Qənimət Zahid
Rusiyanın Xarici İşlər Nazirliyindən səslənən bu söyüşün yabanı, qeyri-siyasi səbəbləri olmalı deyilmi?
Rusiya Xarici İşlər Nazirliyi, məhz, iki yaşlı Zəhranın öldürüldüyü gün sərt bəyanat yayıb Azərbaycanı diskriminasiyada günahlandırdı. Azərbaycan hakimiyyəti Rusiyanın erməni millətindən olan vətəndaşlarını ölkəyə buraxmamaqla diskriminasiya siyasəti yürüdürmüş və vəhşilik edirmiş. («Eto diko!» sözü belə tərcümə edilir). Məhz, iki yaşlı Zəhranın öldürüldüyü gün! Bu, nə deməkdir? Ruslar bu açıqlamanı yaymaq üçün heç olmasa üçcə gün gözləyə bilməzdilərmi? Həm də iki yaşlı körpənin öldürülməsi yox, hansısa adamların azərbaycana buraxılmaması vəhişilik imiş…
İki yaşlı körpənin öldürülməsi ilə bağlı düşmən tərəfdən də heç bir peşimançılıq, üzüntü-filan hiss olunmadı. Onlar da açıqlama yayaraq bildirdilər ki, günah Azərbaycan hakimiyyətindədir, çünki atəş nöqtələrini yaşayış məskənlərində yerləşdirirlər.
Poetik istedadsızlıq nümunəsi olan mərsiyə qafiyələri
Azərbaycan tərəfi bu iki açıqlamanın heç birinə münasiubət bildirməyib. İlham Əliyev və onun birinci müavini xanım Mehriban Əliyeva körpənin öldürülməsi ilə bağlı sosial şəbəkələrdə qəmli postlar paylaşıblar. Prezidentin qızı isə «sən dənizdə çimə bilirdinmi, Zəhra» sualı ilə düşük poetik səviyyəli bir şeir yazıb. Vəssəlam! Rəsmi və yarımrəsmi Bakının başqa münasibəti yoxdur. Körpənin atasının da könlünü almaq üçün onu Kanalizasiya İdarəsində işə götürüblər, yəqin ki, ən azı bir ildən sonra ixtisara salıb işdən çıxaracaqlar.
Kriminal dünyaya qucaq açan xarici siyasət
Amma məqsədim Azərbaycan hökumətinin gecikmiş profilaktik, yaxud səviyyəsiz poetik tədbirləri barədə tənqidlər paylaşmaq deyil. Məqsədim budur ki, niyə ruslar məhz bu günlərdə Azərbaycan hakimiyyətini diskriminasiyada ittiham ediblər? Axı, Azərbaycan hakimiyyəti bir neçə ildir ki, turşumuş rus ziyalılarını ölkəyə gətirib onlara yüksək lütf və böyük rüşvət verməklə Rusiyanın ictimai rəyində Azərbaycanın mövqelərini gücləndirmək üçün dəridən-qabıqdan çıxır? Bizim ölkəmizin xarici siyasəti yumurtadan kəsilmiş toyuq mığıltısına bənzəyir. Bu günlərdə Azərbaycan vətəndaşlarının vizasız gedib-gələ biləcəkləri ölkələrin siyahısı təzələnib və həmin siyahı Azərbaycanın xarici siyasətinin hansı kökdə olduğunu əyani göstərir. Siyahıdakı ən azı 30 ölkə dünyada cinayətkarlığın səviyyəsinə görə ilk əlliliyə daxil olan ölkələrdir. Bu ölkələrə vizasız gediş-gəliş nəinki üstünlük deyil, əksinə oralara getmək üçün, gərək, əlavə qan pulu verilsin. Bu da ayrı söhbətin mövzusudur, ümumi kontekstdə sözgəlişi xatırlatdım.
Ermənistan Rusiya ilə münasibətlərindən məmnudurmu?
Bizim hamımız bilirik ki, Ermənistan Rusiyanın Güney Qafqazdakı hərbi forpostudur. Real vəziyyət də belədir, təbliğat da bu istiqaməti təsdiq etməklə məşğuldur. Rusiyanın forpostu olmaq Ermənistanın işinə yarayırmı? Bunu ermənilər özləri müəyyən etməlidirlər. Əvəzində də Ermənistan eynən Sovet hakimiyyəti dövründə olduğu kimi Rusiyadan dotasiyalar və dotasiyaları əvəz edəcək güzəştlər alır. Enerji təminatı, hərbi təchizat, iqtisadiyyatın bir çox başqa sahələrində böyük güzəştlərə sahibdir. Əlbəttə, bütün bunların hamısı siyasi istiqlalın güzəştə gedilməsinin bahası ola bilməz. Amma Azərbaycan Rusiyadan nə qədər asılı deyil?
Azərbaycandakı 5-ci kalonun əzəmətli lideri kimdir?
