçın rayonunu əhatə etməməlidir. Münaqişənin uzunmüddətli həlli variantı bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönməsini nəzərə almalıdır. O bildirib ki, münaqişənin həlli dünya birliyinin təminatı altında həyata keçirilməlidir. Yəni, region təkcə Rusiyanın nəzarətində olan sülhməramlılardan ibarət olmamalıdır.
Göründüyü kimi Rusiyadan fərqli olaraq ABŞ işğal edilmiş bütün rayonların azad edilməsini xüsusi qeyd edib. Bu təkliflər faktiki olaraq Azərbaycanın maraqlarına daha çox uyğundur, nəinki Rusiyanın təklifləri. Rusiyanın təklifi faktiki olaraq Qarabağın uzun müddətdən sonra itirilməsinə xidmət edir. Maraqlıdır, Azərbaycanın rəsmi şəxsləri, qurumları və informasiya resursları bu fürsəti niyə lazımınca dəyərləndirmir? Xarici işlər naziri E.Məmmədyarovun çox səthi və ehtiyyatlı açıqlaması xaricində demək olar ki samballı mövqe nəzərə çarpmır. İşğal edilmiş 7 rayonun azad edilməsi təklifinə dərhal dəstəkləyici bəyanatlar səsləndirmək əvəzinə, müşahidə etdiyimiz bu susqunluğun səbəbi nədir? Amerikalı diplomatın ictimaiyyətə verdiyi açıq mesaj budur ki, biz Qarabağla bağlı Azərbaycan dövlətinin maraqlarını əsas götürürük. Bu yanaşma həm də Azərbaycan hökumətinin Rusiya və Ermənistan qarşısında əlini gücləndirən arqumentdir. ABŞ-ın indiki situasiyada belə bir açıq mövqe sərgiləməsi ölkəmiz üçün yaxşı fürsət deyilmi? Rəsmi təbliğatın bu istiqamətdə hərəkət etməməsini anlamaq çox çətindir.
Nəsimi Məmmədli
Oxunub: 762