Bir çoxları deyirlər ki, Azərbaycanda Rusiyaya bağlı olan 5-ci kalon var və onun da lideri Ramiz Mehdiyevdir. Bu fikir hardan yaranıb? «Balans siyasəti» zamanından. İlham Əliyevin öyündüyü həmin «balans siyasəti» erasında Qərbə göndərilən emissarlar oralarda təlqin edirdilər ki, Azərbaycan hökumətinin daxilində ruspərəstlər və Qərbpərəstlər var, bu faktor mütləq nəzərə alınmalıdır. Bu, saxta siyasət idi. Balans siyasətinin özü qədər saxta və əsassız tezis idi. Ramiz Mehdiyev və başqaları İlham Əliyevin iradəsindən kənarda deyildilər. Azərbaycanda «5-ci kalon» deyə biləcəyiniz siyasi zümrə elə hakimiyyətdədir və onların da şəriksiz lideri İlham Əliyevin özüdür. Ramiz M. və bütün digərləri haqqında yayılan bu sözlər yalan idi, xarici siyasətdə uydurma ehtimalları gerçək kimi qələmə vermək istəyilə bağlıydı. Necə ki, İlham Əliyev və ya Orta Asiya diktatorları uzun müddət ərzində Qərbi «İslam fundamentalizmi» təhlükəsi ilə qorxudublar. Bu yaxınlarda bütün dünya üzrə aparılan bir sorğunun nəticələrində Azərbaycanın tutduğu yer də bu rəsmi «xoxan»ı darmadağın etdi. Belə ki, Azərbaycanda rəyi soruşulanların yalnız 34 faizi özünü dindar hesab etdiyini bildirib. (Bu sorğu dünyanın 65 ölkəsində aparılmışdı). Bunun yaxşı, ya pis olmasını mühakimə etmək niyyətim yoxdur, fakt budur ki, Azərbaycanda radikal siyasi İslam təhlükəsi yoxdur.
Eləcə də, rəsmi Bakının bətnində «ruspərəstlər» və «qərbpərəstlər» deyilən şey yoxdur. Azərbaycan hakimiyyəti tamamilə və bütünlüklə elə ruspərəstlərdən ibarətdir. Hətta yerli icra başçıları da elə hesab edirlər ki, dünyanın ən böyük gücü Rusiyadır, Azərbaycanın da əbədi taleyi Rusiyaya bağlıdır. Üzüyuxarı getdikcə bu Ruspərəstliyin səviyyəsi daha təhlükəli hal alır. Daha yuxarı çevrələrdə Azərbaycanın müstəqilliyini anlaşılmazlıq, təsadüf sayan dövlət rəsmilərinin fikirləri daha aşkar və daha qorxulu şəkildə üzə çıxır. Bunların hamısının lideri isə İlham Əliyevdir.
İlham Əliyev öz hökumət ordasında bircə nəfər də olsun Qərbpərəst saxlamaz. O, Rusiyanın kadrıdır. Şəxsi bioqrafiyasından biznesinə, siyasi taleyinə və perspektivlərinə qədər Rusiya kadrıdır. Vladimir Putin də onunla elə öz kadrı kimi davranır. Azərbaycan prezidenti Rusiyanın kadrıdırsa, Rusiyanın prezidenti də ona müstəqil ölkənin prezidenti kimi yox, özünün Qafqaz canişinlərindən biri kimi baxır. Məsələn, elə Ramazan Abdullatipov kimi… Bakı buxtasına kapitanı azərbaycanlı olan hərbi gəmi ilə rəsmi səfərə gələndə də Putin bunu bütün dünyaya nümayiş etdirmək istəyirdi. İlham Əliyevə isə nümayiş etdirməyə ehtiyac yox idi, çünki Azərbaycan prezidenti Rusiyadan nə qədər asılı olduğunu hər kəsdən yaxşı bilir.
Azərbaycanın «çıxış» yollarını kim qapayıb?
Bir haşiyə çıxım. Bu günlərdə ictimai sektorun dəyərli nümayəndələrindən birinin siyasi şərhinə rast gəldim. Bu, ötənilki aprel döyüşlərinin niyə qəflətən və anlaşılmaz şəkildə (yumşaq desək) dayandırılamsı ilə bağlı şərh idi və açığı niyə məhz, bugünlərdə yazıldığını da başa düşmədim. Amma orada iddia edilən fikir budur ki, Azərbaycan Rusiya boyda güc faktorunu nəzərə almasa məhv olar, aprel döyüşlərini dayandırmağı tələb edən Rusiyanın iradəsinə tabe olmaqdan başqa çıxış yolu yox idi. Əlbəttə, doğrudur, amma yarımçıq doğrudur. Axı, Azərbaycanın mümkün ola biləcək bütün çıxış yollarını qapayandan sonra «başqa variantımız yoxdur» demək, yumşaq ifadəylə rəzil siyasət, öz adı ilə çağırsaq, dövləti cinayətdir. (Bu barədə, yəniq ki, «Azərbaycan Saatı»nda daha ətraflı bəhs etmək istəyəcəm).
Ac qılınca çapar
İndi Rusiyada maliyyə böhranı erasıdır. Yaxın zamanlarda da başa çatacağı görükmür. Böhran ildən-ilə dərinləşir, Rusiyanın valyutası it gününə düşür. Həmin ölkənin imperialist təfəkkürlü «ziyalı elitasının» nümayəndələrinin Bakıya axışması da Rusiyadakı maliyyə böhranının bir görsənişidir. Onlar Bakıya gəlib İlham Əliyevdən pul qoparıb gedirlər. Hətta Vladimir Putinin Bakıya hərbi gəmi ilə səfərinin də yalnız hərbi-strateji güc nümayişi, «buralar mənə aiddir» kimi siyasi jest olmadığını, konkret olaraq pul alaraq getdiyini iddia edənlər var. Od olmayan yerdən tüstü çıxar da, çıxmaz da. Tüstü çıxırsa, deməli ya od var, ya da olacaq. Lap bu yaxınlarda Bakıya gələn Aleksandr Proxanovun (məşhur «şərab söhbəti») digər bir açıqlaması da «şərabın tündlüyü» üzündən diqqətdən kənarda qaldı. Proxanov dedi ki, Azərbaycanda onun rəhbərlik etdiyi İzbor klubunun filialının qurulması üçün İlham Əiliyevdən razılıq alıb. İlham Əiliyev buna razılıq verməyə bilərdimi, mübahisə etmək istəmirəm, ya da başqa vaxt mübahisə edərik. Amma fakt budur ki, filialın açılması ilə bu İzbor klubunun maliyyələşdirilməsi də İlham Əliyevin boynuna qoyulur.
Amma sadəcə bu olsa, nə vardı ki?
Rusiya maliyyə böhranı erasının ağuşundadır. Bu ay, yəni iyulun 7-dən avqustun 4-ə qədər olan müddət üçün rublun məzənnəsini birtəhər saxlamaq məqsədilə Rusiyada çox düşük həcmdə valyuta alınıb – 74 milyon rubl, yəni 1.2 milyon dollar. Rusiya boyda nəhəng dövlətin maliyyə tarazlığını, həm də onsuz da müvazinətini itirmiş valyutasının tarazlığını bununla qorumaq mümkün deyil. Heç, rublun «poxmel»inə də çatacaq məbləğ deyil. Deyəsən, bundan əvvəlki ayda ruslar bu məqsəd üçün 600 dəfə çox məbləğ ayırmışdılar.
«Zilli Sultan, bura say…»
Rusiyada maliyyə böhranın dərinləşməsi ilə Azərbaycana qarşı aqressivliyin artması arasında hansısa əlaqə ola bilərmi? Deyəsən, ola bilər. Kasıblaşan monstr Ermənistanın üstünə niyə acıqlansın ki? Onsuz da Ermənistandan qoparılacaq heç nə yoxdur. O, Rusiyadan da kasıb ölkədir. Amma Azərbaycandan nələrisə yenə qoparmaq olar. İlham Əliyevi hələ də ödəmə qabiliyyəti olan adam hesab edirlər. Məsələn, Mehriban Əliyevın birinci vitse-prezident vəzifəsinə təyin edilməsinə görə Putinin xeyir-duası alınınbmı? (Növbəti il isə prezident seçkiləri ilidir). Ola bilər ki, bu xeyir-dua nisyə alınıb, amma onu mütləq ödəmək lazımdır. Yoxsa, Proxanovla heç bir siyasi müzakirə aparmayan, yalnız Tolstoyun tərki-dünya fəlsəfəsini müzakirə edən xanım birdən-birə söhbətin ortasında niyə «şərab masaları» haqqında danışsın ki? Axı, elə həmin Proxanov israrla bildirir ki o, birinci vitse-prezidentlə heç bir siyasi məəsləni müzakirə etməyib… Azərbaycan-Ermənistan münaqişəsi siyasi əhəmiyyətini bu qədərmi itirib?
Bəli, mənə elə gəlir ki, Rusiyaya pul gərəkdir və çoxlu pul gərəkdir, məhz buna görə də vassallarını daha çox sıxışdırmağa başlayıb. Bu hökm bir çoxlarına bəsit və qərəzli görükə bilər. Amma sual olunur: Azərbaycan və Rusiya münasibətlərində xərac faktorunun olmadığını iddia edən neçə nəfər tapıla bilər?
Hətta yüzlərlə iddiaçı ola bilər ki, İlham Əliyev Vladimir Putinə heç bir xərac vermir. O zaman Zaxarovanın «Azərbaycan hakimiyyəti vəhşilik edir» şəklindəki açıqlaması Xarici İşlər Nazirliyinin sözçüsünün özbaşına tapıb işlətdiyi leksik ifadədirmi?
* «cüzdan» pul qabı deməkdir.
Oxunub: 1426